Latın Amerikasında Rusiyanın ən mühüm müttəfiqlərindən biri olan Venesuela ciddi siyasi böhranla üzləşib. Xəbər verildiyi kimi bu ölkənin prezidenti Nikolas Maduro neft hasilatının dondurulması və ya azaldılması məsələsini müzakirə etmək üçün Azərbaycan, İran, Səudiyyə Ərəbistanına səfər edib.
Maduro səfərdə olanda onun ölkəsində neçə vaxtdır davam edən siyasi böhran daha da dərinləşib. Sağ və sağ-mərkəzçi müxalifət onun istefası tələbini irəli sürüb. Müxalifətin nəzarətində olan parlament Maduro barəsində oktyabrın 25-də impiment proseduru başladıb. Prosedura əsasən Maduro noyabrın 1-də impiçment müzakirələri ilə bağlı parlamentdə olmalıdır. Hərçənd ki, prezidentin bu tələbə əməl edəcəyi gözlənilmir.

Parlamentin Maduro barəsində impiçment proseduru başlatmasının formal səbəbi prezidentin istefaya göndərilməsinə dair referendum keçirilməsi üçün ölkənin yeddi ştatında imzatoplama kampaniyasının nəticələrinin məhkəmə tərəfindən gözlənilmədən ləğv edilməsidir. Bu hadisə Maduronun Azərbaycan və digər neft ölkələrinə səfəri ərəfəsində baş verib. İmzatoplama kampaniyasının birinci mərhələsi qanuni hesab edilmədiyindən ikinci mərhələnin keçirilməsi mümkün deyil. Nəticədə parlament bunu “Maduro rejimi tərəfindən dövlət çevrilişi” kimi qiymətləndirib, onun barəsində impiçment prosedurunun başladılmasına qərar verib. Müxalifət hesab edir ki, Maduro rejimi nəzarətində olan hakimlər vasitəsilə imzatoplama kampaniyasının nəticəsini ləğv etdirib.

Nikolas Maduro da öz tərəfindən parlamenti dövlət çevrilişi cəhdində ittiham edib. “Venesuelada hələ parlament çevrilişi baş verməmişdi. Və biz buna bənzər hadisənin baş verməsinə imkan verə bilmərik, qoy bunu buradakı və o yandakı “sağlar” bilsin”-Maduro deyib. Və prezident milli müdafiə Şurasının Karakasda iclasını çağırıb. Milli müdafiə Şurası o vaxt toplanır ki, ölkənin suverenliyi və ərazi bütövlüyü təhdid altında olsun. Müxalifət isə Karakasda Maduroya qarşı izdihamlı nümayiş keçirib, nümayişə 1 milyona yaxın adamın qatıldığı bildirilir.
İndi Venesuelada vəziyyətin necə inkişaf edəcəyinə iki əsas amil-müxalifətin nəzarətində olan parlament və küçə amili həlledici təsir göstərə bilər. Hesab olunur ki, parlament Maduronun barəsində impiçment proseduru başlatsa da onu sona çatdırmaq imkanında deyil. Çünki prosedur mürəkkəbdir, yüksək məhkəmə orqanları da impiçmentə dəstək verməlidir. Lakin parlament prezidenti cinayətdə ittiham edib barəsində qətnamə çıxara, bununla da küçə etirazlarını qızışdıra bilər.

Küçə etirazlarının böyüməsi halında Maduro silahlı qüvvələrin dəstəyinə ümid edə bilər. Çünki müdafiə naziri Vladimir Padrino Lopes prezidentin tərəfindədir və hesab edir ki, ölkədə konstitusion quruluşa zidd heç bir hadisə baş verməyib. Lakin ordunun içində də Madurodan narazılar var, generalların çoxu başa düşür ki, əgər prezidentin tərəfini tutsalar müxalifət qalib gəlsə onları “təmizləyəcək”. Bu səbəbdən böhranın dərinləşməsi halında ordunun necə mövqe tutacağı hələ məlum deyil.
Küçə amilinə gəldikdə isə burada Maduronun vəziyyəti daha mürəkkəbdir. Rə sorğularına görə əhalinin 77 faizə yaxını onun fəaliyətindən narazıdır. Qalanların da azı 5 faizi vəziyyət gərginləşə küçələrə çıxmağa hazırdır. Xüsusən paytaxt Karakasda prezidentdən narazı olanların faizi hədsiz yüksəkdir. Bu da situasiyanı vətəndaş müharibəsinə apara bilər. Hazırda hər iki tərəf şüurlu şəkildə vəziyyəti bu istiqamətə itələyir. Müxalifətdə hesablayırlar ki, əgər prezident ordudan istifadə etsə və qan axıdılsa onu devirmək daha asan olacaq.

Venesuela Uqo Çavesin dövründə sərt anti-amerika siyasəti yürüdüb və hətta ABŞ-la münasibətləri kəsib. Hesab edilirdi ki, ABŞ müxalifətə güclü dəstək verməklə dəfələrlə Çavesi devirmək istəyib. Çaves özü az qala hər kvartalda ABŞ-ın onu devirmək və ya öldürmək planını ifşa etdiyi haqda danışırdı.
Çavesin silahdaşı Nikolas Maduro da hakimiyyətə gələndən sonra bu siyasi xətti davam etdirib. Lakin Venesuelada indiki böhranda ABŞ-dan çox neftin ucuzlaşmasının rolu var. Neftin ucuzlaşmasından sonra Venesuela iqtisadiyyatı çöküb, ölkə defolt ərəfəsindədir. Ən zəruri gündəlik tələbat malları belə tapılmır, dövlət qulluqçularına aylarla maaş vermək mümkün olmur. Neft baha olanda Maduro da Çaves kimi neft pullarından narazıları sakitləşdirmək üçün istifadə edirdi. İndi isə bu pullar yoxdur.

Nəticədə ölkəni güclü sosial narazılıq dalğası bürüyüb. Təsadüfi deyil ki, hazırda neft ölkələri arasında qiymətlərin artması üçün ən çox can atan məhz Venesueladır. Prezident Maduro OPEC-ə daxil olmayan ölkələri hasilatı dondurmağa, yaxud azaltmağa razı salmaq üçün çalışır. Lakin bu səylər deyəsən nəticəsiz qalıb. Neftin qiymətində Maduronu xilas edəcək kəskin artım baş vermir. Nəticədə ekspertlər Venesuela iqtisadiyyatının indiki vəziyyətini “ümidsiz” adlandırırlar. Ölkənin yuvarlandığı iqtisadi kollapsdan ancaq bir çıxış yolu var-neftin barrelinin yenə də 100-110 dollara qalxması. Bu isə real görünmür.
Belə vəziyyətdə Nikolas Madurohələ Çavesin vaxtından iplərin qopduğu ABŞ-la barışıq əldə etməyə can atır. Bu həftənin əvvəlində o, Vatikana səfər edib və “məzlumların hamisi” sayılan Papa Fransisklə görüşüb. Məlumatlara görə görüşdə Maduro Vatikandan ABŞ-la Venesuela arasında münasibətlərin bərpasına kömək xahiş edib. Papa isə ona bildirib ki, belə vasitəçiliyə başlamaq üçün gərək Maduro bütün siyasi məhbusları azad etsin və müxalifətlə dil tapsın.

Maduro bildirib ki, müxalifət nümayəndələrini milli müdafiə Şurasının iclasına dəvət edib və danışıqlara hazırdır. Lakin müxalifətin bu danışıqlara gedəcəyi hələ məlum deyil.
Uqo Çaves xarizmatik, talantlı lider idi və çoxları ilə, o cümlədən müxalifətlə dil tapa bilirdi. Maduro isə belə deyil. Açıq-aydın görünür ki, o, indiki iqtiadi kollaps və siyasi böhran şəraitində effektiv addımlar atmağa qadir deyil. İndi o, ölkəsində yaranmış siyasi böhrana görə xarici düşməni-Amerikanı da günahlandıra bilmir. Çünki böhranda Dövlət Departamentinin deyil, neftin rolu aydın görünür. ABŞ-ın əlbətdə ki, Madurodan xoşu gəlmir, ancaq Dövlət Departamentinin onun hakimiyyətdən uzaqlaşdırılması üçün hansısa planlar qurmasına ehtiyac yoxdur. Çünki Venesueladakı böhran özü Maduronu divara dirəyib.
Belə vəziyyətdə Maduro hakimiyyətdə qalmaq üçün ancaq ordunun, polisin və nəzarətində olan məhkəmə hakimiyyətinin gücünə arxalana bilər. Lakin sosial-iqtisadi böhran dərinləşdikcə bu rıçaqlar da kömək etməyə bilər...


