“Yorma məni.
Get və yoxluğunla bu qəfəsdən çıxart məni!” Hər kaprizli aşiq kimi, mən də sinəmə döyürdüm. Öz aləmimdə guya səni unudacaqdım. Guya sən olmasan həyatım rəngarəng olacaqdı. Məsələn: artıq istədiyimi yerə gedəcəkdim, istədiyim çevrəyə qatılacaqdım, sənsiz etməli olduğum nə varsa hamısını edəcəkdim. Yox, sözdə qalmadı! Müxtəlif çevrələrə qatıldım, “party”lər, əyləncələr, qonaqlıqlar. Öz aləmimdə sosiallaşmağa qərar vermişdim. Sevgili, insanı vəfasız dost edir axı. Dostlarımla əlaqələrimi bərpa etdim. Hər gün bir dostla çay, qəhvə içdim. Nəticə bilirsən nə oldu? Oxu!
Yazar dostumla görüşdük!
Ədəbiyyatdan, son çıxan kitablardan, şairlərdən, şeirlərdən danışdıq. Bu günlərdə İstanbuldakı kitab sərgisindən, maraqlı təəssüratla qayıdıb. Dayanmadan danışır. Qəhvəm acı, söhbət uzun, düşüncə dərin.. Ani olaraq ona, “mənə bilmədiyim bir şeydən danış” dedim. Məsələ burasındadır ki, danışdığı ədəbiyyat sən idin. Mənim ədəbiyyatım! Hekayəm, romanım, şeirim..
Üstünü yazıb atdığım kağız parçasını, bir neçə gün sonra sənin masanda tapmaqla başladı, o roman.. Bütün obrazlarım, süjet xəttim, nöqtəm, vergülüm hamısı səndən ibarətdir. Ədəbiyyatımı səninlə kəşf etmişəm, özüm də fərqində olmadan. Oxuduğum hər cümlədə səni axtarıb, nöqtəni səninlə qoyuram. Romanım, povestim, oçerkim, essemsən. Hekayəmsən, hekayəm. Maraqla başladığım, tərəddüdlə davam etdiyim, sonunu bilmədiyim...
Musiqimsən. Artıq musiqilər bir başqa cür dinləyirəm. Rəngini, fərqini, ölçüsünü dəyişib mahnılar. Səninlə musiqimin ən gözəl notlarını yaşayıram.. Hər gün bir notunu yazdığım, maraqlı sözlər qoşduğum, dinlədiyim zaman ruhum pərvəzlanan, musiqim. Klassikam, retrom, cazım.
Bütün insanları sıfıra endirənim. Bütün hadisələrə gözəllik saçıb onu mükəmməlləşdirənim. Nə Suriya hadisələri, nə İŞİD, nə vertolyot vurulması, nə müharibə başlamağı ehtimalı, nə qətliamlar heç biri vecimə deyil. Ağlımı səninlə pozmuşam. Səni düşünməyimə mane olan hər şeyi silib, təmizləyirəm.
Bir politoloq dostumla çoxdandır görüşmürdük. Yoxluğunda onunla da görüşüb xeyli söhbətləşdik. Çəkişmələrdən, müxalifətin çökməsindən, bu günlərdə baş tutmuş mitinqdən, oliqarxların son zamanlar bir-biri ilə şəxsi ədavətlərindən danışırdı. Bu söhbətləri hər zaman dinləyirdim. amma indi maraqsızdır. Çünki siyasətim də sənsən, siyasi söhbətlərim də. Üzərində baş sındırdığım, gecə gündüz müqayisələr, mübahisələr, analizlər edib, şərhlər verdiyim.. Min bir fikrə düşdüyüm, içindən çıxmağa çalışdığım, lakin içərisindəcə batıb qaldığım siyasətimsən. Günlərdir müharibə elan etdiyim, lakin indi məğlub ordu kimi geri çəkildiyim müharibəm. Siyasi təşkilatım da sənsən, partiayam da, mitinqim də, aksiyam da, sammitimdə, hamısı sənsən! Nə zaman ruhuma, beynimə bu qədər hakim kəsilmisən? Hər yerim sən olub! Dövlətimsən, içərisi gərginliklə, çəkişmələrlə aşıb daşan dövlətim. Ama bir fərq var ki, bütün xalqın etdiyini, sən ürəyimdə tək bacarırsan.
Möcüzəsən, sehrindən çıxa bilmirəm. Elə bir hissən ki, düşüncələrimi, beynimi, ruhumu, fikrimi, arzumu, duyğumu zəbt etmisən. Səndən öncə məkanlarını, sevdiklərini, çevrəni, seçimlərini sevdim. Xatırlayıram, səni tapdığım vaxt yağış yağırdı şəhərə. İndi az qalıram yağış yağanda suyunu içim, sevgimdən, sevindiyimdən.
İncəsənətimsən.
Ən gözəl rəsm əsərlərim, sərgim, sərgimin şah əsərisən. Sərt və yumşaq kətana çəkilən özündə minlərlə rəng birləşdirən boyamsan. Bədii obrazım, kompozisiyam, koloritim, ritm kimi təsvirim ifadə vasitəmsən.
Səni təsvir edirəm, hər anımda. Həyatımın müxtəlif hissələrində səninlə bağlı rəsmlər çəkirəm. Səndə başlayıb səndə bitirəm. Səndə doğulub, səndə ölürəm. Rəsmlərim sənin kimi rəngarəng, mənim kimi qarışıq, sənin kimi çılğın, dəli doludur.
Dəyərimsən. Uğruna möhtəşəm xətalar edə biləcəyim, dəyərim. Sən insanlara olan, mərhəmətimsən. Ürəyiaçıqlığım, məsuliyyətimsən. Çirkaba batmış həyatımda məsumiyyətimin simvolusan. Üzümdəki kədərə qarşı sevincimsən.
Dəyərin bütün sevgiləri heç edir. Varlığın bütün maraqları mənasızlaşdırır.
Dəyərimin özü, ən yaxşımın, nə yaxşı ki varısan!
Düşünürəm, gəlməsən nə olardı? Dadım qaçardı. Rənglərim qarışardı, ritmim pozulardı. Standartların bir parçası olardım.
Siqaretinin qoxusu ətrim, içkin şip-şirin şərbətimə çevrilib. Səninlə məkanlar seçimi heç olub. Səninlə saatım, 24-saatlıq sistemdən çıxıb. Birlikdə, dəqiqələrin hər saniyəsi çiçək açmaqla məşğuldur. Mübahisələrin ardından, “gəl” deyə bilirəmsə və bir neçə dəqiqə sonra səni yanımda görürəmsə, bax bu sənsən. Sevmədiyim yeməyi iştahla və ləzzətlə yeyirəmsə bax bu sənsən. Şəhərin bir ucundan digər ucuna piyada getməkdir sənin fərqin. Dəyərimsən, məntiqimsən, dünyaya baxan gözəlliyimsən, insanların icindəki pislikləri görməzdən gəldiyimsən...
Varlığın sunami kimi daxil olub həyatıma. Səndən öncə olan hər şeyi vurub dağıdıb, yuyub aparıb. Səninlə günəş başqa cür doğur.
Bu aralar havalar soyuqdur, sədəcə şəhərimdə yox, elə sənsiz qalmış ürəyimdə də..
Artıq sinəmə döymürəm. Get dediyim kimi,” Gəl” deyirəm. Bu dəfə sadəcə gəl..
Yoxluğun çəkilmir. Sənə aid olmayan hər yer və hər şey maraqsızdır, cansıxıcıdır. Qayıt!
Səni sevdiyim zaman bu şəhərə yağış yağır.
Şəhərimə geri dön... Dön yağış bizə birlikdə yağsın.
Dön aşayişimi bərqərar et…


