banner
banner

Dünya

Avropa Milad terroru təhdidi qarşısında

Avropa Milad terroru təhdidi qarşısında
Avropa ölkələri və ABŞ-ın əhalisi bu il Milad bayramını sevincdən çox qorxu hissi ilə gözləyir. Çünki bu ölkələrin milli təhlükəsizlik orqanları tərəfindən əhaliyə  Milad bayramı ərəfəsində terror təhlükəsinin olacağı haqqında  xəbərdarlıq edilib. Avropol (Avropa İttifaqının polis xidməti) Milad və Yeni il bayramları ərəfəsində Avropada terror aktlarının mümkünlüyü barədə xəbərdarlıq edib.
 
Xəbərdarlıqda bildirilir ki, terror aktları Fransa, Almaniya, Belçika və Şimali Avropa ölkələrində həyata keçirilə bilər. Müvafiq xəbərdarlıqlar  Avropa ölkələrinin hüquq-mühafizə orqanlarına göndərilib. 
 
Xatırladaq ki, dekabrın 19-da yük maşını Berlinin mərkəzində Milad bazarında toplaşmış insanların arasına girib. Nəticədə 12 nəfər həlak olub, 48-i yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. 
 
Federal Təhqiqatlar Bürosu da (FTB) Milad günlərində ABŞ ərazisində İŞİD terrorçu qruplaşması tərəfindən terror aktlarının həyata keçirilməsi ehtimalı barədə xəbərdarlıq yayıb.  Büronun məlumatında bildirilir ki, FTB bəzi onlayn yazılarda Amerika kilsələrinə qarşı hücumlar etmək barədə çağırışlardan xəbərdardır. FTB vəziyyətə nəzarət edir və bu təhdidlərin nə qədər ciddi olduğunu araşdırır. 
 
Eyni zamanda ABŞ Dövlət Departamenti, yüksək terror təhlükəsini əsas gətirərək, Amerika turistlərini İordaniya və Misirin bəzi rayonlarına səfər etməkdən imtina etməyə çağırıb.  
Politoloq Şahin Cəfərli bildirdi ki, terror təhdidi artıq uzun müddətdir ki, qlobal miqyasda permanent bir təhlükəyə çevrilib: “Yəni hər an, hər yerdə terror gözləmək olar. Yaxın Şərq regionu ilə yanaşı, bu təhlükə Türkiyə, Avropa ölkələri və ABŞ üçün xüsusilə aktualdır. Yeni il bayramları xristian ölkələrində coşğu ilə qeyd edilir və insanlar kütləvi şəkildə bir araya gələrək əylənməyi sevir. Belə kütləvi toplanış yerləri, əyləncə məkanları, meydanlar terrorçular üçün potensial hədəfdir. Dekabrın 19-da Berlində baş vermiş terror aktı zamanı da məhz bu cür yer hədəf seçilmişdi. Almaniya paytaxtındakı ”Milad bazarı"na hücum zamanı 12 nəfər ölmüşdü. Bu hadisə, eləcə də iyul ayında Fransanın Nitsa şəhərində baş vermiş analoji terror aktı göstərdi ki, bu gün terrorçular silahsız, bombasız da terror törətmək imkanına malikdir. Onlar asanlıqla ağır tonnajlı avtomobil əldə edərək insanların üzərinə sürə bilər. Bu tip terror aktlarının qarşısını almaq həddən artıq çətindir. Bomba yüklənmiş avtomobillərlə törədilən intihar hücumlarını əngəlləmək də asan deyil. Bu baxımdan, hazırda dövlətlərin təhlükəsizlik strukturlarının işi çox çətinləşib. Onlar yeni təhdidlərə sürətlə adaptasiya olmaq və qabaqlayıcı tədbirlər görmək zorundadır. 
 
Sona çatmaqda olan 2016-cı ili bütövlükdə terror təhlükəsinin zirvə nöqtəsinə çatdığı il kimi xarakterizə etmək olar. Şübhə etmirəm ki, terror şəbəkələri ilin son günləri üçün də “sürprizlər” hazırlayıb. Ümid edək ki, təhlükəsizlik orqanları preventiv addımlarla bu təhdidləri neytrallaşdıra biləcək və dünya rahat şəkildə Yeni ilə qədəm qoyacaq. Amma ona da şübhə yoxdur ki, terror mövzusu 2017-ci il üçün də ən aktual mövzu olacaq".
 
Politoloq Arzu Nağıyev isə  “Yeni Müsavat”a açıqlamasında Avropada insan haqlarına olan həssaslığın terrorla mübarizə tədbirlərinə mane olduğunu bildirdi: “Avropada baş verən hadisələr ondan xəbər verir ki, təhlükəsizlik xidməti öz işini yüksək peşəkarlıqla qura bilmədi. Təbii ki, bunun da bir sıra problemləri var idi. Əsas səbəb o idi ki, avropalılar insan haqlarını siyasətlə qarışdırdılar. Terrorla mübarizədə Avropa demək olar ki, əks-kəşfiyyat əməliyyatlarının keçirilməsi prosesini tətbiq etmədi. Lakin bu mütləq tətbiq olunmalı idi. Fransada fövqəladə vəziyyət elan olunsa da, bu heç də ona bənzəmirdi. Hamı küçədə gəzişir, istədiyini edirdi. Bu tədbirlər daha sərt olsaydı daha çox effekt verə bilərdi. Bu məsələdə insan haqları haqqında söhbətləri yığışdırmaq lazımdır. Çünki istənilən anda həmin insanların həyatları məhv ola bilər. Terror aktlarını törədənlərin əksəriyyəti miqrantlardır, vaxtilə kənardan Avropaya köçənlərdir. Bundan başqa, sələfilərin, müxtəlif İslam fondlarının, məscidlərin özlərində avropalılar agentura əməliyyat fəaliyyətlərini yerinə yetirmirlər. Burada məlumatların alınması çətinləşirdi, əməliyyat şəraitinə nəzarət olunmurdu”. 
 
Ekspertin fikrincə, avropalılar  miqrantlara münasibətdə diqqətli olmalıdırlar: “Üçüncü bir məqam əhali ilə işləmək məsələsidir. ”Biz terrordan qorxmuruq, terror sadəcə qorxutmaq üçündür" kimi bəyanatlar terrorla mübarizə metodları ilə üst-üstə düşmür. Bu cür müraciətlər heç bir zaman faydalı olmur. Yeni il bayramı ilə əlaqədar Avropada  yarmarkalar keçirilir. Həmin yarmarkaların qarşısı bağlanmalıdır. Beton piltələr qoyulmalıdır. Ümumiyyətlə, oraya böyük yük maşınlarının girişi qadağan edilməli idi. Avropada buna əməl etmirlər. 
 
Dövlətlər arasında məlumat mübadiləsinin olmaması da problemdir. Hər hansı ölkədə terror aktı baş verirsə, ətraf ölkələrlə məlumat mübadiləsi aparılmalıdır. Avropa ölkələri arasında siyasi münasibətlər normal olsa da, tərəfdaş münasibətlərinin olmaması, bundan imtina edilməsi terror üçün zəmin yaradır. 
 
Avropa unudur ki, terror bir ideologiyadır, bunu KİV vasitəsilə təbliğ və təşviq etmək olmaz. Təsəvvür edin ki, onlar müsəlmanlar yaşayan icmalara hansısa Avropa dəyərlərini yeritməklə, orada gey paradlar keçirməklə heç nəyə nail ola bilməzlər. Həmçinin hər bir müsəlman da Avropaya gedəndə bilməlidir ki, həmin cəmiyyətə adaptasiya olunmalıdır. Lakin bu heç də o demək deyil ki, onlar milli adət-ənənələrini Avropaya satmalıdır. Bu məsələni nəzarətdə saxlamaq lazımdır. Problemli məsələlərdən biri də budur ki, terrorçulara  qarşı çox sərt addımlar atılmır. Avropada bu məsələlərə diqqət yetirilməsə, terror baş alıb gedəcək. Milad bayramının keçiriləcəyi ərazilərdə ciddi nəzarət tətbiq olunmalıdır". 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.