banner
banner

Sağlamlıq

Yarımfabrikat qidalar xərçəng törədir - SOS!

Yarımfabrikat qidalar xərçəng törədir -
İndiki dövrdə çox vaxt ürəyi xəngəl, düşbərə, dolma istəyənlər özünü əziyyətə salmır və mağazalardan yarımfabrikat almaqla qısa zamanda bu yeməkləri ərsəyə gətirirlər. Hazırda marketlərdə dolmadan tutmuş, kotletə, düşbərəyə qədər bütün yeməklərin yarımfabrikatları satılır. Müxtəlif qiymətə olan bu qidalar yerli istehsal olmaqla yanaşı, Türkiyə və Rusiyadan da gətirilir. 
Belə məhsulların yararlılıq müddəti müxtəlifdir - ən azı 6, ən çoxu isə1 il. Hazır bişmiş, bir-biri ilə reaksiyaya girmiş yeməklərin 1 il saxlanma müddətinin olması isə həmin  qidaların keyfiyyətinə şübhə yaradır. Hər necə olmasa, ev şəraitində hazırlanan hər hansı yemək 2 gün qalanda artıq onu 3-cü gün yeməmək məsləhət görülür. 
 
Bir neçə marketə baş çəkib satıcılara yarımfabrikat qidaların sənədləri ilə tanış olmaq istədiyimizi bildirsək də bu qidaların sənədlərini bizə göstərən olmadı. Sənədlərlə tanış olmaq istəyimizdə məqsəd qidanın üzərində olan etiketdəki yararlılıq müddəti ilə sənəddəki müddətin eyniliyini yoxlamaq idi. Hazır qidaların hazırlanma şəraiti, həmçinin onun tərkibində istifadə edilən ərzaqların, yağın  keyfiyyəti bizə məlum olmadığı üçün zəhərlənmə halları baş verə bilər. 
 
Amerika elm adamlarının araşdırmasına görə, yarımfabrikat və hazır qidalar mədə xərçəngi riskini artırır. Mütəxəssislər bu cür qidaların böyüklərdə xərçəngə tutulma riskini 30, uşaqlarda isə 60 faiz artırdığını bildirir. Hazır qidalar həmçinin şəkərli diabet, təzyiq, ürək-damar xəstəliklərinə gətirir, uşaqların inkişafına və boy atmasına maneə yaradır.
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı hesab edir ki, istehlakçılar bu məhsulu almaqdan boyun qaçırmalıdır: “İstehsal olunan məhsul istər yarımfabrikat olsun, istərsə də tam hazır olmuş sənaye məhsulu, onların saxlanma müddəti o məhsula məxsus, onun istehsalına uyğun standartla tənzimlənir. Əgər bu məhsullara standart yoxdusa, həmin məhsullara məhsul sahibkarı texniki şərt hazırlayır və müvafiq qurumlarla razılaşmadan sonra qeydiyyata alınır. Razılaşmada da təbii ki, Səhiyyə Nazirliyi texniki şərti imzalayır və təsdiqləyir. Əgər bu sənədlər yoxdursa, ümumiyyətlə, sənədlərdə saxlanma müddəti məhsulun etiketinin üzərində başqa, sənədlərdə başqa yazılırsa, bu, artıq istehlakçı hüquqlarının pozulmasıdır. Yoxlamalara gəlincə isə bir ildən çoxdur ki, bu dayandırılıb və komitə yanında texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti xidməti bu qanunun tələblərini icra edir. Ona görə də biz heç nə deyə bilmərik. Təbii ki, bir il saxlama müddəti olan yarımfabrikat məhsulu alıb istehlak etmək məntiqsizlik olardı. Bu sahədə dövlət nəzarəti olmasa belə, ictimai nəzarət güclü olur. İstehlakçı bu məhsulları almaqdan boyun qaçırmalıdır. Bir daha deyim ki, hər bir məhsulun özünün tərkibinə və ona vurulan qida əlavələrinə əsasən saxlama müddəti müəyyənləşdirilir. Bu da resepturasında öz əksini tapır. Resepturanı isə Səhiyyə Nazirliyi təsdiq edir. Məhsulun üzərində yazılan saxlama müddəti mütləq şəkildə o məhsulun istehsalını təmin edən texniki normativ sənədlərlə, standartlarla və yaxud texniki şərtlərlə tənzimlənməli və sahibkar buna əməl etməlidir”. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, yarımfabrikat yeməklərin yararlılıq müddəti 1 il ola bilməz: “Ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur. İndi elə bir vəziyyətdir ki, istənilən yerdə ən təhlükəli qida satılsa, heç bir dövlət orqanının icazəsi yoxdur ki, onun qarşısını alsın. Ölkədə insanların kütləvi zəhərlənməsi baş verir. İqtisadiyyat Nazirliyində oturanlar heç bir iş görmür, insanları ancaq məhkəmələrə göndərməklə məşğuldurlar. Mənim də fikrimcə, yarımfabrikatların yararlıq müddəti o qədər ola bilməz. Onların müddəti standartlarda müəyyən olunur. İnsanlar bu məhsulları almaqdan birmənalı şəkildə imtina etsinlər”.
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov isə bu məhsullardan imtina etmənin doğru fikir olmadığını, hər bir məhsulun saxlama şəraiti olduğunu dedi:  Əgər ərzaq dondurulmuş vəziyyətdədirsə, o saxlanıla bilər. Bu ərzaqları mənfi 30-dan yuxarı temperaturda saxlamaq lazımdır. O temperaturda mağazalarda yarımfabrikat məhsullar saxlanılırsa, problem yaranmaz. Bilirsiniz ki, Sovet İttifaqının 30-50 illik ət ehtiyatı və başqa qidalar ehtiyat olaraq konservləşdirilmiş vəziyyətdə saxlanılırdı. Dondurma da konservləşdirmənin bir növüdür. Amma hər temperatur üçün hər bir ərzağın saxlanma müddəti var. Bunlar mənim əzbərdən yadımda deyil. Amma ən az saxlanılan farş, mayonezlə qatışdırılmış qidalardır.
Ancaq elə salatlarımız var ki, süfrəyə veriləndə mayonez vurulur, sonra onu soyuducuda saxlamaq olmaz. Onu süfrəyə verib 10-15 dəqiqə ərzində istifadə etmək lazımdır. Yarımfabrikatlar da müxtəlif olur. Ola bilər heç bir qatqısız bütöv ət olsun. Çörək məhsullarını da saxlamaq mümkündür. Məsələn, biz yuxanı bişirəndən sonra nə qədər saxlayırıq, heç nə olmur. Yəni hər bir məhsul üçün ayrıca olaraq hər bir vəziyyətdə, hansı şəraitdə necə saxlanılır, havanın nəmliliyi nə qədərdir, temperaturun nə qədər olduğu nəzərə alınandan sonra hər bir məhsul barədə ayrıca danışa bilərik. Yarımfabrikat məhsulların nə qədər müddətə saxlanması şəraitdən, havanın nəmliyindən asılıdır. Konservalar var ki, dəmir qabların içərisində illərlə saxlanılır. Əgər məhsul düzgün hazırlanıbsa və saxlanma şəraiti, temperaturu düzgün seçilibsə, onu müəyyən müddət saxlamaq olar". 
Yarımfabrikat məhsulların insan səhhətinə zərərlərinə gəlincə isə tibb elmləri doktoru, professor Adil Qeybulla bu yeməklərin yağları ilə bağlı problem ola biləcəyini dedi: “Yarımfabrikat qidalar konservləşdirilmiş qidalar deyil. Bunlar müəyyən səviyyədə hazırlanmış qidalardır.  Konservləşdirilmiş qidalardan həmişə istifadə olunur. Ev şəraitində konservləşmələrdə şəkərdən, duzdan, müxtəlif qaynamalardan və sairə istifadə olunur. Bu metodların  bəziləri tarixən sınaqdan keçib. Amma müxtəlif maddələrin qatqılarla konservləşdirilməsi də var ki, bu qatqıların bəziləri orqanizmə ziyanlıdır. Yarımfabrikat məhsullara gəlincə isə onlar texnoloji baxımdan düzgün hazırlanırsa, təhlükəsizdir. Bəzən yarımfabrikat məhsulların hazırlanmasında bəzi yağların tətbiqi, keyfiyyəti məsələsində problemlər ola bilər. Məhsulun saxlanma müddəti isə onun tərkibi və saxlanma şəraitindən asılıdır”.
YM


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.