Sabah Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” klubu ilə ilk matçına çıxacaq klubumuzun heyət problemi var...
Sabah “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” klubu ilə ilk matçına çıxacaq. Belfastın 18400 nəfərlik “Vindzor Park” stadionunda keçiriləcək görüşü isveçrəli hakimlər idarə edəcək.
Baş hakim Sandro Şarer olacaq. Ona yan xətt hakimləri Stefan De Almeyda və Bekim Zoqay, dördüncü hakim Fedayi San yardım edəcəklər.
***
Əsası 1886-cı ildə qoyulan “Linfild” 53 dəfə ölkə çempionu adını qazanıb, 23 dəfə mövsümü gümüş medallarla başa vurub. Komanda avrokuboklarda 1959/1960-cı illər mövsümündən çıxış edir. İrlandların avrokuboklarda ən yaxşı nəticəsi 1966/67 mövsümü olub. O vaxtkı qaydalara görə, “Linfild” cəmi iki mərhələdə uğur qazandıqdan sonra Avropa Çempionlar kubokunda 1/4 finala qədər yüksəlib və orada “SSKA”-ya (Sofiyaya) uduzub (2:2, 0:1). Bundan sonra UEFA-nın digər bütün yarışlarında isə “Linfild” ən yaxşı halda təsnifat mərhələsində ikinci mərhələyə kimi gəlib.
Cari Çempionlar Liqasına 2-ci mərhələdə “Rusenborq”la duellə başlayan “Linfild” Norveç klubunun qarşısında aciz qalıb - 0:2 və 0:4. Mübarizəni Avroliqada davam etdirmək imkanı qazanan şimali irlandiyalılar 2-ci seçmə mərhələdə Farer adaları təmsilçisi “Torshavn”ı çətinliklə üstələyib - 1:0 və 2:2. Pley-offa vəsiqə uğrunda isə Monteneqro “Sutyeska”sı ilə mübarizələrdən qalib ayrılıb - 3:2 və 2:1.

Azərbaycan və Şimali İrlandiya milli səviyyədə bir neçə dəfə qarşılaşsa da, klub səviyyəsində bu, 2-ci duel olacaq. Məhz Qurban Qurbanovun komandası 2010/2011-ci illər mövsümündə Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Portadaun”u mübarizədən kənarlaşdırıb. Səfərdə 2:0 hesabı ilə qalib gələn klubumuz Tofiq Bəhramovdakı cavab matçında heç-heçə edib: 1:1.
***
“Linfild” düşərgəsində “Qarabağ”la oyun ərəfəsi ilginc atmosfer hökm sürməkdədir. Hər halda, həm yerli mətbuat, həm klub təmsilçilərinin açıqlamaları belə deməyə əsas verir. Məsələn, paytaxt nəşri “Belfast Telegraph” futbol azarkeşlərinin “Qarabağ”la keçiriləcək oyunu maraqla gözləməsinin səbəbini belə izah edir: “”Qarabağ"ı keçməklə “Linfild” Avroliqanın qrupuna düşən ilk ölkə klubu olacaq. “Linfild” artıq 1,2 milyon funt gəlir əldə edib. Qrupa düşəcəyi halda isə bu rəqəm 4 milyona çatacaq".
![]()
Mətbuatda yazılanları oxuyandan bu nəticəyə gəlmək olar ki, hər nə qədər favorit “Qarabağ” sayılsa da, qarşı tərəf matça ciddi hazırlaşır və mərhələni keçmək əzmindədir. “Belfast Telegraph” daha sonra qeyd edir: “Avroliqada qrup oyunları həftənin dördüncü günü, yerli liqada oyunlar isə adətən şənbə günləri keçirilir. Ona görə də ”Linfild"in rəhbərliyi düşünür ki, qrupa düşsələr, onlara daxili çempionat matçına hazırlaşmaq üçün əlavə daha bir gün lazım olacaq".
“Linfild”in 40 yaşlı baş məşqçisi Devid Hili yerli mətbuata açıqlamasında “Qarabağ”la oyunu səbirsizliklə gözlədiklərini bildirib: “”Sutyeska" ilə görüş haqda yaxşı sözlər deyə bilərəm. Futbolçularımız bütün tapşırıqları lazımınca yerinə yetirdilər. Biz böyük həyəcanla “Qarabağ”la oyunu gözləyirik. Biz “Qarabağ”la qarşıdakı oyunda daha yaxşı olmalıyıq və olacağıq da. Həmin matçın miqyası, çəkisi daha yüksəkdir. Bu, bizim üçün əla avrokubok mövsümüdür. Amma biz gözümüzü ölkə çempionatındakı yağ-çörəkdən də çəkə bilmərik". O deyib ki, avqustun 22-də Şimali İrlandiya futbolu tarixində ən böyük matç olacaq.
![]()
Qeyd edək ki, hazırda komanda 2 oyundan 3 xalla 8-ci pillədə qərarlaşıb. Son qarşılaşmada ev matçında 2:4 hesabı ilə uduzub. “Linfild”in rəhbəri Roy MakQivern də deyib ki, qrup mərhələsinə düşmək komandaları üçün böyük uğur olar: “Bizim əlavə oyunlarımız olacaq. Ona görə də bəzi məqamlar nəzərə alınmalıdır. Qrupa düşməyimiz klubun imicini artıracaq. Əlbəttə, maliyyə baxımdan da qazanc əldə edəcəyimizi unutmamalıyıq”. Şimali irlandiyalı futbol rəsmisi yada salıb ki, “Qarabağ”ın Avropada qrup təcrübəsi və yüksək reytinqi var: “Buna görə də onlar bizə qalib gələ bilərlər. Amma əgər biz evdə yaxşı nəticəyə nail olsaq, bu, bizdə əlavə inam yaradacaq. Qrupa düşsək, komandamız üçün inanılmaz nəticə olacaq”.
***
![]()
“Qarabağ” düşərgəsində acınacaqlı APOEL məğlubiyyətinin şokundan çıxmaqdadırlar. Çempionatın ilk turunda minimal hesablı qələbə kluba əlavə stimul verə bilər. Amma narahatedici məsələlər hələ də qalmaqdadır. Nədir bu məsələlər? Ən əsası təbii ki, heyət. “Qarabağ”ın Şimali İrlandiyada necə oynayacağı və iki görüşün nəticəsinə görə Avroliqanın qrupuna düşəcəyi barədə indidən ürəklə danışmaq təəssüf ki, mümkün deyil. “Qarabağ” heyətini bundan sonra kimlərisə cəlb edəcəksə, bu çətin fayda versin. Bir oyunçunun oturuşması üçün 2-3 məşq və ya 3-4 oyun kifayət deyil. Rus mütəxəssislər bu il xeyli transfer gerçəkləşdirən Rusiya Liqasının klublarını tənqid edirlər. Səbəb budur ki, bu transfer danışıqları çox vaxt aparır və oyunçu kluba qatılanda ona xeyir verə bilmir. Bu arqumentlər “Qarabağ” üçün də keçərlidir. Klubun transfer siyasətində lənglik var. İndi isə ön xəttin iki oyunçusu Zubirin və Mahirin klubdan ayrılması barədə xəbərlər var. Zubiri saxlamaq çətin ki, mümkün olsun. Həm də xəbərlərə inansaq, klub Zubirin transferdən 800 min və ya 1 milyon avro qazanc əldə edə bilər. Qurban Qurbanovun son açıqlamasında Zubirin transferi ilə bağlı xəbərsiz olması barədə dedikləri əlbəttə ki, inandırıcı deyil. Klubun Avroliqanın qrupuna düşmək şansının olduğu bir vaxtda iki ön xətt oyunçusunun transferi əvəzedilməz itkilər olacaq. Ən əsası o boşluqları doldurmaq çətin olacaq. Gərək özünə klub tapmayan bir-iki oyunçu kirayəliyəsən. Onlar isə qaranquşlar kimi “gəldi-gedərdilər...”
![]()
Bu mənada ötən həftə Qurban Qurbanovun xətirlərinə dəyməsin, yaxşı mənada “sərçələrə” - yəni ölkəmizin öz gənclərinə üstünlük verməsi tam anlaşılan, hətta alqışlanan qərardır.
“Keşlə”yə qarşı keçirilən mövsümün ilk oyununda meydana 5 gənc futbolçu çıxıb. Aşağı yaş qrupları üzrə milli komandaların üzvü olan 21 yaşlı İsmayıl İbrahimli (yarımmüdafiəçi), 20 yaşlı Hacıağa Hacılı (yarimmüdafiəçi), 19 yaşlı Nicat Mehbalıyev (qapıçı), 18 yaşlı Toral Bayramov (hücumçu) və 17 yaşlı Musa Qurbanlıdan (hücumçu) . Qeyd edək ki, komandanın yeganə qolunu da İsmayıl İbrahimli vurub.
Ölkənin məlumatlı idman saytları yazır ki, Q.Qurbanovun ilk dəfə olaraq bu qədər gənci əsas komandaya cəlb etməsini müsbət fakt, alqışlanacaq addım kimi qiymətləndirmək olar.
Biz də belə düşünürük ki, “qaranquşlar gəldi-gedərdi, sərçələrdən muğayat olmaq, qorumaq lazımdır”. Hər bir klub öz oyunçularımızın ustalığının artırılmasına, meydanda özünü təsdiq etməsinə çalışmalıdır...


