Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ilə görüşüb.
Trend Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, görüşdə Z.Həsənov N.Caniklini Türkiyənin milli müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək onun ilk rəsmi səfərinin məhz ölkəmizə etməsinin ikitərəfli əməkdaşlığımıza verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd edib.
Nazir bildirib ki, ölkələrimiz arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparılır, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan strateji tərəfdaşlığımız daim inkişaf edir.
Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanla Azərbaycan arasında münaqişənin regional sabitliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb.
Son illər Azərbaycanda və Türkiyədə hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edən Z.Həsənov gələcəkdə bu cür təlimlərin sayının artırılmasının vacibliyini xüsusi vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən məmnunluq hissi ilə danışan türkiyəli nazir dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu bildirib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.