|
"O qədər də yaxşı oynamadıq. Qol imkanlarımız oldu, amma istifadə edə bilmədik. Komandada zədəli, xəstə futbolçular var". Cia.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 27-ci turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib. "Bu gün problemlərimiz çox idi. Nika Kverkveskiri millidə olduğu üçün oynamadı. O da olmayanda meydanın mərkəzində boşluq olur. Gənc futbolçulardan xəstə olanı var. Düşünürdük ki, Nizami Hacıyev oyuna hazırdır. Amma yenə də sıradan çıxdı. Onun indiki vəziyyətinə isə həkim müayinəsindən sonra aydınlıq gələcək. Ehtiyat oyunçular skamyası da oyuna öz təsirini göstərir. Gənc futbolçularımız əvəzedici heyətdə oynadığı üçün bu oyunda olmadılar". Z.Svanadze avrokuboklara vəsiqə qazanmaq haqda da danışıb: "Qarşıda çox oyun var və Avropaya getmək uğrunda nəsə demək tezdir. Bu haqda bir müddətdən sonra danışmaq olar". Cia.az
|


