Çində baş qaldıran koronavirus bu ölkənin iqtisadiyyatına çox böyük zərər vurmaqdadır. Artıq nəhəng iqtisadiyyatın çökəcəyinə dair fikirlər meydana çıxır.
Kiçik və orta biznes müflisləşmək təhlükəsi ilə üzləşib
Virus faktiki olaraq Çin iqtisadiyyatının əsası olan 30 milyona yaxın kiçik və orta sahibkarlıq subyektlərini ağır “yaralayır”. Çin ÜDM-nin 60 faizdən yuxarısının istehsal olunduğu bu sektor ölkə üzrə toplanan vergilərin yarıdan çoxunu təmin edir. Bu müəssisələrdə Çinin məşğul əhalisinin 80 faizdən yuxarısı çalışır. Müqayisə üçün qeyd edək ki, kiçik və orta biznes ABŞ-da ÜDM-in 53 faizini, Rusiyada isə cəmi 22 faizini təşkil edir.
İqtisadiyyatın əsas sütunu olan bir sektorun virus böhranından daha çox zərər görməsi bütövlükdə Çin iqtisadiyyatı üçün fatal nəticələrə səbəb ola bilər. Hazırda bir çox iri müəssisələr virusun yayılmaması üçün tələb olunan tədbirləri həyata keçirməklə fəaliyyətlərini qismən bərpa etsələr də, buna maliyyə baxımından imkanı çatmayan kiçik və orta müəssisələrdə iş hələ də başlamayıb. Böyük bir qismi ticarət sahəsində fəaliyyət göstərən müəssisələrin işləmədən işçilərə maaş, icrarə haqqı ödəməsi vəziyyəti daha da qəlizləşdirir. Bəzi hesablamalara görə, Çinin ticarət və ictimai qidalanma sahələrindəki müəssisələrin böyük əksəriyyəti aprelə qədər tam fəaliyyətini bərpa etməsələr onların müflisləşməsi qaçılmaz olacaq. Fevralın 17-dək bu müəssisələrin yarıdan azı fəaliyyətini bərpa edə bilib. Bu sahələrdəki durğunluq öz növbəsində ərzaq və xalq tələbatı malları istehsal edən müəssisələrə də mənfi təsirini göstərməkdədir. Onlar istehsal etdikləri məhsulları saxlamaq üçün yeni anbarlar tikməyə məcbur qalıblar.
Bu problemi yumşaltmaq, bankların kreditləşmə imkanlarını genişləndirmək üçün fevralın ilk həftəsində Çin Xalq Bankı pul bazarına milyardlarla dollar buraxıb. Mərkəzi Bank həmçinin əsas şirkətlərə ucuz borc verilməsi üçün 300 milyard yuanlıq xüsusi fond yaradıb. Ardınca Maliyyə Nazirliyi bu kreditləri daha da ucuzlaşdırmaq üçün dövlət subsidiyalaşması haqqında qərar qəbul edib. Pekin, Şanxay və digər böyük şəhərlərin bələdiyyələri də kiçik müəssisələrə yönəlik güzəşt proqramlarının icrasına başlayıblar. Lakin bu proqramlar kiçik və orta biznesin xərclərinin cüzi bir hissəsini qarşılamağa imkan verir və onların böhrana qarşı immunitetini uzun müddət saxlamaq üçün yetərli deyil.
Əlibaba, JD.com kimi nəhəng firmalar işsiz qalan insanları işlə təmin etmək üçün minlərlə əlavə işçi götürmək planları elan etsələr də, hələ ki, real işə keçənlər yoxdur.
Bu günlərdə Sinxua və Pekin universitetlərini keçirdikləri sorğuda iştirak edən kiçik və orta biznes nümayəndələrnin 85 faizi bildirib ki, epidemiya martın sonunadək davam etsə müflis olacaqlar. Bu müddət 6 aya çəksə, kiçik və orta müəssisələrin 90 faizi iflas edəcək ki, bu da faktiki olaraq bütövlükdə Çin iqtisadiyyatının iflası deməkdir.
İldə 2,4 trilyonluq ixrac dayansa..
JPMorgan bankının iqtisadçıları bu ilin birinci rübündə Çində iqtisadi artımın nəzərdə tutulan 6,3 faiz əvəzinə cəmi 1 faiz olacağını proqnozlaşdırırlar. Digər analitik mərkəzlər rüb üzrə artımın 2 faiz civarında olacağını gözləyirlər. İstehsalın əvvəlki səviyyəyə qayıtması üçün aylarla vaxtın tələb olunacağı proqnozlaşdırılır. Əgər Çin vəziyyəti yaxın aylar ərzində nəzarət altına ala bilməsə, dünya ticarəti kəskin böhranla üzləşəcək.

Çinin dünya iqtisadiyyatı üçün əhəmiyyəti çox böyükdür. Belə ki, hazırda bu ölkə dünyanın ən böyük ixracatçısıdır - ildə 2 trilyon 383 milyard dollarla. Bu göstərici ilə Çin əsas rəqibləri olan ABŞ, Almaniya, Yaponiya və Cənubi Koreyanı qabaqlayır. Dünya sənaye məhsulu istehsalının 25 faizini verən bu ölkə dünyanın hər bir nöqtəsinə ehtiyat hissələr satmaqdadır. Bu ölkədə böhran dərinləşərsə, dünya iqtisadiyyatının bütün sahələrində problemlər yarana bilər. Hələlik ilk zərbə xammal bazarınadır. Çin bu gün dünya üzrə satılan neftin 15 faizinin idxalçısıdır. Bu ölkədəki neft emalı zavodlarında xam neft emalı azalaraq 6 illik minimumu yeniləyib. Belə ki, Çində gündəlik xam neft emalı bu həftə illik müqayisədə 23,1 faiz azalaraq 30 milyon bareldən, təxminən 10 milyon barelə enib.
Ölkə fors-major halı elan edərək maye və sıxılmış qaz alışını azaldır. Bu isə qaz bazarında 30 faiz ucuzlaşmaya səbəb olmaqla, maye və sıxılmış qaz ixracatçıları olan ölkələri çətin vəziyyətdə qoyur. Bundan əlavə, bir sıra metalların da əsas idxalçısı olan Çindəki böhran həmin metalların ixrtacatçılarına problem yaradır. Nəhayət, qlobal turizm axınının 20 faizi bu ölkənin sakinlərindən ibarətdir və hazırda heç bir ölkə onları qəbul etmək istəmir...
Koronavirus böhranı Çinin on milyardlarla dollar sərf etdiyi nəhəng layihəsini - “Bir kəmər, Bir yol”u da təhlükəyə məruz qoyur.

Çin bu il 1 trilyon itirib
“Tayxe” analitik mərkəzinin əməkdaşı Çjan Tszyajuyun “RİA Novosti”yə dediyinə görə, koronovirus Çinin bir sıra iri şirkətlərini iflasa sürükləyə bilər. Ekspert bildirir ki, 2020-ci ilin birinci rübü başa çatmayıb, amma Çin iqtisadiyyatı artıq 1 trilyon yuan - 143,1 milyard dollar itirib. Bu, ölkə ÜDM-nin 1 faizi deməkdir. Ən böyük zərər ictimai qidalanma, turizm və pərakəndə ticarət sektorlarındadır. Məsələn, 2019-cu ilin yeni il bayramında 500 milyard dollara qədər gəlir əldə etdmişdi. Bu il isə demək olar ki, heç bir gəlir əldə olunmayıb.
Emal sənayesi müəssisələri də böyük itkilərlə üzləşiblər: “İşin bərpa olunması yubanır, amma obyektin icarəsi ödənir, əməkhaqları verilir. Bu isə pul vəsaitlərinin müəssisələrarası hərəkətini kəskin məhdudlaşdırır. Emal sənayesində ictimai qidalanma və turizmdən fərqli olaraq, pul axını xeyli azdır. Buna görə də likvidlik böhranı müflisliyə də gətirib çıxara bilər”.
Çin hökuməti xəstəliyin yayılmaması üçün bir sıra sərt addımlar atıb: Hubey əyalətində12 milyonliq Uhan və digər bir sıra böyük-kiçik şəhərlər bağlanıb, yeni il tətillərinin müddəti uzadılıb, kütləvi tədbirlərin hamısı təxirə salınıb, ölkə daxilində hərəkət intensivliyini azaltmaq üçün biletlərin (həm təyyarə, həm qatar) pulsuz geri qaytarılması təmin olunub və sair: “Bu addımlar virusun yayılmasının qarşısını almaq üçün mühümdür, amma onlar həm də Çinin mikro və makroiqtisadi vəziyyətinə ciddi mənfi təsir göstərir”.
Ekspertin fikrincə, hər şey Çin iqtisadiyyatının immunitetinin nə qədər güclü olmasından asılıdır. 2003-cü ildə Ümumdünya Ticarət Təşkilatına qəbul olunmuş Çinin iqtisadiyyatına xarici investisiyanın güclü axını vardı, bu da yüksək iqtisadi artımı təmin etməyə imkan verirdi. Nəticədə atipik pnevmoniya(SARS) epidemiyasının zərəri tezliklə aradan qaldırıldı: “Lakin hazırda Çində iqtisadi artım struktur transformasiyası və ardıcıl yavaşıma mərhələsindədir. 2019-cu ilin yekununa görə, iqtisadi artım son 30 ildə ən aşağı səviyyədə - 6,1 faiz olub. İnvestisiyaların ümumi effektivliyində ciddi dəyişiklik yoxdur, struktur problemləri isə kəskin olaraq qalır. Lakin düşünürəm ki, qısamüddətli problemlərdən sonra Çin iqtisadiyyatının immuniteti daha da möhkəmlənəcək ki, bu da uzunmüddətli dövrdə fundamental planda sağlam inkişafın təmin olunmasına imkan verəcək”.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, virus Çin iqtisadiyyatına ciddi təsir göstərəcək: “Təsəvvür edin ki, dünya iqtisadiyyatı üçün bir nömrəli təhlükə hesab edilən ABŞ-Çin ticarət savaşı da tamamən arxa plana keçib. Çin hökuməti hazırda bütün diqqətini virus epidemiyasının qarşısının alınmasına yönəldib. Bu baxımdan, virus Çinin iqtisadiyyatına bir neçə istiqamətdə mənfi təsirini göstərməkdədir. Əvvəla, Çindən ixrac məhdudlaşıb - ölkələr yüngül sənaye, ərzaq, ehtiyat hissələrinin idxalını azaldıblar. Eyni zamanda investisiyalar Çin iqtisadiyyatını tərk etməyə başlayıb. Bu isə iqtisadiyyatın dirçəlməsi üçün zəruri olan maliyyə vəsaitlərinin qıtlığını yaradır. Başqa bir istiqamət turist axınının demək olar ki, tamamilə dayanmasıdır. Bütün bunlar ölkə iqtisadiyyatına böyük zərər vurmaqdadır”.
Ekspert bildirir ki, Çin iqtisadiyyatında yaranan problemlər birmənalı olaraq qlobal səviyyədə təsirlərini göstərir: “Çünki Çin dünyanın ikinci nəhəng iqtisadiyyatına malikdir. Bu ölkə nominal ümumi daxili məhsulun həcminə görə dünyada ikinci, real ümumi daxili məhsulun həcminə görə isə birincidir. Bu səbəbdən də Çin iqtisadiyyatındakı geriləmə dünyada iqtisadi artımın yavaşımasına gətirib çıxarır. Ötən il Çin-ABŞ ticarət savaşı dünya iqtisadiyyatında artımın 0,5 faiz bəndi azalmasına səbəb olmuşdu. Buna görə də Çin iqtisadiyyatında azalma sürətlənərsə, bu, qlobal iqtisadi artıma mənfi təsir göstərəcək. Düzdür, qlobal artım müsbət istiqamətli olacaq: ABŞ-da iqtisadi artım tempi saxlanacaq, inkişaf etməkdə olan ölkələrdə, Avrozonada pozitiv artım gözlənilir. Lakin Çindəki problemlər dünya üzrə qlobal artım səviyyəsini aşağı salacaq”.
Qeyd edək ki, koronavirusun yayılmasını bir çox mərkəzlər Çinin iqtisadi gücünü azaltmağa yönəlmiş məqsədyönlü fəaliyyət kimi qiymətləndirirlər. Bir sıra analitiklər bunun Çində iqtisadi artımı kəskin şəkildə aşağı salacağını proqnozlaşdırırlar. Eyni zamanda Çin hökumətinin son illərdə real iqtisadi artım səviyyəsindəki azalmanı gizlətmək üçün rəqəmləri şişirtdiyi, virusla bağlı böhranın real vəziyyəti üzə çıxaracağını iddia edirlər. V.Bayramov Çində iqtisadi artımla bağlı açıqlanan rəqəmlərin şişirdilməsi ehtimalını real saymır: “Ticarət savaşı Çində iqtisadi artım sürətini zəiflətdi, nəticədə Hindistan onu qabaqladı. Bu virus böhranı 2020-ci ildə artımın daha çox zəifləyəcəyi deməkdir. Bu isə dünyada xammala olan tələbatı azaldır və xüsusilə də neft-qaz bazarında qiymətləri aşağı salır. Bu baxımdan, Azərbaycan kimi resurs ölkələri üçün müəyyən təhlükələr yaranır. Lakin qiymətlərin indiki səviyyəsi bizi qane edən həddədir. Bu baxımdan, xammal bazarındakı qiymət enişi hələlik yalnız bizim əldə etdiyimiz valyutanın həcmini azaldır”.


