O qədər əminəm ki, indi deyəcəyim məsələ çoxunun ürəyindən olacaq. Məsələ ha... Gör bu qədər problemimizin içində durub danışdığımız mövzuya baxın. Əzizlərim, dəfələrlə bu barədə danışılıb, danışmışam, amma bir fayda olmayıb. Yenə jurnalist etikamı səliqə ilə kənara qoyub hirsimi çıxarmaq istəyirəm. Axı camaat niyə kücəyə tüpürməyi bu qədər sevir? Çox ürəkbulandıran, danışılması belə yersiz, amma vacib olan dərddir.
Son vaxtlar tərbiyə sözünə qıcıqlanıram. Belə qənaətə gəlmişəm ki, tərbiyə də insanın digər xüsusiyyətləri kimi genlə keçir. Çünki baxırsan ki, bir axmaq ailədən “adambalası” övlad ortaya çıxdı. Ya da əksinə, ədəb-ərkanlı ailədən bir vələdızna törədi və. s. İndi bu tüpürmək adəti də qanla keçən şeydi. Bir insanı məcburi şəkildə harasa tüpürməyə təkid etmək olmaz. Çoxumuz diş həkiminə gedəndə belə ağız yaxalayarkən tüpürməyə həya edirik. Amma adam da var ki, kiminsə üzünə tüpürmək üçün içi gedir. Həyatına tüpürən, diplomuna tüpürən, zəhmətinə tüpürən o qədər adam var ki... Əlbəttə, bu hirsli başdan çıxan sadəcə sözlərdən ibarətdir. Biri də var əməl. Yuxudan durub, evdən küçəyə çıxan kimi başlayırsan şəhəri tüpürcəyə boyamağa. Dünyanın hansısa bərkgedən şəhərində tüpürən adam varmı? Beləsinə elə bir cərimə yazarlar ki, bir də ağızsuyu ifraz etməyə cürət etməz.
Bizim tüpürən kişilərə isə heç kəs çata bilməz. Tək-tük qadın tüpürər, o da ancaq binamus kişisinin sifətinə, eləsinədə ki zaval yoxdu. Əvvəllər elə bilirdim ki, yalnız siqaret çəkən kişilər tüpürməyə adətkardı. Sən demə, oğlanlar, gənclər bu hərəkəti edəndə xüsusi zövq alırmışlar. Hamının gözü qarşısında iyrənc “işi” görəndə bir ətrafa baxsalar nə yaxşı olardı. Beləsini, adamın nə döyməyi gəlir. Ay balam, məgər evində tənəffüs yollarını təmizləyəcək hamam, ayaqyolu yoxdurmu? Axı biz nə vaxta qədər ürəyimiz bulana-bulana gəzəyəcəyik, ayaqqabımız batmasın deyə yerə baxa-baxa yeriyərkən iştəhadan kəsiləcəyik? Adamın bir qanacağı olar? Baxırsan nər, “ütülənmiş” kişi son model maşınından düşər -düşməz elə bir hay-küy qopararaq yerə tüpürür ki, deyirsən indi boğazı cırılacaq. Amma di gəl ki, beləsinin maşınına bir quş “tualetini” etsə, söyüşü bir qəpik olar. Quşbeyin qədər özünü paralayanlar, küçə də bizimdir. Bu şəhəri öz evi hesab etməyənlər, öz evinizin içinə tüpürərsinizmi? Görəsən, xarici ölkələrdə insanları bu məsələdə necə tərbiyə ediblər? Yenə söhbət gəlir çıxır hər kəsin şəxsi qanacağına.
Bir misal çəkim. Yaşadığımız binanın lifti adət üzrə siqaret qoxusu verir. Adama pis təsir edən bu qoxudan necə qurtulacağımızı düşünürkən, mehribancasına mesaj yazmaq qərarına gəldik. Liftin qapısı və içərisinə yapışdırılan xahişnamə heç bir gün də qalmadı. Kağızları çırıb tulladılar. Deyəsən, siqaret xəstəsi olanların xətrinə dəydik. İndi liftimiz işləməyəndə çox da dilxor olmuruq. Bax, bizdə vəziyyət belədir. Kimisə yolda tutub, “yerə tüpürmə də” desən, elə bir həngamə qopar ki, üzmuzə də tüpürərlər, qanacağıza da. Bəs neyləyək? Deyirəm bəlkə, tüpürə-tüpürə gəzənlərdən bunu oxuyan ola, bəlkə ayıla.
Bu arada bir gülməli hadisə yadıma düşdü. Bir neçə il əvvəl Türkiyənin Muğla bölgəsində bir kişi evinin eyvanından yerə tüpürərkən yıxılıb ölmüşdü. Yəqin, kişi “Titanık” kinosundakı aşiqlər kimi “kim uzağa tüpürdü” yarışına qoşulubmuş. Ölümün səbəbinə bax da.
Bizdə də beləsi az deyil. Deyin görək, neyləyək?


