Üç-dörd il əvvəl Bakının Qaradağ rayonunda 50-55 yaşlı müəllimin öz şagirdi ilə intim münasibətdə olduğuna dair fakt ortaya çıxmışdı. İstintaq zamanı məlum olmuşdu ki, həmin müəllimin yaşadığı qəsəbədə uşaqdan tutmuş böyüyə kimi hamının bu hadisədən xəbəri olub. Amma bir kişi tapılmayıb ki, həmin üzdəniraq müəllimin yaxasından yapışıb, sifətinə tüpürsün...
Uşaq vaxtı bizə öyrədirdilər ki, həyatda ən böyük bəla laqeydlikdir. Yəni, ağlı başında olan insan ətrafında baş verən eybəcərliklərə biganə qalmamalıdır. Allah-Təala insana ağlı ona görə verib ki, ağı qaradan, yaxşını pisdən ayıra bilsin. Təəssüf ki, son vaxtlar bunun əksi baş verir. Böyük əksəriyyətimiz “ağrımayan başıma yaş dəsmal bağlamayım” prinsipi ilə hərəkət edirik. Nəticədə başımız ağrımasa da, bir müddət sonra ürəyimiz ağrımağa başlayır.
Son vaxtlar bir-birindən iyrənc xəbərlər almağa vərdiş etmişik. Üç-dörd uşaq anası olan hansısa qadının evli kişiyə qoşulub qaçması indi heç kimi təəccübləndirmir. Çünki belə murdar hadisələr tez-tez baş verir. Bir də görürsən ki, başına papaq qoyub, əyninə şalvar geyinən dəyyusun biri başqasının arvadını götürüb, aradan çıxdı. Ya da eşidirsən ki, ana adını daşımağa haqqı olmayan birisi uşağının birini məktəbdə, digərini bağçada qoyub, yad kişi ilə eşq yaşamağa getdi. Mən hələ anasına, bacısına, doğma qızına pis gözlə baxan əclaflardan yazıb, qanınızı qaraltmaq istəmirəm.
Nə baş verir? Bu adamlar necə ortaya çıxır? Xeyli daşınıb-düşünəndən sonra bu qənaətə gəlmişəm ki, insanlığa ləkə olan bu adamlar bizim laqeydliyimiz üzündən sürətlə çoxalırlar. İnsanlara layiq olduğu qiyməti vermədiyimiz üçün yaxşı ilə pisin fərqi bilinmir. Vəziyyət o həddə çatıb ki, gənc həyat yoldaşını, 3 körpə qızını damın altında tək qoyub gedən adam 30 il sonra geri dönüb, ailə üzvlərindən, yaxınlarından onu bağışlamağı xahiş edir. Çox vaxt da istəyinə çatır. Əslində, necə olmalıdır? Efirdə tez-tez təkrarladığım bir fikri burda da yazmaq istəyirəm: ailəsindən, doğma övladlarından imtina edən adamlara elə sifət göstərmək lazımdır ki, heç kim uşaqlarını atmağa cəsarət etməsin. Bir də görürsən ki, əclafın biri qışın oğlan çağında yaşlı valideynlərinin arxasından bir təpik vurub, küçəyə atdı. Daha acınacaqlısı isə odur ki, bunu bilə-bilə 3 gün sonra qonşusu həmin adamı oğlunun toyuna, qızının nişanına çağırır. O da dərhal keçib başda əyləşir. Üstəlik, heç kimə danışmağa imkan vermir, hamıya ağıl öyrətmək istəyir. Amma belə olmamalıdır. Mən demirəm ki, uşaqlarından imtina edən, yaşlı valideynlərini küçəyə atan adamları tutub döymək lazımdır. Yox, bu, qanunsuzluq olardı. Bu cür yaramaz əməl sahibləri ilə mübarizə aparmaq üçün əlimizdə başqa imkanlar da var. Məsələn, küçədə-bazarda həmin adamlarla qarşılaşanda onlara arxamızı çevirə bilərik. Yaxud həmin adamları oğlumuzun toyuna, qızımızın nişanına çağırmamaqla onlara layiq olduğu yeri göstərmiş olarıq. Bir sözlə, ictimai təpki çox böyük silahdır. Bu silahdan açılan atəş insanı fiziki cəhətdən məhv etməsə də, mənəvi cəhətdən öldürür...


