Mayın 27-də Türkiyə kubokunun finalında əzəli rəqiblər Qalatasaray-Fənərbaxça qarşılaşmasında Lukas Podolskinin 31-ci dəqiqədə vurduğu qolla 1-0 qalib gələn “Cim Bom” kuboku növbəti dəfə qazandı.
Bununla da, “aslanlar” Avropa kuboklarına qatılmağı bacardı. Oyun hər iki klub üçün önəmli olmaqla yanaşı tarixi əhəmiyyət kəsb edirdi. Belə ki, çempionluq mübarizəsində “Beşiktaş”a məğlub olan “Fənərbaxça” mövsümi kuboksuz tərk etməmək üçün mütləq bu oyunda qalib gəlmək istəyirdi. “Qalatasaray” üçün də eyni situasiya yaranmışdı. Çempionatdakı zəif oyunu ilə Avropaya getməyinin üstündən xətt çəkən “aslanlar”ın yeganə şansı kuboka sahiblənmək idi.
Oyun bitdikdən sonra isə ehtirazlar və etirazlar daha da alovlandı. “Fənərbaxça” oyunçuları kubok üçün meydana çıxmaqdan imtina etdilər. Yenə də əsas narazılıq hədəfi hakimə yönəldi. “Sarı lacivərt”lərin başqanı Əziz Yıldırım rəqibin “şike” ilə qalib gəldiyini iddia edərək, türk futbolu adına sərt ittihamlar səsləndirdi: “Mən heç vaxt ”şike" etməmişəm, amma “Qalatasaray” həmişə “şike” ilə qalib olur. Məni çox danışdırmayın. Bunun altından qalxa bilməyəcəklər. Mən hamısını isbat edəcəyəm. Mete Kalkavan, Əli Palabıyıkın yaxşı hakim olduğunu deyirdik. Amma onlar da özlərini bir başqa görməyə başladı. Firay Aydınus və Halis Özkahya isə, bu il bizim çempionluğumuzu əngəllədilər. “Başakşəhər” oyununda penaltını vermədilər, “Beşiktaş”, “Qalatasaray” başqanlarına cəza vermirlər".
Başqan oyunçularının kubokun təqdimolunma mərasimində iştirak etməmələrinə də münasibət bildirib: “Futbolçularımızı söydülər. Kubokun təqdimolunma mərasimi başlamadan söyüşlər başladı. Mən də futbolçulara dedim ki, əgər belədirsə, çıxmayın. Xalımızı oğurlayırlar. Məndən başqa heç kim danışmağa cəsarət etmir. Stadionda azarkeşlər narkotik çəkirlər, söyüş söyürlər. Bu ölkədə haqqı yeyilməyən ”Qalatasaray"la “Beşiktaş”dır".
Yıldırımın açıqlamaları əks cəbhədə ciddi narazılıqlarla qarşılanıb. Sosial şəbəkələrdə “Cim Bom” tərəfdarları ona sərt təpki göstərərək, ünvanına təhqir dolu ifadələr işlədiblər. “Qalatasaray”ın rəsmi Twitter səhifəsinin Yıldırımın “Ağlama” etiketi ilə fotosunu paylaşmasına fənərli fanatlar da öz növbəsində ciddi etiraz ediblər. Hazırda da oyun ətrafında sürən narazılıqlar davam etməkdədir.
Oyunun ölkəmizdə də maraqla izlənilməsi heç də təsadüf deyil. “Qalatasaray” və “Fənərbaxça” Azərbaycan ictimaiyyətini iki hissəyə ayırdığını desək, yanılmarıq. Hər iki klubun ölkəmizdə kifayət qədər azarkeşləri var. Heç şübhəsiz ki, Azərbaycanda hər iki klubun azarkeşinin kifayət qədər yüksək olmasının kökündə Azərbaycan-Türkiyənin qardaş ölkələr olmaları da durur.
Amma istənilən halda futbolun bir əyləncə, ən maraqlı idman növü olduğunu unutmayıb qədərində maraq göstərmək vacibdir. Yəni düşmənçilik həddinə çatdırmamaq lazımdır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.