"Araz Naxçıvan" çempionatdan imtina etdiyi üçün 2 həftə oynamadıq. Ona görə də, bu görüşə çox yaxşı konsentrasiya olmuşduq. Var gücümüzü qoyduq və layiqli qələbə qazandıq". Apasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqov deyib. Topaz Premyer Liqasının XV turu çərçivəsində "Qəbələ" üzərində 3:0 hesablı qələbəni şərh edən təcrübəli yarımmüdafiəçi bu nəticəni ədalətli hesab edir.
- Bu mövsüm daha baxımlı oyun sərgiləsəz də, istədiyiniz nəticəni ala bilmirdiz. Amma bu dəfə həm yaxşı oynadız, həm də rahat qollar vurduz. Bunun səbəbi nə idi?
- Futbolda bəxt də yaxşı şeydi. "Neftçi" ilə oyunda da çoxlu qol imkanlarımız olsa da, qələbə qazana bilmədik. Həmçinin, ondan öncə də bu cür görüşlərimiz az olmayıb. Bu dəfə erkən qol vurduq və çox keçmədən ikinci dəfə fərqləndik. Erkən qollardan sonra rahat oynadıq. İndi qarşıdakı oyunlara da yaxşı hazırlaşmaq lazımdı.
- "Xəzər Lənkəran" çoxdandı qol buraxmadan qələbə qazanmırdı. Oğuz Çətin də bu görüş öncəsi müdafiəçilərlə xüsusi hazırlıq keçmişdi. Bunun deyəsən oyununuza müsbət təsiri olub.
- Düzdü, baş məşqçi bu iki həftədə müdafiəçilərlə ayrıca çalışdı. Mənə elə gəlir ki, bunun bəhrəsini gördük.
- İki həftə futbol oynamamağın sizə mənfi, yoxsa müsbət təsiri oldu?
- Əlbəttə ki, bu amil futbolçuya oyun praktikası baxımından çətinlik törədir. Bunun olmaması üçün əvəzedici komandamızla yoxlama görüşü keçirmişdik. Var gücümüzlə hazırlaşa bilmişik ki, indi belə qələbə qazandıq.
- Son vaxtlardakı uğursuz çıxışdan sonra rəhbərliyin sizə münasibəti necə idi?
- Əslində, bütün oyunlara rahat hazırlaşırıq. Çünki rəhbərlik və məşqçilər korpusu tərəfindən komandaya təzyiq olmur. Hətta uğursuz nəticələr olanda da bunu şişirtmirlər. Bütün bunlar da öz müsbət nəticəsini verməkdədi.
- Yığmanın yeni baş məşqçisi Robert Prosineçki də oyunu canlı izləyirdi. Yenidən millinin aparıcı oyunçularından birinə çevriləcəyinə inanırsan?
- Millidə oynamaq hər bir futbolçunun arzusudu. Mən də istəyirəm ki, yenidən yığmaya qayıdım və əlimdən gələn köməkliyi edim. Düzdü, Berti Foqts məni çağırmırdı. O, müdafiəyəmeyilli oyunçular xoşladığından mənə dəvət göndərmirdi. Ümid edirəm ki, Prosineçkidən dəvət alaram və yığmaya layiq olduğumu göstərərəm.


