İyulun 9-da Türkiyədə yeni parlament və prezident and içərək fəaliyyətə başlayacaq. Həmçinin 15 iyul 2016-cı il qiyamından sonra davam edən fövqəladə vəziyyət rejimi də dayandırılacaq. Bu barədə mətbuata baş nazir Binəli Yıldırım məlumat verib.
Fövqəladə vəziyyət rejiminin başa çatması ilə bağlı fərmanı Yıldırım özü imzalayacaq. Bu, həm də onun baş nazir kimi sonuncu sərəncamı olacaq. Türkiyədə baş nazir postu artıq tarix olur. Lakin fövqəladə vəziyyət rejimi ləğv olunsa da, hökumət terrorla mübarizə fəaliyyətinin axsamaması üçün bir sıra qərarlar qəbul edəcək. Məsələ ondadır ki, yeni hökumət uzatma ilə bağlı müraciət etmədiyi təqdirdə 19 iyulda FV rejimi avtomatik olaraq sona çatacaq. Lakin artıq elan olunub, FV rejiminin son Qanun Hökmündə Qərarnaməsi (Türkcə KHK - K.R.) cümə günü açıqlanacaq və bununla da FV rejimi başa çatacaq.
Xatırladaq ki, 2016-cı il iyulun 20-də Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Toplantının ardınca Nazirlər Kabinetinin iclası keçirilib və hökumət ölkə ərazisində Fövqəladə Vəziyyət (OHAL) elan edib. Türkiyə Respublikası Konstitusiyasının 120-ci maddəsinə əsasən, zorakılıq hallarının yayılması və ictimai nizamın ciddi şəkildə pozulması halları zamanı dövlət fövqəladə vəziyyət elan edilə bilər. Müvafiq konstitusiya maddəsində qeyd olunur ki, konstitusiya ilə qurulan azad demokratik nizamın və ya əsas haqq və azadlıqları ortadan qaldırmağa yönəlmiş kütləvi zorakılıq hallarının artması halında ölkə prezidentinin rəhbərliyi ilə toplanmış Nazirlər Kabineti, Milli Təhlükəsizlik Qurumunun da dəstəyini aldıqdan sonra ölkənin bir və ya daha çox bölgəsində, yaxud da bütün ölkə ərazisində 6 ayı keçməmək şərti ilə fövqəladə vəziyyət elan edə bilər.
Ötən müddətdə hər 6 aydan bir hökumət FV rejimini 6 ay uzatmaqla bağlı qərar qəbul edib. Bu müddətdə məhz FV dövründə KHK-lərlə hökumət terror fəaliyyətini dəstəkləyən qurum və təşkilatları qapadıb, lisenziyalarını ləğv edib və onların fəaliyyətinə son verib. Eyni zamanda çoxlu sayda məmur və dövlət qulluqçusu işdən azad edilib.

Hökumət sonuncu qərarı ilə FV rejimini ləğv edərək fəaliyyətinə son verəcək. Ancaq hələlik baş nazirin gələcək taleyi də bəlli deyil. Binəli Yıldırımın yeni dönəmdə hansı postu tutacağı bəlli deyil. Mediada Yıldırımın yeni dönəmdə Böyük Millət Məclisinin sədri - spikeri olacağı barədə xəbərlər yayılıb. Ancaq Anadolu Xəbər Agentliyinə müsahibəsində baş nazir bu barədə qəti söz deməyib. Yıldırım deyib ki, bu barədə qərarı partiyanın sədri, yəni hazırkı prezident Rəcəb Tayyib Ərdoğan verəcək.
Xatırladaq ki, iyulun 4-də “Resmi Gazete”də Türkiyədə hökumətin səlahiyyətlərinin prezidentə keçməsi ilə bağlı məlumat dərc olunub. Qərara əsasən, baş nazirin və hökumətin icraedici səlahiyyətləri prezidentə verilir. Prezident and içəndən sonra qanun qüvvəyə minəcək.
Qeyd edək ki, Türkiyədə 2017-ci ilin aprelində keçirilən referenduma əsasən mərkəzi icra hakimiyyətinin başçısı prezident olacaq. Prezident həm dövlət başçısı, həm də hökumətin rəhbəri olacaq. Yeni dəyişikliyə əsasən prezident nazirləri, hökumət üzvlərini, ali məhkəmə hakimiyyətinin bir sıra üzvlərini, yüksək rütbəli bürokratik aparat təmsilçilərini və vitse-prezidentləri təyin edəcək. Vitse-prezident sayı qanunda göstərilmir, bu, prezidentin səlahiyyətində olacaq.

Türkiyə mətbuatında yer alan məlumata əsasən, yeni hökumət kabineti 22 nəfərdən ibarət olacaq. Bundan başqa, prezident sərəncamı ilə yeni dövlət qurumları yaradılacaq, bir sıra nazirliklər birləşdiriləcək. Baş nazir olmayacaq, bunun əvəzinə vitse-prezident postu fəaliyyət göstərəcək. Bundan başqa, nazirlər əvvəlki illərdə olduğu kimi parlamentdən, yəni deputatlardan deyil, kənardan təyin olunacaq. Deputatlardan hansınınsa nazir təyin olunacağı halda, həmin şəxsin mandatı ləğv olunacaq.
Türkiyədə yeni dövrdə bir sıra iqtisadiyyat profilli nazirliklər birləşdiriləcək. Yeni dəyişiklik Türkiyədə mərkəzi icra hakimiyyətinin daha dinamik və aktiv qərar qəbul etməsi, bürokratik mexanizmin yumşaldılması kimi mütərəqqi dəyişikliklərə gətirəcək. Ancaq müxalifətə görə, prezident üsul-idarəsi Türkiyədə avtoritarizm meyllərini gücləndirə, ölkədə Şərqə məxsus avtoritar lider düşüncəsinin yayğınlaşmasına səbəb ola bilər. Ancaq istənilən halda seçim artıq arxada qalıb. Türkiyə xalqı seçimini edib, bu günə qədər davam edən parlament idarə üsulunun dəyişməsini dəstəkləyib.


