banner
banner

Cəmİyyət

Bakının 8 rayonunda söküntü: Kompensasiya ödənildi

Bakının 8 rayonunda söküntü:
Bakı şəhərində aparılan söküntü işləri ilə əlaqədar təxminən 1500-dən çox ailə ilə razılaşma əldə olunub.

Axar.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O bildirib ki, proses "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na uyğun olaraq həyata keçirilir:

"Bildiyiniz kimi, ötən il qəzalı vəziyyətdə olan 200-ə yaxın binanın sökülməsi ilə bağlı qərar verilib. Lakin bu proses bununla yekunlaşmayacaq.

İstismar müddəti başa çatmış bir çox binaların sökülməsinə start veriləcək. Bu, şəhərin tarixi və qədim simasının qorunması şərti ilə infrastrukturun yenilənməsi, müasir standartlara cavab verən tikinti işlərinin aparılması məqsədi daşıyır.

İlkin mərhələdə 4000-dən çox mənzilin sökülməsi planlaşdırılır. Təqribən 1500-dən çox ailə ilə razılaşma əldə olunub və onların əksəriyyəti həmin razılaşma əsasında mülkiyyət hüququndan imtina edərək müvafiq kompensasiya məbləği ilə təmin olunub. Bu proses paytaxtın təxminən 8 rayonunda həyata keçirilir".

Sədr qeyd edib ki, adətən parkların salınacağı, abadlıq işlərinin aparılacağı, metro xətlərinin və digər infrastruktur layihələrinin həyata keçiriləcəyi ərazilərdə müvafiq dövlət qurumları ilə birbaşa razılaşma əldə olunur və dövlət büdcəsindən həmin şəxslərə kompensasiya ayrılır:

"Yeni binaların tikintisi üçün isə müvafiq inşaat şirkətləri və investorlar müəyyənləşdirilir. Həmin investorlar birbaşa sakinlərlə danışıqlar aparır və ya müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş kompensasiya məbləğini təklif edirlər. Bir çox hallarda dövlətin icra qurumları tərəfindən keçirilən tenderlərdə qalib gələn şirkətlər kompensasiya məbləğini müəyyənləşdirir və həmin qərara uyğun olaraq ödənişlər həyata keçirilir.

Bu proses bəzi hallarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən, bəzi hallarda isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılmış komissiya tərəfindən icra olunur.

Xüsusilə Yasamal rayonu ərazisində həyata keçirilən söküntü işləri və kompensasiya ödənişləri müvafiq komissiya tərəfindən təşkil edilir.

Fikrimizcə, daha məqsədəuyğun olar ki, bütün hallarda kompensasiya məbləğini müstəqil qiymətləndirici şirkətlər müəyyən etsin. Çünki "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əsasən, ölkədə daşınmaz əmlakın dəyərini müstəqil qiymətləndirici müəyyən etməlidir.

Bu daha obyektiv yanaşmadır. Əgər kompensasiya məbləğini investor müəyyən edirsə, təbii ki, o, daha az məbləğ ödəməyə çalışa bilər. Dövlət müəyyən edirsə, bu zaman da büdcə və qənaət prinsipləri nəzərə alınır.

Lakin qiymətləndirici bu prosesdə müstəqil tərəf kimi çıxış edərsə və kompensasiya məbləğini obyektiv şəkildə müəyyənləşdirərsə, bu, daha ədalətli razılaşmaların əldə olunmasına səbəb ola bilər".

Onun sözlərinə görə, proses növbəti illərdə də davam etdiriləcək:

"Hazırda proses bu şəkildə davam edir və yalnız 2026-cı illə məhdudlaşmayacaq, növbəti illərdə də davam etdiriləcək.

Bu proses ölkənin, xüsusilə də paytaxtın tikinti və inşaat baxımından yenilənməsini, müasir standartlara cavab verən binaların inşasını, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların vətəndaşların təhlükəsizliyi baxımından sökülməsini nəzərdə tutur. Eyni zamanda, paytaxtın simasının yenilənməsi və gözəlləşdirilməsi məqsədi daşıyır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.

Vüqar Gülməmmədovun qardaşı necə məmur oldu - SENSASİON TƏFƏRRÜATLAR

Dünyada dövlət vəsaitlərinin xərclənməsi üzərində ali maliyyə nəzarətini həyata keçirən qurumlar məmur aparatının ən çox çəkindiyi subyektlər olur: büdcədən alınan hər qəpiyə görə həmin quruma izahat vermək ehtimalı böyükdür. Çünki belə qurumlar vətəndaşların, biznesin ödədiyi vergilərdən formalaşan dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinin qarşısını alan əsas orqanlardan biri olur, vaxtaşırı büdcədən çox pul alan təşkilatları yoxlayır, layihələri araşdırır. Və belə qurumlara adətən böyük səlahiyyətlər verilir ki, heç kimdən qorxmadan büdcə vəsaitlərinin oğurlanmasının qarşısını alsınlar.

Bakıda piyada səkilərinin qanunsuz zəbtinin qarşısı alındı - Fotolar

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakıda piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, ictimai məkanların daha əlçatan olması əsas prioritetlərdən biri kimi müəyyən olunub.