Gürcüstanda son günlər koronavirus daha sürətlə yayılmağa başlayıb. Yoluxma sayına və pandemiyadan ölüm faktına görə paytaxt Tiflis liderlik edir.
AZƏRTAC xəbər verir ki, son sutka ərzində Gürcüstanda 14 nəfər pandemiyanın qurbanı olub. Bunun da 8-i Tiflisdə qeydə alınıb. Bu Gürcüstanda pandemiyanın qeydə alındığı gündən bəri ən yüksək göstəricidir.
Koronavirusa yoluxanların sayında da Tiflis birinci yerdədir. Son sutka ərzində Gürcüstanda qeydə alınan koronovirus xəstələrinin 913-ü Tiflisin payına düşür. İkinci yerdə 337 nəfərlə İmereti, ikinci yerdə isə 296 nəfərlə Acarıstan bölgəsi dayanır.
Azərbaycanlıların ən çox məskunlaşdıqları Kvemo Kartli-Borçalı bölgəsində isə 89 nəfərdə koronavirus aşkarlanıb.
Hazırda Tiflisdəki xəstəxanalarda 1996 COVID-19 xəstəsi müalicə olunur ki, onların da 159-nun vəziyyəti ağırdır.
Acarıstanda xəstəxanalarda müalicə olunan 657 xəstənin 80-nin vəziyyəti ağır qiymətləndirilir.
Ümumilikdə Gürcüstanda xəstəxanalarda müalicə olunan koronavirus xəstələrinin sayı 3832 nəfərdir. Onların da 401-nin vəziyyəti ağırdır.


