banner
banner

Sosİal

Xoşbəxt olmağın sirri

Xoşbəxt olmağın sirri
Yazar: Türkan Turan

Günü sabah yataqdan qalx, aynanın önünə keçib özünə gülümsə, daha sonra təbəssümlə işə yollan. İçəri daxil olanda gülərək hər kəsə, “Sabahınız xeyir” de. Hər kəs sənə heyrət edərək baxacaq. Bu gün sənə nə olub deyə sual edəcəklər. Gülüşünün səbəbini soruşacaqlar. Halbuki, gülmək üçün xüsusi bir səbəbə ehtiyac olmadığını anlamayacaqlar.
Dayanmadan özümüzü bədbinliyə kökləyirik. Sanki bədbəxt olmaq üçün dayanmadan bir səbəb axtarırıq. Özümüzü durmadan pis əhval ruhiyyəyə kökləyirik.
Heç fikir vermisiniz insanlar ən çox “xoşbəxt ol” sözünü ailə quranda, qız seçəndə, oğlan bəyənəndə deyir?! Hesab edirlər ki, xoşbəxtlik sadəcə insan ailə quranda, oğul, qız sahibi olanda mümkündür.

Axı insan ərə gedəndə niyə xoşbəxt olsun ki? Əgər 30 yaşımda ailə quracamsa bu o deməkdir ki, 30 il xoşbəxt olmamışam yalnız ailə qurduqdan sonra bu mümkündür?
Xoşbəxt olmaq üçün nə milyonçu olmağa, nə ərə getməyə, nə vəzifə sahibi olmağa gərək yoxdur. Xoşbəxtliyi gözəl mənzərədə də tapmaq mümkündür. Xoşbəxt olmaq üçün öncə xoşbəxtlik anlayışını müəyyən etmək lazımdır.

Mənim üçün xoşbəxtlik anlayışı konkret deyil. Əgər üzümü güldürən, məni rahat nəfəs aldıran nəsə varsa önümdə, bu xoşbəxt olmağıma yetir.
Səbəb nə olur olsun, yalnız gülən insan xoşbəxt ola bilər. Bütün gözəlliklərin kökündə təbəssüm dayanır, elə xoşbəxtliyində.. Saf bir təbəssüm insanın ən böyük xəzinəsidir.
Bir gün ciddi üz ifadəsi ilə bir mağazaya və ya restorana daxil olun, orda sizə qarşı olan reaksiyaya fikir verin. Personalın sizə münasibətində məcburiyyət hiss edəcəksiniz. Ertəsi gün eyni yerə gülən üz ifadəsi ilə daxil olun, hər kəs sizinlə danışmağa can atacaq. Təbəssüm etdiyiniz insanlara maraqlı gələcəksiniz.

Təbəssüm insan bədəninə ən surətli qarışan dərmandır. İnsanlar adətən özlərinə xeyir gəlməyəcəyi heç işlə məşğul olmurlar. Nəzərə alsaq ki, gülüş həm də dərmandır, bunu mütəmadi istifadə etməyə dəyər. Gülmək, təbəssüm etmək bəzən qarşıdakı insanı xoşbəxt etməyə yetir. Təbəssüm etmək və xoşbəxt olmaq üçün əlamətdar günə gərək yoxdur.
Orxan Vəlinin şeirindəki kimi necə ki, hava su bədavadır, eləcə də gülmək, xoşbəxt olmaq bədavadır.

Gülmək də bir iş sayılır. Gülmək iqtisadiyyatdır, siyasətdir, sevgidir, mehribanlıqdır, doğmalıqdır, ən gözəl insani jestdir. İnsan ürəkdən, saf gülüşlə gülə bilmirsə, qiymətli xəzinəsini itirib demək. Gülmək saflıq, sadaqətdir.

Kiçik bir uşağa diqqət edin, o qədər gözəl gülür ki, insan həqiqi gülməyin fərqinə varır. Ağlamaq doğuşdandır, amma gülmək insanın ilk öyrəndiyi hərəkətdir. Məsələn ana uşağının ilk gülümsəməsini gördükdə xoşbəxt olur. Çünki o sevinir ki, uşağı şüursuz deyil. Gülümsəmək sağlamlıq, ağıl, göstəricidir.

İnsan hər cür vəziyyətdə gülə bilirsə, demək ki, hər şeyin öhdəsindən gəlmə gücünə sahibdir.

İnsan güldüyü zaman işıq saçır. Gözyaşları qurumuş olan milyonlarla insan var, gözlərinin işıltısını, gözlərindəki dərinliyi itiriblər. Çünki ağlaya bilmirlər. Bu da gülüşlə bir başa bağlıdır. İnsan gülmək problemi yaşayırsa, göz yaşı da inkişaf etmir. Ancaq gözəl gülən insan gözəl ağlaya bilər. Gözəl gülən və ağlayan insan demək ki, yaşayır. Çünki ölü insan nə gülə, nə də ağalaya bilmir. Gülən insan xoşbəxtdir. Xoşbəxt insanın da bərəkət qapısı açıqdır.

Ən gözəl gülüş uşaqlara məxsusdur. Uşaqlıqdakı gülüşü heç bir gülüş əvəz etmir. Böyüdükcə insan gülməyi unudur, ciddi olması lazım olduğuna inanır. Gülmək artıq hasara alınır. Gülən insanlar artıq cəmiyyət tərəfindən qeyri-ciddi qarşılanır. Əslində gülmək insana məxsus ən böyük bacarıqdır. İstədiyin zaman at qəhqəhəni. Mizahsız bir cəmiyyət xəstə cəmiyyət olmağa məhkumdur.

Kimdənsə özünüzə qarşı xoşagəlməz hal görəndə lakin ona məxsus şəkildə cavab vermək istəmədiyiniz anda sadəcə gülümsəyin və sonrakı gedişata, qarşınızdakı insanın hansı hallara düşəcəyinə baxın, bu qarşı tərəf üçün ən ağır təhqir olacaq.

İnsanın gülüşünü almaq ondan həyatını almaq kimidir. Gülmək enerji gətirir. Varoluşun hər zərrəsi canlanır gülməklə, bütün hüceyrələr rəqs edir.

Hər insanın həyatında ona kədər gətirən, gülüşünə mane olan insanlar var. Sizi qəmə, kədərə düçar edən insanları həyatınızdan çıxarın.
Gülüşünüzdən narahat və mane olan adamlardan qaça bildiyiniz qədər qaçın. O insanlar sizin həyatınızın qatili olacaq. Əlinizdən sadəcə gülüşünüzü almayacaq. Gülüşünüzə qənim kəsilən insan bir gün sizi əsəb xəstəsi edəcək, hər seydən bezdirəcək. Heç bir şeydən zövq almayacaqsınız. Həyatı sadəcə ağ və qara rəngdə görəcəksiniz. Təkliyə çəkilib özünüzə qapanacaqsınız. Çevrənizdən, cəmiyyətdən, sevdiklərinizdən qopacaqsınız. Günlərin bir günü ən sevdiyiniz məşğuliyyətlərinizdən imtina edəcəksiniz.

Amma həyatınızda üzünüzü güldürən insan varsa onun qədrini bilin. Sizi güldürən insanlar sərvətinizdir. Sevin onları. Sevməkdən qorxmayın. Təbəssüm sevgi ilə qarışsa xoşbəxtliyin ən gözəl qatında olacaqsınız.

Gülümsəyin, qaranlığınız aydınlansın, ömrünüzə günəş doğsun. Gülüş üçün qeyri-adi hadisənin baş verməyini gözləməyin.. Gülüşünüzü heç nəyə dəyişməyin. Gülün ki, ardından bütün gözəlliklər həyatınıza axsın.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Oktyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri aparılacaq. Həmçinin Abşeron RETSİ-nin xidməti ərazisində 35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir işləri həyata keçiriləcək.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir.