banner
banner

Sosİal

Balasını öldürüb, evinə çörək aparanlar

Balasını öldürüb, evinə çörək aparanlar
Yazar: Seymur Verdizadə

Bir tanışım var, yaşı 35-i ötsə də, hələ ailə həyatı qurmayıb. Səbəbini soruşanda, belə deyir: “Tanıdığım insanların əksəriyyəti gündə yüz dəfə cilddən-cildə girir. Hamı da deyir ki, balalarıma çörək qazanmağın xatirinə belə edirəm. Bəzən övlad insanı ən naqis hərəkətlərə də vadar edir. Mən alçala-alçala uşaq böyütmək istəmirəm”.

Gəlin, bu fikrin müəllifinin məsuliyyətdən qorxduğunu deyib, mövzuya nöqtə qoymağa tələsməyək. Çünki onun sözlərində həqiqət payı az deyil. Son 10-15 ildə təmsil olunduğu düşərgəni tərk edən adamların əksəriyyəti eyni arqumentlə özünə haqq qazandırmağa çalışıb: “Mənim də balalarım var. Onların acından ölməsinə razı ola bilməzdim”.

Dərd burasındadır ki, övladlarını özlərinin yaramaz əməllərinə alət edənlər təkcə ictimai-siyasi fəaliyyətlə məşğul olan adamlar deyil. Sadə insanlar da tez-tez uşaqlarının adını dillərinə gətirib, özlərinin çirkin niyyətini həyata keçirməyə çalışırlar. Belələri ilə küçədə, ictimai nəqliyyatda, müxtəlif mərasimlərdə tez-tez qarşılaşırıq. Ətrafımızda da onlardan çox var...

Jurnalist həmkarım Aqil Camalla ötən həftə Bərdədən qayıdanda yolda balıq almaq istədik. Yevlaxda Kürün üstündə orta yaşlı bir kişi satdığı balıqları o qədər təriflədi ki, onun əlini gri qaytara bilmədik. O, hərəmizdən 4 kiloqram balığın pulunu alanda özümü saxlaya bilmədim: “Qardaş, sənin tərəzindən gözüm su içmədi...”

Satıcı əl-ayağa düşdü: “Bu tərəzi saat kimi dəqiq işləyir. Əgər yalan deyirəmsə, Allah iki balamı əlimdən alsın”.

Bu sözləri eşidəndə əməlli-başlı peşman oldum. Vicdan ağrısından xilas olmaq üçün aldığım balığı Bakıda bir də çəkdirdim. Məlum oldu ki, Yevlaxda mənə 4 kiloqram əvəzinə 2,5 kiloqram balıq veriblər.

Oxşar hadisə ilə bir neçə gün əvvəl “8-ci kilometr” bazarında da qarşılaşdım. Meyvə almaq istəyəndə hiss etdim ki, satıcı məni aldadır. Yenə özümü saxlaya bilmədim: “Ağsaqqal, düz çək”.

Kişi dil-boğaza qoymadı: “Oğul, mən 40 ildi piştaxta arxasında dayanıram. İndiyə kimi heç kəsi aldatmamışam. Əgər yalan deyirəmsə, qazancım balalarımın kəfən pulu olsun”.

Bu sözlərdən o qədər iyrəndim ki, arxamı ona çevirib, sürətlə bazarı tərk etdim...

Üç-dörd gün əvvəl avtobusla Yeni Ramanadan şəhərə gəlirdim. Sürücü yüksək səslə danışdığı üçün sərnişinlər onun sözlərini aydın şəkildə eşidə bilirdilər: “A kişi, vallah, mən sənin vaxtına girməmişəm. Arxayın ol, qrafikdən kənara çıxmamışam”.

Demək olar ki, hər gün bu cür söhbətlərin şahidi oluram. Sürücülərin bir-birinin vaxtına qəsd etməsi onların arasında söz-söhbətə səbəb olur. Yenə analoji vəziyyət yaranmışdı. Aradan təxminən 10 dəqiqə keçməsinə baxmayaraq, onların mübahisəsi bitmək bilmirdi. Avtobus ağzına kimi dolu olsa da, heç kim səsini çıxarmırdı. Hamı səbirsizliklə bu söhbətin nəticəsini gözləyirdi. Avtobusumuz aeroport yoluna çıxanda sürücü təkrar and içməyə başladı: “Allah haqqı, boş gedirəm. Bir balamın ölmüşünə and olsun, avtobusda cəmi beş-altı adam var”.

Metronun “Koroğlu” stansiyasına çatanda, sərnişinlər bir-bir düşməyə başladılar. Avtobusda adam çox olduğundan bu proses təxminən 10 dəqiqə vaxt apardı. Gediş haqqını ödəyib aşağı düşmək istəyəndə sürücünün əlində tutduğu bir dəstə pulu sığallaması diqqətimi cəlb etdi. Sevincdən oğlanın gözləri parıldayırdı. Allah bilir, bu pulla evinə nələr alacaqdı. Hansı ki, həmin pulu qazanmaq üçün oğlunu gündə yüz dəfə öldürüb-dirildir...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Oktyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri aparılacaq. Həmçinin Abşeron RETSİ-nin xidməti ərazisində 35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir işləri həyata keçiriləcək.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir.

Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq

Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində - Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

Bakıda sabah bu avtobuslar PULSUZ OLACAQ - RƏSMİ

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə “Sabah” futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq.

DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.