“Qəbələ”nin braziliyalı futbolçusu Rikardinyo Premyer Liqamızın 26-cı turunda “İnter”ə qalib gəldikləri oyundan (2:1) sonra Qol.Az-ın suallarını cavablandırıb
- Qələbəni necə şərh edə bilərsən?
- Deyə bilərəm ki, çox yaxşı oyun oldu. Komanda şəklində yaxşı mübarizə apardıq və rəqibin qol vurmasına imkan yaratmadıq. Matçın sonunda isə qol vurub layiqli qələbə qazandıq.
- Gəldiyin müddətdən ilk dəfədir əsas heyətdə oynamağına baxmayaraq matçın ən yaxşılarından idin.
- Bu göşüşdə səhvsiz oynadığımı düşünmürəm. Çünki hər bir futbolçunun səhvi olur. Ən azından ona görə belə düşünürəm ki, “İnter”in vurduğu qol zamanı biraz irəli çıxsaydm, oyundan kənar vəziyyət ola bilərdi və rəqibin qolu hesaba alınmazdı. Məncə, bu, mənim matçda ən böyük səhvim idi.
- “Qəbələ”nin cari mövsüm ən son transferisən. Komandaya uyğunlaşa bilmisənmi?
- Komanamızın heyətində yaxşı futbolçular var. Hesab etmirəm ki, ən önəmli futbolçulardanam. “Qəbələ”nin hər bir futbolçusu uğur qazanmaq üçün mübarizə aparır. Bu futboldur, hər zaman istədiyin alınmır. Uyğunlaşmağa gəldikdə isə, ilk oyun idi ki,meydanda sona kimi mübarizə apardım. Düşünürəm ki, pis alınmadı. Bəzən oyunda Cavid Hüseyinovu başa düşə bilmirəm. Hərdən elə olur ki, ona topu düzgün ötürə bilmirəm. Bunun üzərində biraz işləmək lazımdır.
- Azərbaycana gələn bəzi legionerlər bizim çempionatdakı uzun müddətli fasilədən təəccüblənirlər. Sən nə düşünürsən?
- Düzü, mən birinci dəfədir belə şey görürəm. Adətən çox yerdə mövsümün sonunda çempionatda uzun müddətli fasilə olur. Amma belə fasilənin olması bir tərəfdən yaxşıdır ki, komandamız istirahət edə bilir və ailəmizi görə bilirik.
- Bu qədər optimis olmağın bugünkü qələbədən irəli gəlir?
- Mən hər zaman həyata yaxşı tərəfdən baxıram. Bu gün belə pozitiv olmağımın səbəbi kimi isə həm qazandığımız qələbəni, həm də xasiyyətimi deyərdim.


