Gəncə şəhərində sahibkardan vergi yoxlaması zamanı daha az maliyyə sanksiyası tətbiq etmək müqabilində rüşvət alan dövlət vergi müfəttişi həbs edilib.
Cia.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında bildirilib.
Məlumata görə, Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri keçirilib və cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin dövlət vergi müfəttişi Rüfət Alıyev 2026-cı ilin sentyabr ayında Gəncədə fəaliyyət göstərən sahibkardan vergi yoxlaması zamanı daha az maliyyə sanksiyası tətbiq etmək müqabilində rüşvət alıb.
Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə və ya hərəkətsizliyə görə rüşvət alma) maddəsi ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qanunsuz əməllərin tam dairəsinin müəyyənləşdirilməsi və cinayətdə iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
Məlum olduğu kimi, oktyabrın 23-ü Xətai rayonunda törədilən silahlı insident və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bakının Xətai rayonunda restoranda baş verən insident nəticəsində qətl törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.