banner
banner

Dünya

ABŞ “qoca qitə”yə qayıdır: Blinkenin səfərində anti-Çin projesi - şərh

ABŞ “qoca qitə”yə qayıdır:

Baydenin avroturnesindən sonra dövlət katibinin Almaniyaya gedişi təkcə Liviya böhranı ilə əlaqələndirilmir, Pekinin artan gücünü önləmək üçün səfərbərlik kimi dəyərləndirilir

ABŞ dövlət katibi Antoni Blinken Almaniyaya səfər edəcək. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, səfərin məqsədi orada Liviya ilə bağlı konfransda iştirak etmək, eləcə də alman həmkarı ilə Holokostun inkarı və antisemitizmə qarşı mübarizə yollarını müzakirə etməkdir.

Almaniya və BMT Liviyada davamlı sülh əldə etmək, hökuməti dəstəkləmək üçün əvvəlki səylərə əsaslanaraq Berlin konfransına ev sahibliyi edir. Ancaq ABŞ prezidentinin Avropa turnesindən sonra dövlət katibinin “qoca qitə”yə səfəri başqa mülahizələrə də yol açır.

Analitiklərin fikrincə, Amerika Avropada mövqelərini gücləndirir və möhkəmləndirir. Siyasi təhlilçilərin sözlərinə görə, bu ittifaq Çinin dünyada artan gücünü önləmək üçün səfərbərlik kimi dəyərləndirilə bilər. Yəni Blinkenin Almaniya səfəri rəsmi olaraq Liviya böhranı ilə bağlı konfransda iştirak etməkdirsə, digər səbəb həm də Vaşinqtonun Avropada fəallığını artırmağa, anti-Çin koalisiyasını aktivləşdirməyə hesablanıb. Hətta ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı ilə Cenevrədə görüşərkən Vladimir Putindən Pekinə qarşı birgə hərəkətlənməyi xahiş etdiyi haqda iddialar səslənirdi.

Yeri gəlmişkən, bir neçə gün qabaq “Boeing”lə “Airbus” arasında razılaşma olmuşdu. Bu da məhz Çinə qarşı razılaşma kimi dəyərləndirilirdi. Bəs ABŞ və Avropa İttifaqı güclərini Çinə qarşı birləşdirə biləcəkmi? Avropa bu razılaşmaya sona kimi əməl edəcəkmi?

Çünki Avropa yeknəsəq deyil, Çinlə əməkdaşlığa üstünlük verən dövlətlər var, ABŞ onların dəstəyini almaq üçün siyasətini dəyişməlidir.

Eyni zamanda Rusiyanın iştirakı olmadan Pekinə qarşı təzyiqlər gözlənilən effekti verməyə bilər. Əksinə, Rusiya Çinlə daha da yaxınlaşa, müqaviməti artırmaqla prosesin rəngini dəyişə bilər.

REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, ABŞ və Avropa seçim etməlidir, eyni anda və eyni yanaşma ilə iki cəbhədə mübarizə apara bilməz.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » Reyting.az

Natiq Cəfərli: “ABŞ Pekinə qarşı mübarizədə bütün Avropanın dəstəyini qazanmaq üçün həmin ölkələrə nəsə verməlidir, Rusiyasız çətin olacaq”

Onun fikrincə, həm Rusiya, həm Çinə qarşı həmahəng təzyiq siyasəti ciddi problemlərə gətirib çıxaracaq. N.Cəfərli onu da nəzərə almağa çağırır ki, Qərb ölkələri arasında Çinə qarşı təzyiqlərə dəstək verməyən ölkələr də var: “Məsələn, Çinin İtaliyada yatırımları var. Ona görə Pekinə qarşı mübarizədə bütün Avropanın dəstəyini qazanmaq üçün həmin ölkələrə nəsə verməlisən. Təbii ki, bu uzaq Şərq ölkəsinə təzyiqlər güclənəcək. Mən bunu istisna etmirəm. Xüsusən də virusla bağlı beynəlxalq məhkəmələr, Çindən milyardlarla təzminat tələbi olacaq. Sadəcə, bu koalisiyada Rusiyanın yer alması üçün ona ciddi güzəştlər təklif etməlisən.

İlk növbədə, Qərb və ABŞ Rusiya ilə münasibətləri yumşaltmalıdır, onun müəyyən maraqlarına toxunmamağa razılıq verməlidir. Bu da çətin məsələdir. Çünki münasibətlər o qədər zədə alıb ki, 180 dərəcə əlaqələrin dəyişməsi nonsens görünür".

N.Cəfərlinin fikrincə, ABŞ və Avropanın Rusiyasız Çinə qarşı addım atması çətin olacaq: “Mən nüfuzlu ”Foreign Police" nəşrində çap edilən məqaləni misal gətirə bilərəm. Analitik yazıda qeyd olunur ki, “Böyük Yeddilik” böyük ikiliyə - yəni Rusiya-Çin ittifaqına uduza bilər. Odur ki, Amerika bütün tərəfləri razı salmaq üçün böyük güzəştlərə getməlidir. Rusiya da bir tərəfdən anlayır ki, Qərblə əlaqələr hər nə qədər kəskin olsa da, ona ən böyük təhlükə elə Çindən gəlir. Məlum məsələdir ki, Amerikanın Rusiya ilə müharibə etmək fikri yoxdur, bu, böyük fəlakətə gətirə bilər. Lakin Çinin Rusiyaya ekspansiyası mümkündür. Ən azı 3-6 milyon çinli Rusiyanın Uzaq Şərqinə yerləşib. Beləliklə, Çin silahsız, gülləsiz ekspansiyanı reallaşdırıb. Bu mənada Moskva Qərblə anlaşa bilər. Lakin Avropa heç bir böyük güzəştlər təklif etmir".

Azad Məsiyev

Politoloq Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ Çini özünə rəsmi rəqib hesab edir. Onun fikrincə, bu ölkənin dünyada iqtisadi gücünün artması Amerikanın maraqlarına qətiyyən uyğun gəlmir: “Bayden və ondan əvvəlki ABŞ prezidentlərinin də hədəfi Çini zəiflətmək və parçalamaq olub. Hətta bugünlərdə keçirilən NATO sammitində də Çinlə bağlı birgə fəaliyyətin koordinasiyasını ABŞ üzərinə götürdü. Bu planın detalları indi ayrı-ayrı ölkələrlə müzakirə olunmaqdadır”.

Ekspert yada salır ki, hətta Baydenlə Putin arasında da Çin məsələsi danışılıb: “Vaşinqton çox cəhd etdi ki, Rusiya da Çinə qarşı fəaliyyətdə olsun. Amma Moskva buna getmədi. Hazırda Amerikanın əlinə bəhanə düşüb, koronavirusun Çin laboratoriyalarında hazırlanması barədə kəşfiyyat məlumatlarını yayaraq, Pekinə qarşı təzyiqləri gücləndirməyi hədəfləyiblər. Hətta virus yayılan ilk vaxtlarda Çinə qarşı kompensasiya tələbi gündəmə gəlmişdi. Əslində Çinin sıxışdırılması planda idi, sadəcə, ”COVİD-19" bir bəhanə oldu. Bütün bunlara isə Çin sakit baxmır, baş verənləri yaxşı bilir. Mənə elə gəlir ki, Çinə təzyiqlər Pekin-Moskva münasibətlərini möhkəmləndirəcək".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.