Xəbər verildiyi kimi, Almaniyada koronavirusdan yoluxanların sayı artıq 22-yə çatıb.
Almaniya rəsmiləri epidemiyanın yayılma miqyasının artıq qorxulu vüsət aldığını bəyan edərək fövqaladə tədbirlər rejiminə keçdiklərini bildiriblər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, AFR Səhiyyə naziri Yens Şpan ölkənin tibbi qurumlarının “COVİD-19” vurusunun qarşısının alınmasından ötrü federal səviyyədə səfərbər olunduğunu açıqlayıb.
Son sutkalarda Şimali Reyn-Vestfaliya əyalətində iki, Baden-Vürtemberq əyalətində 4, Reynland-Pfalts əyalətində isə bir yoluxma halı qeydə alınıb.
Şimali-Reyn-Vestfaliya federal əyalətinin Haynsberq şəhərində bir ailənin virus daşıyıcı olması aşkarlandıqdan sonra yerli hakimiyyət infeksiyanın yayılmaması üçün hərəkətə keçib. Əyalətin səhiyyə naziri Karl-Yozef Laumanın sözlərinə görə, həmin cütlüyün təmas etdiyi hər kəs karantinə alınacaq.
Ailənin xanımı həm də bağça tərbiyəçisi işləyir. Buna görə də həmin uşaq bağçası da bağlanıb və valideynlərə övladları ilə birlikdə evdə qalmaq əmr olunub. Bundan başqa ailənin ilk dəfə müraciət etdiyi universitet klinikasının bir sıra əməkdaşları və iki özəl tibb müəssisəsinin personalı, habelə həmin klinikaların xəstələri də karantin rejiminə salınıb.
Alman evlilərin məzuniyyətlərini keçirdikləri Hollandiyada, onların qaldıqları otelə hadisə barədə məlumat verilib. Dünəndən Haynsberq şəhərindəki bütün məktəb və uşaq bağçaları gələn həftəyə qədər bağlanılıb. Hazırda xəstə cütlüyün Düsseldorf şəhər klinikasına müalicə aldığı bildirilir.
Baden-Vürtemberqdə yoluxan iki xəstə Heppingen şəhərinin 25 yaşlı sakini və onun 24 yaşlı rəfiqəsidir. Onların İtaliyada, Milanda infeksiyaya tutulduqları güman olunur. 3-cü xəstə həmin qızın atasıdır və Tübingen şəhərində universitet klinikasının patalogiya şöbəsinin müdiri vəzifəsində çalışır.
Burada da klinikanın bütün personalından analizlər götürlüüb, onların artıq xəstələrə baxması yasaqlanıb. 4-cü infeksiya daşıyıcısı isə bu yaxınlarda İtaliyada səfərdə olan Rotvayl şəhərinin 32 yaşlı sakinidir.
Reynland-Pfalts əyalətində isə virus bir hərbi qulluqçuda aşkar olunub. Onun Almaniya ordusunun Koblents şəhərindəki Mərkəzi hospitalına yerləşdirildiyi qeyd olunur.
Qeyd etmək lazımdır ki, əvvəl Almaniyada koronavirus yalnız Bavariya əyalətində müşahidə edilirdi. İlk yoluxan isə Bavariyanın “Webasto” firmasının əmkdaşı olub.


