1 noyabrdan sonrakı Türkiyə: AKP iqtidar olmasa...
Elxan Şahinoğlu: “4 partiya parlamentə düşsə və koalisiyaya gedilməsə, üçüncü dəfə təkrar seçkiyə gedilməsi mümkün deyil, bu, xalqı dolamaq mənasına gələrdi”
Türkiyədə gərgin vəziyyətə baxmayaraq, çox aktiv seçki kampaniyası keçirilir. Hər gün baş verən terror aktları, hətta Ankarada 100-dən yuxarı vətəndaşın həlak olması ilə nəticələnən dəhşətli terror hadisəsi də Türkiyədə seçki prosesinin dinamikliyini azalda bilmədi. Ölkə 7 iyunda keçirilən seçkilərdən öncə olduğu kimi parlament seçkilərinə köklənib. 1 noyabr parlament seçkilərinin nəticələrinin necə olacağı, seçkilərdən sonra Türkiyəni nələrin gözlədiyi sual olaraq qalır.
Bu mövzuda danışdığımız “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, bütün terror hadisələrinə, axan qanlara rəğmən seçki kampaniyasının həmişəki şəkildə getməsi Türkiyənin böyüklüyünü göstərir. Türkiyə özünə qapansaydı, İŞİD-lə, PKK ilə mübarizəni əlində əsas tutaraq seçkiləri təxirə salsaydı, Türkiyənin zəifliyi, acizliyi təsəvvürləri yaranardı. Türkiyə isə belə bir təsəvvürlər yaranmaması üçün seçkini keçirməkdə qətiyyətlidir: “Hətta mümkündür ki, seçki günü də müəyyən təxribatlar həyata keçirilsin.
Əgər Türkiyə hökuməti, ordusu, polisi əvvəllər PKK ilə mübarizə aparırdısa, indi İŞİD də peyda olub və Türkiyə iki cəbhədə savaşmağa məcburdur. Belə vəziyyətdə terror hadisələrini tamamilə önləmək çətin olacaq. Çünki böyük ehtimalla İŞİD və PKK seçkini pozmağa çalışacaq. Amma nə olur-olsun seçki keçiriləcək. Seçkinin nəticələrinin necə olacağı və 2 noyabrda Türkiyəni nələrin gözlədiyinə gəlincə, mənim proqnozum belədir ki, 7 iyun seçkisinin nəticələrinin təkrarlanması mümkündür. Əgər Ankarada dəhşətli terror aktı baş verməsəydi, bəlkə də AKP-nin şansları yüksək idi və təkbaşına hökumət qurmağa yetəcək səs qazanacaqdı. Amma həmin terror aksiyası AKP-nin zərərinə, HDP-nin isə xeyrinə işlədi. O mənada xeyrinə işlədi ki, həmin mitinqə toplaşıb savaşın dayandırılmasını tələb edənlər əsasən HDP-çilər, solçular və onların tərəfdarları idi. O partlayış isə HDP-nin mağdur obrazını yaratdı. Türkiyə cəmiyyəti isə mağdurlara dəstək verməyi xoşlayır. Ona görə də mümkündür ki, HDP 1 noyabr seçkilərində yenə də 13 faiz səs toplasın. AKP çox çalışırdı ki, bu partiya 100 faizlik barajı keçə bilməsin. Çünki bu halda AKP təkbaşına hökumət qura biləcək qədər səs qazanacaqdı”.
Ekspertin sözlərinə görə, 1 noyabr seçkilərində AKP yenə birinci yeri tutacaq, lakin böyük ehtimalla yenə də təkbaşına hökumət qura bilməyəcək. İkinci yeri CHP, üçüncü yeri MHP, dördüncü yeri isə HDP qazanacaq. Belə olan halda baş nazir Əhməd Davudoğlu yenə də məcbur qalıb koalisiya danışıqlarına başlayacaq: “Bu, ya MHP olacaq, ya da CHP. Əslində AKP-MHP koalisiyası realdır. Çünki ikisi də sağ mərkəzçi, AKP-də də milliyyətçi qanad var, ideologiyalar yaxın. Bu baxımdan daha AKP-MHP ittifaqı daha uyğun olardı. Amma MHP liderinin şəxsi xarakterindən irəli gələrək bu koalisiya 7 iyun seçimlərindən sonra alınmadı. 1 noyabr seçimlərindən sonra da yəqin ki, MHP lideri Dövlət Baxçalı ”yox" deyəcək. Belə halda isə AKP-CHP koalisiyası ortaya çıxa bilər. Amma bu koalisiyanın ömrünün necə olacağı, necə fəaliyyət göstərəcəyi də çox çətin suallar yardır. AKP sağ, CHP sol partiyadır, bu 13 ildə bir-birilərinə qarşı demədikləri söz qalmadı. İndi bunların koalisiya qurub eyni hədəfə getməsi elə də asan deyil. Hədəflər də fərqlənir. Məsələn, AKP Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edir. CHP isə bəyan edir ki, Suriya işinə Türkiyə qarışmamalıdır. Bax, bu cür ciddi məsələlərdə fikir ayrılıqları var. Odur ki, 1 noyabrda hər şeyin həll olunacağını söyləmək çətindir. 1 noyabrdan sonra Türkiyə üçün çətin olacaq".
E.Şahinoğlu vurğuladı ki, seçkinin nəticələri 7 iyundakı kimi olsa, hökumətin formalaşması yenə də aylar çəkəcək. 4 partiya parlamentə düşsə və koalisiyaya gedilməsə üçüncü dəfə təkrar seçkiyə gedilməsi mümkün deyil: “Bu, xalqı dolamaq mənasına gələrdi. Belə halda xalq, seçici koalisiyaya getməyən və nəticədə dövlətin maraqlarını təhlükə altına salan partiyalardan və liderlərdən üz çevirə bilər. Bu zaman ən ağır durumla MHP və CHP üzləşə bilər. Çünki AKP yenə də bu partiyalara koalisiya təklif edəcək. Təklif qəbul olunmadığı halda AKP xalqa ”Mən koalisiyaya razıyam, bu partiyalar razılaşmır və ölkəni yenə də hökumətsizliyə sürükləyirlər" deyəcək. Həqiqətən də Türkiyədə 7 iyundan sonra koalisiya qurulsaydı və ölkə təkrar seçkiyə gedəsi olmasaydı, Türkiyə bu qədər gərginliyin içinə girməzdi. 1 noyabr seçkilərindən sonra da hökumət qurulmasa, bu, Türkiyənin durumunu daha da ağırlaşdıracaq. CHP və MHP məsuliyyətdən qaçmamalıdırlar. Dövlətin maraqları diktə edir ki, qəbuledilməz şərtlər irəli sürməsinlər. Elə şərtlər irəli sürməlidirlər ki, bu şərtlər koalisiya hökuməti qurulmasının qarşısını almasın. Bu dəfə də Dövlət Baxçalı AKP-yə “yox” desə, MHP-dən qopmalar ola bilər. Çünki MHP-nin üzərində bir dövlət, millət məsuliyyəti də var. MHP dövlətin maraqları naminə məsuliyyətini yerinə yetirməlidir".
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.