Yozef Blatterin qızı Korin atasının istefası barədə açıqlama verib.
Korin Blatter BBC-yə bildirib ki, atasının FİFA prezidentliyindən istefası heçdə təşkilatda baş verən korrupsiya qalmaqalı ilə bağlı deyil.

“İndi mən istəyirəm ki, mənim atam və dünya futbolu barədə danışılanlardan sonra hamı sakitləşsin. Lakin birinci növbədə mən istəyirəm ki, dünya onun son 40 il ərzində futbol üçün etdiklərini, bu sahəyə verdiyi böyük töhfələrini etiraf etsin. Onun istefaya getmə qərarının hazırda müzakirə olunan qalmaqallara heç bir aidiyyatı yoxdu”.

Qeyd edək ki, Yozef Blatter 1998-ci ildə FİFA-nın 8-ci başçısı təyin olunduqdan sonra bu il 29-mayda 5-ci dəfə yenidən bu vəzifəyə seçilib. Lakin bundan bir neçə gün sonra 2 iyun tarixində o vəzifədən getməsi barədə açıqlama verib və icra komitəsindən xahiş edib ki, təşkilata xələfinin seçilməsi üçün növbədənkənar qurultay keçirilsin. FİFA başçısının seçilməsi, tarixində ilk dəfə olaraq böyük korrupsiya qalmaqalı ətrafında keçirilir.