Nəzakət Məmmədova: “Qərb Türkiyənin torpaq bütünlüyünə qəsd edir”
ABŞ-Türkiyə münasibətlərindəki gərginlik aradan qalxmır. Narazılığın kökündə isə Senatın qondarma “erməni soyqırımı” qətnaməsini qəbul etməsi və bunun ardından ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin qardaş ölkəyə sanksiya tətbiqinə dair qanun layihəsini qəbul etməsi dayanır. Hər iki tərəfdən bir-birinə yönəlik sərt açıqlamalar da gəlməkdədir.
Son olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sanksiyalar tətbiq olunarsa, İncirlikdəki, Kürəkçidəki hərbi bazaları bağlayacaqlarını bəyan etmələri əlaqələri daha da kəskinləşdirib.
ABŞ-ın müdafiə naziri Mark Esper Ərdoğanın ABŞ-ın Türkiyədəki İncirlik hərbi bazası ilə NATO-nun Kürəcik hərbi bazasının bağlana biləcəyi barədə fikirlərinə münasibət bildirib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Lüksemburqdan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran M.Esper deyib ki, o, Türkiyə prezidentinin fikirləri ilə mətbuatdan tanış olub.
“Mən bu barədə mətbuatdan xəbər tutmuşam. Bunun üçün türkiyəli həmkarımla danışmalıyam ki, onların bu açıqlama ilə nə demək istədiklərini və nə qədər ciddi olduqlarını öyrənim”, - deyə ABŞ-ın müdafiə naziri vurğulayıb.
Son olaraq, Ərdoğan bir daha qəbul edilən “qondarma soyqırımı”ndan danışıb: “ABŞ Senatının 1915-ci ildə Osmanlı İmperiyasında baş verən olayları ”soyqırım" kimi tanımasına cavab olaraq, biz də Amerika müstəmləkəsi dövründə hinduların soyqırımını tanıya bilərik. Həmin hadisələrlə əlaqədar bir milyondan çox sənəd açdıq. Gəlsinlər, oxusunlar. Biz əllərimizdəki sənədlər əsasında danışırıq. Parlamentimizin eyni qərarları ilə sizə cavab verə bilərik. Bunu da edəcəyik. Amerika haqqında danışarkən hindular haqqında susmaq mümkündürmü? Bu, ABŞ üçün utancverici bir səhifədir".
Ərdoğan sanksiyalar və təzyiqlərin davam edəcəyi təqdirdə İncirlik hərbi bazasının bağlana biləcəyini də istisna etməyib.
Pentaqon Türkiyə prezidentinin təhdidini cavabsız qoymayıb. Vaşinqtondan bildirilib ki, ABŞ Türkiyənin hərbi bazalarını, o cümlədən İncirlik aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edir: “Biz Türkiyədəki qüvvələrimizin statusunu NATO üzrə müttəfiqimizlə əməkdaşlığımıza və onu qorumağa bağlılığımızın simvolu kimi görürük. Türkiyəni daha konstruktiv siyasət yürütməyə və bu münasibətləri qorumağa çağırırıq”.

Siyasi şərhçi Nəzakət Məmmədova öncə qarşıdurmaya yol açan səbəbləri sadaladı: “ABŞ və Türkiyə arasında ziddiyyətlərin əsas səbəblərindən biri ABŞ-ın Böyük Orta Şərq layihəsinə Türkiyənin maneçilik törətməsidir. ABŞ-ın Türkiyədə hakimiyyətə gətirilməsi üçün Ərdoğana qarşı müxalif qruplara dəstək verməsi, Çinin meqalayihələrində Türkiyənin iştirakı, Rusiya ilə əməkdaşlıq və s. qarşılıqlı münasibətləri gərginləşdirib. Bu məsələlər həllini taparsa, müttəfiqlik münasibətlərinin yenidən əvvəlki kimi bərpa olunmasından tutmuş ABŞ-ın planına uyğun gələcək Böyük Orta Şərq planının qurulmasınadək bir çox sahələri əhatə edər. Təbii ki, ABŞ Yaxın Şərqi yenidən öz istədiyi kimi yenidən qurmaq istəyir. Bu məsələdə ABŞ-ın yaxınlaşma şansı olan tək ölkə Türkiyə ola bilərdi, ABŞ bu məsələdə nə İranla, nə də Rusiya ilə yaxınlaşa bilməz. Buna görə də ABŞ-ın Türkiyə ilə yaxınlaşıb Suriyada bir çox məsələləri öz xeyrinə dəyişməsi daha real görünür. ABŞ-ın Türkiyəyə sanksiya tətbiqi, saxta ”erməni soyqırımı"nın Senatda qəbulu və digər təzyiqlər bu məsələyə görədir. ABŞ Türkiyəyə bu cür vasitələrlə təzyiq göstərməklə Yaxın Şərq və Aralıq hövzəsi regionunda, eləcə də NATO daxilində Türkiyəni istədiyi məcrada idarə etmək istəyir. ABŞ Türkiyə-Rusiya yaxınlaşmasından ona görə narahatdır ki, onilliklər ərzində Qərbin müttəfiqi olan Türkiyə öz xarici siyasət kursunda radikal dəyişiklik edərək Amerikanın rəqibi Rusiya ilə yaxınlaşıb. Bununla da ABŞ-ın daxil olduğu Atlantizm düşərgəsinin qorxulu röyası olan Avrasiyaçılıq kimi böyük geosiyasi planın həyata keçirilməsi baş verə bilər. Bu, Atlantizmə qarşı ən ciddi rəqib ola bilər və ABŞ-ın dünya hegemonluğu iddialarına mane olan plan ola bilər.
Rusiya və Türkiyənin yaxınlaşması onilliklər əvvəl bir sıra geopolitiklərin irəli sürdüyü konsepsiyalarda əksini tapıb. Hazırda həm Rusiyada, həm də Türkiyədə atlantistlərlə birgə onlara qarşı çıxan avrasiyaçılar da var ki, onlar bu ittifaqı çox zəruri hesab edirlər. Geopolitikada “meşə və çöl” ittifaqını irəli sürən həmin konsepsiya Türkiyə-Rusiya birliyi zərurətinə əsaslanır. Bunun da bariz nümunəsi bugünkü Rusiya və Türkiyə birliyidir. Doğrudur, atlantistlər bu ittifaqa mane olmaq üçün əllərindən gələni etdilər: Türkiyə ordusundakı atlantistlər Rusiyanın təyyarəsini vurmaqla, səfiri öldürməklə və s. vasitələrlə bu ittifaqa mane olmağa çalışdılar. Eyni zamanda 2016-cı ilin iyul ayında çevriliş yolu ilə Türkiyədə hakimiyyəti dəyişməklə onu yenidən avrasiyaçılıqdan uzaqlaşdırıb atlantizmin orbitinə qaytarmağa çalışdılar. Lakin istəklərinə nail ola bilmədilər və nəticədə Türkiyə və Rusiya atlantizm yolunda irəliləyir. Suriyadakı hadisələr, ABŞ-ın yeni dünya nizamı planlarında Türkiyənin ərazi bütövlüyü məsələsinin şübhə altında olması Ankara-Moskva yaxınlığını zərurətə çevirir".
Politoloq S-400-lərdən də danışdı: “Rusiya ilə Türkiyə arasında S-400 və digər məsələlər aysberqin görünən tərəfidir. Onun dərin qatlarında nəhəng geostrateji planlar dayanır ki, Türkiyə kimi mühüm geosiyasi mövqeyi olan ölkənin seçimi Avrasiya, yoxsa Atlantizmin dünyadakı rolu baxımından böyük əhəmiyyətə malikdir. Doğrudur, tarixən Rusiya və Osmanlı imperiyaları daima savaşmış, geosiyasi maraqları uğrunda amansız rəqiblərə çevriliblər. Lakin bu gün Türkiyə və Rusiya öz milli maraqlarının ABŞ və digər Qərb ölkələri tərəfindən nəzərə alınmadığını görərək birləşmək məcburiyyətində qalmışlar. ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Avropa tərəfindən Rusiyaya və Türkiyəyə qarşı təhdidlər davam etdikcə bu ittifaq davam edəcəkdir.
Türkiyə ABŞ təzyiqlərinə boyun əyməkdənsə, özünə yeni yol seçib və alternativ müttəfiqlik münasibətləri qurub. Türkiyənin Rusiya ilə birgə böyük layihələri var. Onlar bir sıra məsələlərdə ortaq hərəkət edirlər. Bütün bunları nəzərə aldıqda, qəti əminliklə demək olar ki, yaxın gələcəkdə Türkiyə ABŞ-ın de-yure, Rusiyanın de-fakto müttəfiqi rolunda yoluna davam edəcəkdir".


