banner
banner

Sosİal

Yemək ehsanı əvəzinə daha savab olanı - su çəkdirmək...

Yemək ehsanı əvəzinə daha savab olanı -

Bugünlərdə Sumqayıt sakini Qalib Namazovun dünyasını dəyişən atası üçün qeyri-adi ehsan verməsi müzakirə mövzusu oldu. Belə ki, Q.Namazov atası Hidayət Namazov üçün 40 mərasimi keçirməkdən imtina edib. O bildirib:

“40 mərasimi üçün yer icarəsi, qadın və kişi mollası, israfçı ehsan süfrəsini nəzərə alaraq, bunlardan imtina etdim. Əvəzində Kambocada ata-anamın adı ilə artezian quyusu qazdırdım”.

Qalib Namazov bildirib ki, quyunun üzərində tabloda valideyinlərinin adlarını yazdırıb.

Sumqayıt sakininin bu davranışı ictimaiyyətdə bir çoxları üçün qeyri-adi görünsə də, bəziləri qeyd etdi ki, əslində “ehsan vermək” ifadəsinin mahiyyətinə varmaq lazımdır. Dini ekspertlər də qeyd edir ki, ehsan mərhumun ruhu naminə görülən bütün xeyir əməlləri ehtiva edir. Yəni ehsan yemək süfrəsi kimi nəzərdə tutulmamalıdır. Ehsan süfrəsi əvəzinə mərhumun yaxınları süfrəyə xərclənəcək vəsaiti imkansız, kasıb insanların ailəsinə, valideyin himayəsindən məhrum uşaqlara verərlərsə, imkansız tələbələrin təhsil haqqında kömək edərlərsə, xəstə və imkansız şəxslərin müalicəsinə yardım edərləsə və yaxud yol çəkilməsi, bulaq tikilməsi kimi xeyriyyə işlərinə sərf edərlərsə, mərhum üçün daha çox savab olar, nəinki israfçılıq edərək yemək ehsanı vermək. Məlum məsələdir ki, ölkəmizdə hələ də təmtəraqlı yas mərasimləri keçirilir. İndi bir çox insanlar yas mərasimlərini əvvəlki kimi çadırlarda deyil, restoranlarda təşkil edirlər. Məclislər isə toy mərasimlərindən heç də fərqlənmir, süfrəyə şirniyyatdan, meyvədən tutmuş, müxtəlif cür yeməklər düzülür. Hətta bir müddət bundan əvvəl yas mərasimlərində israf qida məhsullarına qadağan qoyulsa da, heç bir nəticəsi olmadı. Bu gün yenə yas mərasimlərində təmtərağın şahidi oluruq. Maraqlıdır ki, bir çox müsəlman ölkələrində yas mərasimləri heç də təmtəraqlı keçirilmir. Yalnız 3 gün müddətində başsağlığı üçün təşrif buyuran qonaqlara adi su, xurma verilir və yaxud da mərhumun qonşuları tərəfindən yemək bişirilir. Mərhumun yaxınları üçün vəsait toplanır, onun əşyaları, geyimləri kasıb, imkansız insanlara paylanılır. Bununla da ölən şəxs üçün savab qazanılır.

Məsələn, qardaş Türkiyədə dünyasını dəyişən şəxs üçün ilk öncə cənazə namazı qılınır, mərhum dəfn olunur, dəfndən sonra 3 gün ərzində mərhumun yaxınlarına başsağlığı vermək üçün ailələrinə baş çəkilir. Türkiyədə yas mərasimi üçün xüsusi olaraq ehsan süfrəsi açılması ənənəsi yoxdur.

İranda isə yas mərasimləri məsciddə keçirilir. Məclislər yemək-içməksiz təşkil olunur.

Livanda, Suriyada, İraqda keçirilən yas mərasimlərində mərhumun dəfnindən sonra mərhuma yaxın olan şəxslər onun ailəsinə yağ, düyü və s. ərzaqlar göndərir, hətta yeməkləri mərhumun evində hazırlamaq üçün müəyyən şəxslər təyin edirlər. Mərhumun yaxınları əziyyət çəkməsin deyə hazır yemək göndərənlər də olur. Suriyada yas mərasiminə gələn qonaqlara yalnız və yalnız qəhvə təklif olunur. Livanda və İraqda isə məclisə gələn qonaqlara çay, su və halva paylanılır.

Bəs ehsan nədir və necə verilməlidir?

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu mövzuya bu cür şərh bildirdi:

“Vəfat edən müsəlmanı son mənzilə yola salmaq üçün dörd əməli yerinə yetirmək vacibdir: qüsl, kəfən, cənazə namazı və dəfn. Ölü sahibinin mərhumun ruhuna ehsan vermək haqqı var. Ancaq ehsan kasıblara verilməli və israfçılıq həddini aşmamalıdır. İndi xalq arasında yemək məclisi kimi qəbul olunan ehsan sözü ”həsənə", yəni xeyirxahlıq mənasını verir. Ehsan konkret əməl deyil. Məsələn, isti havada susamış bir insana bir qab su vermək də ehsandır, bir nəfəri (və ya çoxlu insanı) yedirmək, eləcə də bir imkansıza pul vermək, məktəb açmaq, məscid tikmək və ya tikintiyə yardım etmək və digər yaxşı əməl hesab olunan bütün işlər ehsanatdır".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.