Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 31-ci Yay Olimpiya Oyunları davam edir. Xatırladaq ki, bu turnirdə ilk dəfə tam heyətlə təmsil olunan Azərbaycan 56 atleti ilə yarışlarda iştirak edir. Bu günədək onlardan 19-u mübarizəyə qoşulub, 9 nəfəri isə iştiraklarını başa vurub. Digər 10 atlet mübarizəyə davam edir.
Boks üzrə keçirilən yarışlarda atletimiz Abdulqadir Abdullayevin medal qazanacağına ümidlər çoxdur. O, ilk qarşılaşmada fransalı Pol Omba Bionqoloya texniki nokautla qalib gəlib. Bundan sonra isə 1/4 final mərhələsində özbəkistanlı Rüstəm Tulaqanovla mübarizə aparacaq. İddialara görə, boksçumuz qələbə qazanacağı halda, özü üçün ən azı bürünc medalı təmin edəcək.
Ümumilikdə isə yarışlarda ölkəmiz 10 kişi və 1 qadın boksçu ilə təmsil olunur. Onlardan hələlik 49 kq çəkidə rinqə çıxan Rüfət Hüseynov mübarizəni dayandırsa da, Albert Səlimov (60 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da ilk görüşünü qələbə ilə başa vura biliblər. Kamran Şahsuvarlı ilk görüşdə çinli Zao Minqqanq ilə qarşılaşıb. Görüş 3:0 hesabı ilə atletimizin xeyrinə başa çatıb. Nəticədə təmsilçimiz 1/8 finala yüksəlib. Atletimiz avqustun 13-də keçiriləcək döyüşdə rusiyalı Artyom Çebotaryov ilə qarşılaşacaq. Boksçumuz Albert Səlimov Olimpiadaya 1/8 finaldan start verib. Təmsilçimiz irlandiyalı Devid Coysa hər üç raundda qələbə qazanaraq 1/4 finala yüksəlib. Atletimiz Məhəmmədrəsul Məcidovun rəqibi isə mərakeşli Mohammed Arjaoui olub. Rəqibinə 3:0 hesabı ilə qalib gələn təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə qazaxıstanlı İvan Diçko ilə qarşılaşacaq.
Azərbaycanı idman gimnastikası üzrə yarışlarda təmsil edən, Avropa Oyunlarının 5 qat mükafatçısı Oleq Stepko isə kişilər arasında çoxnövçülük üzrə final mübarizəsi aparacaq. Yarış 24 idmançı arasında keçiriləcək.
Həmçinin yarışın VI günündə cüdoçu Məmmədəli Mehdiyev (90 kq) və üzgüçülər Fatimə Alkərəmova (100 metr, sərbəst) ilə Boris Kirilov (200 metr, arxasıüstə) mötəbər turnirdə debüt edəcəkləri halda digər 3 atletimiz mübarizəyə davam edəcək. Kanoe slalomçu Yuri Meqliç isə yarımfinalda qüvvəsini sınayacaq. 200 metr məsafəyə arxası üstə üzmədə isə Boris Kirillov öz gücünü sınayacaq.
Yarışlarda hələ ki yeganə medalımız Rüstəm Orucovdan gəlib. Millimiz yarışlarda medal sayına görə 27-ci sırada olsa da sonradan 32-38-ci sırada yer alıb. Oyunlarda bu günə qədər ABŞ liderliyini qoruyub saxlaya bilib. Çin də ikinci pillədəki yerini qoruyub. Üçüncü pillədə isə dəyişiklik olub. Avstraliya yığması 2 bürünc medal qazansa da, yerini 1 dəst mükafat qazanan Macarıstana verməli olub.
4 illiyin möhtəşəm Olimpiya Oyunlarında artıq rekordlar da müəyyənləşib. Çinli ağırlıqqaldıran Denq Vey Braziliyadakı Olimpiya Oyunlarında iki dünya rekordu qıran ilk idmançı olub. 63 kq çəki dərəcəsində çıxış edən xanım atlet həm təkanla qaldırma, həm də yekun nəticədə dünya rekordu müəyyənləşdirib. Bu günədək ikinci hərəkətdə 147 kq qaldıran idmançı olmayıb. Asiyalının yekunda topladığı 262 kq nəticəsi də planetin ən yüksək göstəricisidir. Ümumilikdə isə Rio-2016-dakı dünya rekordlarının sayı 9-a çatıb. Bunlardan 5-i üzgüçülük, 3-ü ağırlıqqaldırma, 1-i isə kamandan oxatmada qeydə alınıb.
“Rio-2016" oyunları başladığı ilk günlərdən qalmaqallarla tarixə imza atmaqdadır. Şəhəri bürüyən cinayətkarlar, məişət problemləri, seks olayları bunu deməyə əsas verir. Xoşagəlməz olaylardan biri 73 kq çəki dərəcəsində bürünc medal qazanan 32 yaşlı belçikalı Dirk van Tiheltin başına gəlib. Apasport.az saytının məlumatına görə, atlet uğurunu qeyd etmək üçün Kopakabana çimərliyinə yollanmağına peşman olub. Çimərlikdə idmançı ilə qarşılaşan qarətçilər cüdoçunun üzünə bir neçə zərbə endirərək, onun mobil telefonunu əlindən alıblar. Döyülməsinə baxmayaraq, van Tihelt Rioda qazandığı bürünc medalı cinayətkarlara verməyib.
Mərakeşli boksçu, 22 yaşlı Hasan Saada isə çərşənbə günü Olimpiya Kəndində çalışan iki qadına seksual xarakterli hərəkətlər etdiyi üçün polis tərəfindən saxlanılıb. Qadınların şikayəti əsasında istintaqa cəlb olunan idmançının 15 gün həbsxanada qalacağı bildirilib.
22 yaşlı namibiyalı boksçu Cunyas Conas da xidmətçi qadına təcavüz etdiyi üçün polis tərəfindən saxlanılıb. 64 kq çəki dərəcəsində yarışan boksçu cümə günə fransız boksçu Həsən Amzile ilə döyüşəcəkdi. Böyük ehtimalla, fransız idmançıya texniki qələbə veriləcək. Qeyd edək ki, idmançı “Rio-2016"nın açılış mərasimində ölkəsinin bayrağını daşımışdı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.