banner
banner

Dünya

Türkiyədə kritik parlament seçkiləri baş tutdu

Türkiyədə kritik parlament seçkiləri baş tutdu
Dünən Türkiyədə erkən parlament seçkiləri keçirilib. Budəfəki seçkilər ölkədaxili və ətrafında formalaşan yetərincə mürəkkəb bir duruma, dövlətçiliyə və topluma qarşı terror təhdidlərinin görünməmiş miqyasda artdığı dönəmə təsadüf eləməsi ilə xüsusi diqqət mərkəzində idi.
O üzdən Türkiyə dövləti və cəmiyyəti dünən ciddi demokratiya (seçki) sınağından çıxmalı idi. Bu, ən əvvəl ölkənin təhlükəsizliyi baxımından mühüm önəm daşıyırdı.
Odur ki, 1 noyabr seçimləri bütün mənalarda kritik və taleyüklü sayılırdı. Elə ona görə də parlament seçkilərinin təhlükəsizliyini rekord sayda - 385 min polis və digər asayiş keşikçisi təmin edib. 
 
*****
Səsvermə Türkiyə vaxtilə səhər saat 8:00- da (Bakı vaxtilə 9:00), şərq bölgələrində isə saat 7:00-da başlayıb. Seçki məntəqələrinə erkən saatlarda gələn seçki məntəqəsi rəhbərləri, məmurlar və müşahidəçilər seçkidən əvvəl and içiblər: “Heç bir təsir altında qalmadan, heç kimdən qorxmadan, seçki nəticələrinin tam və doğru olaraq müəyyən olunması üçün vəzifəmi qanuna uyğun olaraq yerinə yetirəcəyimə namusum, vicdanım üstünə and içirəm”. Andiçmə mərasimindən sonra zərflər sayılıb, qutular nömrələnərək seçkiyə hazır vəziyyətə gətirilib.
 
Səsvermədə ölkənin 54 milyonluq seçici elektoratının öz mövqeyini ifadə eləməsi gözlənilirdi. Ali Seçki Şurasının elan etdiyi rəqəmlərə görə, seçkidə ölkə xaricində isə 3 milyon nəfər seçici səs verəcək. Bu il iyunun 7-də keçirilmiş parlament seçkisi ilə müqayisədə ölkə daxilindəki seçicilərin sayı 310, xaricdəki seçici sayı isə 28 min nəfər artıb. Oktyabrın 10-da  Türkiyənin xaricdəki diplomatik missiyalarında başlayan səsvermə ayın 25-də başa çatıb. Ali Seçki Şurası ölkənin Şərq və Cənubi-Şərq bölgələrindəki bəzi vilayətlərdə səsvermənin saat 16:00-da başa çatmasını qərarlaşdırıb. Ümumilikdə səsvermə saat 18:00- da (Bakı vaxtilə 19:00-da) yekunlaşıb.  
*****
Koalision hökumətin qurulmaslna gətirməyən 7 iyun parlament seçkilərindən 5 ay sonra reallaşan erkən seçkilər bir əsas suala cavab verməli idi: Türkiyə toplumu yenidən hansısa siyasi qüvvəyə təkbaşına hökumət qurmaq şansı verəcəkmi? 
 
Söhbət ilk növbədə hakim partiyaya - AKP-yə etimaddan gedir. Dünənki seçkilər onun həm təkbaşına hökumət formalaşdırmaq, həm də prezidentli üsul-idarəyə keçməkdən ötrü zəruri olan konstitusiya dəyişiklikləri üçün yetərli mandata sahiblənmək baxımından sonuncu şans qismində qiymətləndirilirdi. Bundan ötrü AKP Türkiyə Böyük Millət Məclisində ən azı 276 (50+1), konstitusiya islahatlarını keçirmək üçünsə daha artıq deputat yeri qazanmalı idi. 
 
Ölkədə səsvermə gününədək aparılan ən son rəy sorğuları AKP-yə yüz faizli qələbə müjdələsə də, təkbaşına hökumət qurulması və konstitusiya islahatları üçün onun xalqdan mandat ala biləcəyinin asan olmayacağından da xəbər verirdi - hərçənd bir çox sosioloqlara görə, Ankarada ötən ay törədilən dəhşətli terror aktı məhz hakim partiyanın reytinqinə işləyə bilər.  
*****
Bu xüsusda seçki öncəsi prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlama situasiyanın həssaslığını yaxşı ifadə edir. Ərdoğan ümid elədiyini bildirib ki, 1 noyabr seçkiləri dövlət üçün dönüş məqamı - birpartiyalı idarəçiliyə qayıdış nöqtəsi olacaq. Bu barədə o, bazar günü seçkilərindən gözləntilərini dilə gətirərkən bildirib. “Türkiyənin daha vaxtı yoxdur. Bazar günü - ölkəmiz üçün dönüş günüdür. Əgər xalq bir partiyaya şans versə, stabillik davam edəcək”, - deyə vurğulayıb Ərdoğan.
 
Bu, əslində elektorata bir ismarış, eyni zamanda xəfif bir xəbərdarlıq idi ki, öncəki - 7 iyun nəticələri təkrarlansa, ölkədə gerçəkdən də daxili-xarici düşmənlərin çoxdan arzuladığı xaos baş qaldıra bilər.  “2 noyabr səhəri hər kəs, şübhəsiz ki, seçkilərin nəticələrinə hörmətlə yanaşacaq. Bundan sonra isə ümid edirəm ki, Türkiyə son 5 ay ərzində bizim keçirdiyimiz xoşagəlməzlikləri yaşamayacaq” - əlavə edib Türkiyə prezidenti. 
 
Bununla belə, Ərdoğan nəticələr təkbaşına hökumət qurmağa imkan verməzsə, millətin iradəsinə sayğı duyaraq koalision hökumət qurulmasına yaşıl işıq yandıracağını da söyləyib. 
 
*****
Dünən prezident Ərdoğan İstanbulda səs verib. O, verdiyi açıqlamada təxminən 54 milyon vətəndaşın 7 İyunda sabitlik yaranmadığından yenidən seçki keçirmək istədikləri üçün bu gün parlament seçkilərinin keçirildiyini vurğulayıb. Prezident stabillik üçün milli iradənin qərarına hörmət edəcəyini bir daha dilə gətirib. Ərdoğan həmçinin nəticələri İstanbulda izləyəcəyini qeyd edib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu isə doğma rayonu Konyada səs verib. Musavat.com-un məlumatına görə, Davudoğlu nəticədən asılı olmayaraq “balkon çıxışı” edəcəyini bildirib. Baş nazir bütün vətəndaşları səs verməyə çağırıb. 
 
*****
Dünənki səsvermə prosesi xırda-para insidentlərsiz də ötüşməyib. Belə ki, Türkiyənin Kocaeli şəhərində səsvermə zamanı çaxnaşma yaşanıb. Burada 80 yaşlı qadının səs verməsi üçün kömək edən qohumlarına AKP-çi müşahidəçi müdaxilə edib. Tərəflər arasında gərginlik yaşandığı zaman partiyanın müşahidəçisi yaşlı qadının bülletenini cırıb. Müşahidəçinin bu hərəkətindən sonra qarşıdurma AKP-çilər  və HDP-çilərin davasına çevrilib. Tərəflər polis tərəfindən sakitləşdirilməyə çalışılsa da, onlara məhəl qoyan olmayıb. Nəticədə polislər gözyaşardıcı qazdan istifadə edərək tərəfləri ayırmağa nail olub.

Kırkkale əyalətində isə Xalqların Demokratik Partiyasının (HDP) yerli şöbəsinin sədri Feyaz Şahin və yerli Kırkkale Universitetinin Tələbə Mədəniyyət Dərnəyi İdarə Heyətinin üzvü Adnan Kurt tutulub. Onlar seçki qanunvericiliyini pozmaqda və məsul şəxslərə müqavimət göstərməkdə ittiham olunurlar. Məlumatda bildirilib ki, Feyaz Şahin və Adnan Kurt seçki məntəqəsinə gələrək müşahidəçi kartlarını göstərməkdən imtina edib və komissya üzvlərinə müqavimət göstəriblər. F.Şahin məmurları hədələyib. 
İğdır vilayətində səsvermə başa çatdıqdan sonra AKP-nin namizədi, əslən azərbaycanlı olan Nurəddin Aras hücuma məruz qalıb. Naməlum şəxslər Qarakuyu kəndində namizədin maşınına hücum ediblər. Sabiq bələdiyyə sədri xəsarət alıb, hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Hücumun kim tərəfindən edildiyi araşdırılır. Nurəddin Arasın hücuma məruz qalması İğdırda gərginliyə səbəb olub, hücum görüntülərini və xəsarət alan namizədin fotolarını paylaşan iğdırlılar günahkarların dərhal tapılaraq cəzalandırılmasını tələb ediblər. 
Bütövlükdə ölkədə dünən əvvəlkindən fərqli olaraq daha sakit seçki ab-havası hökm sürüb. 
 
*****
Qəzet çapa hazırlanarkən səsvermənin ilkin nəticələri belə idi: 
 
AKP -49.36 % 
CHP - 25.41 %, 
MHP -11.98 %, 
HDP - 10,47%
 
Bu, o deməkdir ki, erkən seçkilərin də qalibi AKP-dir. Bu dəfə o, hər halda təkpartiyalı hökumət qura biləcək. CHP yenidən ana müxalifət statusunu qoruyub saxlayır. PKK-yönlü HDP isə 10%-lik seçki barajını aşmaya bilər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.