banner
banner

Cəmİyyət

Vüqar Gülməmmədovun qardaşı necə məmur oldu - SENSASİON TƏFƏRRÜATLAR

Vüqar Gülməmmədovun qardaşı necə məmur oldu - SENSASİON TƏFƏRRÜATLAR

Dünyada dövlət vəsaitlərinin xərclənməsi üzərində ali maliyyə nəzarətini həyata keçirən qurumlar məmur aparatının ən çox çəkindiyi subyektlər olur: büdcədən alınan hər qəpiyə görə həmin quruma izahat vermək ehtimalı böyükdür. Çünki belə qurumlar vətəndaşların, biznesin ödədiyi vergilərdən formalaşan dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinin qarşısını alan əsas orqanlardan biri olur, vaxtaşırı büdcədən çox pul alan təşkilatları yoxlayır, layihələri araşdırır. Və belə qurumlara adətən böyük səlahiyyətlər verilir ki, heç kimdən qorxmadan büdcə vəsaitlərinin oğurlanmasının qarşısını alsınlar.

Azərbaycanda da Hesablama Palatasına xeyli səlahiyyətlər verilib. Bu səlahiyyətlərdən istifadə edən Palatanın bu və ya digər dövlət qurumunda külli miqdarda maliyyə pozuntusu aşkarlaması faktları ara-sıra ictimai rezonansa da səbəb olur. Bir çox hallarda Palatanın yoxlama apardığı qurumlarda cüzi nöqsanlar aşkarlandığına dair hesabatı insanlarda inamsızlıqla qarşılanır: büdcə pulları ilə yaşayan hər hansı dövlət qurumunda orta ranqlı vəzifəli belə həbs olunduqda milyonlarla manat pul mənimsənilməsi aşkarlanır. Bu şəraitdə, məsələn, böyük bir universitetdə yoxlama aparıb cəmi 50 min manatlıq nöqsan açıqlanması, yumşaq desək, insanlarda gülüş doğurur.

 

Bu yaxınlarda redaksiyamıza verilən bir məlumatı isə böyük təəccüblə qarşıladıq. Həmin məlumatda Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun öz qardaşını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini vəzifəsinə təyin etdirmək üçün agentliyin rəhbəri Zaur Mikayılovu necə “yola gətirdiyi” açıqlanır. Bildirilir ki, Z. Mikayılov sıradan bir kadr olan İlqar Gülməmmədovun Agentliyə rəhbər vəzifəyə gətirilməsinə razı deyilmiş. Doğrudur, təyinat dövlət başçısının sərəncamı ilə həyata keçirilir, lakin iri dövlət qurumlarında belə təyinatlar zamanı həmin qurumların rəhbərlərinin rəyi mütləq nəzərə alınır, bir çox hallarda namizədləri onlar təklif edirlər. Ki, həmin müavinlərlə məhz qurum rəhbərləri işləyirlər və onların arasında anlaşmanın olması vacib şərtlərdən biri hesab olunur.Mənbəmizin dediyinə görə, Z. Mikayılov İ. Gülməmmədovun Agentliyə sədr müavini gəlməsini istəmirmiş, lakin V. Gülməmmədov onu razı salmağın yolunu asanlıqla tapıb: Hesablama Palatasının auditorlarını Agentliyin fəaliyyətini yoxlamağa göndərib. Auditorlar bir sıra pozuntular aşkarlayıblar, faktlar Z. Mikayılovun diqqətinə çatdırıldıqdan sonra o, İ. Gülməmmədovun özünə müavin təyin olunmasına dair təkliflə çıxış edib.

 

Hesablama Palatasının Agentlikdəki yoxlamaya dair rəyi isə təyinatdan bir ay sonra ictimaiyyətə açıqlanıb.

Məlumatla bağlı araşdırma apardıqda aydın oldu ki, İ. Gülməmmədov 2024-cü ilin noyabrında Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini təyin olunub. Agentliyin internet saytında verilən məlumatdan aydın olur ki, İ. Gülməmmədov 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Material resursların idarə edilməsi” fakültəsini iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1996-cı ildə 9 saylı Təmir-Tikinti Trestində kommersiya məsələləri üzrə müdir müavini kimi başlayıb. 2009-cu ilədək müxtəlif təşkilatlarda kommersiya və maliyyə məsələləri üzrə müdir müavini kimi çalışıb. Sonrakı 5 il ərzində özəl sektorda “Favorit” MMC-nin direktoru kimi fərdi sahibkarlıqla məşğul olub.

2013-cü ildə qardaşı V. Gülməmmədovun Hesablama Palatasının sədri təyin olunmasından sonra onun da dövlət qurumlarında fəaliyyətinə start verilib: 2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidmətinin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) ilə birgə “Kənd yerlərinin kompleks inkişafı” layihəsinin kreditlər üzrə baş koordinatoru təyin edilib.

2018-ci ildən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunda audit şöbəsinin müdiri vəzifəsinə keçib. Altı il orada çalışdıqdan sonra isə ölkənin ən böyük dövlət qurumlarından birinə — Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin olunub.

Maraqlıdır ki, mənbəmizin digər məlumatı da özünü doğruldur: Hesablama Palatası həqiqətən 2024-cü ildə Su Ehtiyatları Agentliyində yoxlama aparıbmış. Yoxlamanın nəticələri həmin ilin dekabrında açıqlanıb. Ölkə mətbuatının yaydığı məlumatdan aydın olur ki, Palata Agentliyin fəaliyyətinin sırf Z. Mikayılovun 2021–2023-cü illərdə rəhbərlik etdiyi meliorasiya istiqamətini yoxlayıb. Xatırladaq ki, 2021-ci ildə Z. Mikayılov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunub. 2023-cü ildə isə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

 

Hesablama Palatası 2024-cü il üzrə İş Planına uyğun olaraq məhz Z. Mikayılovun 2021-ci ildən rəhbərlik etdiyi istiqamətdə yoxlama aparıb. Açıqlanan məlumatdan aydın olur ki, məqsəd Kür–Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqlarındeqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi olub. Audit çərçivəsində Kür–Araz ovalığında torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sisteminin fəaliyyətinin təşkilinin, torpaqların deqradasiyasına qarşı kollektor-drenaj sistemi vasitəsilə həyata keçirilən tədbirlərin səmərəliliyi və nəticəliliyinin, kollektor-drenaj sistemində yığılan suların idarə edilməsi fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib.

Hesablama Palatasının audit nəticələri ilə bağlı atdığı addım da maraq doğurur. Belə ki, Palata Kollegiyası auditor hesabatını təsdiq edərək, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, kənar dövlət maliyyə nəzarəti tədbirinin əhatə etdiyi məsələlərin, obyektlərin və ərazinin genişliyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi və tabeli qurumlar üzrə daxili nəzarət qaydasında müvafiq tədbirlərin həyata keçirilməsi, aidiyyəti dövlət qurumlarına müvafiq məktubların göndərilməsi barədə qərar qəbul edib.

Göründüyü kimi, auditin nəticələri elə Agentliyin özünə təqdim olunub ki, tədbirlər görülsün.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda piyada səkilərinin qanunsuz zəbtinin qarşısı alındı - Fotolar

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakıda piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, ictimai məkanların daha əlçatan olması əsas prioritetlərdən biri kimi müəyyən olunub.

Mehdiyevlər İmişli bazarını belə ələ keçirib - Şok detallar

İmişli rayon sakini İntiqam Əvəzov ailələrinə məxsus bazarın qanunsuz şəkildə əllərindən alındığını iddia edib. O bildirib ki, bu proses Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin göstərişləri ilə həyata keçirilib. Hurriyyet.az xəbər verir ki, Globalinfo.az-a müraciət edən şəxs atası, mərhum Rüstəm Əvəzovun 1995-ci ildən İmişli rayon kolxoz bazarının müdiri olduğunu bildirib. 1999-cu ildə “Özəlləşdirmənin 1-ci Dövlət Proqramı” çərçivəsində keçirilən hərracda Rüstəm Əvəzov, eləcə də onun qardaşları Əvəz və Məcnun Şükürovlar müəssisənin 55 faiz səhmini qanuni yolla əldə ediblər. Ailənin sözlərinə görə, bu faktı təsdiqləyən sənədlər – hərrac protokolu, səhm sertifikatları və səhmdar reyestrləri bu gün də onların əlindədir. Şikayətçilər iddia edirlər ki, 2000-ci ildə keçmiş deputat və Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin biznes ortağı Əziz Quliyev adlı şəxs özəlləşdirmənin nəticələrinin ləğvi tələbi ilə məhkəməyə müraciət edib. Onların sözlərinə görə, uzun illər davam edən məhkəmə çəkişmələrində əvvəlki instansiyalar ailənin xeyrinə qərar versə də, Ali Məhkəmə Ramiz Mehdiyevin müdaxiləsi ilə Əziz Quliyevin xeyrinə qərar çıxarıb. Bunun nəticəsində ailə bazardan məhrum olub. İ.Əvəzovun sözlərinə görə, bu ədalətsizlik onların maliyyə cəhətdən çökməsinə və ailə faciələrinə səbəb olub. Belə ki, atası Rüstəm Əvəzov 2002-ci ildə, əmisi Məcnun Şükürov isə 2020-ci ildə ağır stress nəticəsində dünyasını dəyişib. Şikayətçilər bildirirlər ki, Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırıldıqdan və barəsində araşdırmalar başladıqdan sonra ədalətin bərpa olunacağına ümid yaranıb. Onlar hesab edirlər ki, Mehdiyevin göstərişləri ilə hərəkət edən şəxslər, o cümlədən Əziz Quliyevin də əməlləri araşdırılmalıdır: “Əziz Quliyev 25 ildən artıqdır ki, İmişli bazarını qanunsuz olaraq əlində saxlayır, vergidən yayınmaqla böyük sərvət qazanıb. Onun barəsində qanunsuz varlanma, özgə əmlakını ələ keçirmə və vergidən yayınma faktları üzrə ciddi araşdırma aparılmalıdır”. Bundan başqa, şikayətçi onların xəbəri olmadan 25 il öncə Nəsimi rayonunda məhkəmənin keçirildiyini bildirib: “Maraqlıdır ki, məhkəmə Əziz Quliyevin xeyrinə qərar çıxarmışdı. Bunun əsasında Xətai rayon Məhkəməsinə müraciət edib, qalib gəldik. Bunlar isə Ulu Öndər Heydər Əliyevin sayəsində baş tutdu. Çünki əmim Heydər Əliyevə məktub ünvanlamışdı deyə, işimizə baxılması üçün tapşırıq verilmişdi. Lakin məhkəmə qərarı icra olunmadı. Özləri də dedilər ki, onlara təzyiq göstərilir. Hətta Apelyasiya Məhkəməsi də xeyrimizə qərar çıxardı. Amma 8 aydan sonra iş Ali Məhkəməyə verildi və onların xeyrinə qərar verildi. Onda da hakim Südabə xanım idi. Adam açıq şəkildə bizə dedi ki, mən işi sizin xeyrinizə çıxarsam, məni Mehdiyev ailəsi öldürəcək”. İntiqam Əvəz 25 ildən sonra məsələnin işıqlandırılmasını belə izah edib: “Ramiz Mehdiyevə görə heç kim işimizə ədalətli yanaşa bilmirdi. Biz gözləyir və inanırdıq ki, nə vaxtsa Ramiz Mehdiyev vəzifədən kənarlaşdırılacaq və ya dünyasını dəyişəcək. İndi isə ölmədi, amma ölməkdən daha pis hala düşdü. Adam Vətən xaini kimi ifşa olundu”.