Kişi asanlıqla ağlamaz. Duyğularını göstərməz. Hüznünü kimsəyə bəlli etməz! İstəməz bundan kimsə xəbərdar olsun. Yaşadıqların içinə atar, bununla da hər şey başlamadan sona çatar.
Çünki doğulduğu vaxtdan ona sübut edilməyə çalışılır ki, ağlamaq kişi işi deyil. Dünyaya gözünü açandan kişi “qəlibə” salınır. Doğulanda mavi rənglə tanış olur. Üst-başı maviyə bürünərək “ciddi ol” deyirlər. Mavi soyuqluq rəngidir. Bu rəng kişiləri körpəlikdən “buza” çevirmək üçün istifadə edilir. Uşaq vaxtı “kişi adam ağlamaz” deyirlər. İllər sonra cəmiyyətdə ağlamağı unudan, “ürəyi daşa çevrilmiş” milyonlarla kişi formalaşır.
Kişilər ağlamaz deməyin! Elə ağlayar ki, gözündən düşən hər damlada içiniz yanar, ürəyiniz sızıldayar. “Ağlama” deyə bilməzsiniz, ağlayan kişiyə. Çünki bir kişi ağlayırsa, çarəsizdir. Sizin dodaqlarınızdan töküləcək sözlərə ehtiyacı yoxdur.
Bir kişi ağlayırsa, demək ki, canı ən dərindən, iliyinə qədər yanıb. Təxmin edə bildiyiniz qədər dərin…
Yanaqlarını isladan acı, ürəyinin ortasından vurub ki, ağlayır.
Kişilər ağlayırsa içindəki acı, gözlərinə vurduğu üçündür.
Göz yaşını kiminsə görməyini istəməz. Çünki üzərindəki “kişi adam ağlamaz” damğası, buna icazə verməz.
Tərk edib gedibsə sevdikləri,kürəyindən vurubsa “dost” dedikləri, içindəki dərdinin səsi göylərə çatırsa, kişilər də ağlayar.
Siz heç qapı qonşusu ilə arvadının qiybətini edən kişi görmüsünüz? Siçan görəndə divanın başına çıxan, böcək görəndə stola qalxan, “bu günlərdə yaxşı deyiləm” deyib, sizi qucaqlayıb ağlayan kişi necə, görmüsünüz?
Halbuki onlar da qadınlarla eyni duyğulara sahib olaraq dünyaya gəlirlər.
Amma ömrünün sonuna qədər “sən kişisən” məsuliyyətindən kənara çıxıb, gözyaşlarını azad edə bilmirlər.
“Kişiadam ağlamaz” deyirlər. Elə ağlayar ki, göz yaşları sel olar. Qadınlar qədər asan olmasa da, kişilərin də kədərlərinə məğlub olduğu, bir qırılma nöqtəsi var.
Onun da bir ürəyi var, amma ürəyində örtülüdür. Onun da bir duyğusu var, amma ruhunda gizlidir. Onun da bir zəif nöqtəsi var, amma bəlli etmir.
İllər, aylar, qarşılaşdığı haqsızlıqlar, onu alt-üst etsə də, hər zaman ayaqdan qalmağa çalışır. Başına gələnlər onu yerdən-yerə vursa da, hər zaman qalib gəlmək üçün dəridən-qabıqdan çıxır. İtirdikləri olsa da, həmişə mübarizəsini sonuna qədər davam edir.
Dərdini və çətinliklərini, həmişə içinə atır, məğrur görüntüsünü əsla pozmur.
Haqsızlıqla , ədalətsizliklə qarşılaşıb mübarizə aparmağı da, qürurunu qorumaq üçün səbr etməyi də bilir.
Yükü ağırdır kişinin, dağdan ağır. Hər zaman bacardığı, hətta bacarmadığı yükünü çəkir. Özünü dərk edəndən həyat mübarizəsinə qoşulur.
Kişilər də ağlayır. Axıtdığı, hər göz yaşı içinə qan kimi axsa da, dözməyə çalışır. İçində dərdi ilə baş-başa qalır.
Ömrü həyatla, cəmiyyətlə, üzərindəki “sən kişisən” məsuliyyəti ilə keçir.
Kişinin ağlaması qadının ağlaması kimi sıradan deyil. Qadının dırnağı qırılar ağlayar, oyuncağı əlindən alınar ağlayar, pulu qurtarar ağlayar, incidilər yenə də ağlayar.
Çox vaxt qadın göz yaşını silah olaraq da istiafadə edir. Məsələn: Ağlayaraq diqqətdə qalmaq, istəyini həyata keçirmək kimi...
Lakin bir kişi asanlıqla ağlamaz. Çünki həyatın ona biçdiyi rolda güclü olmağa məcburdur. O güc heç bir halda pozulmamalıdır. Ta doğulduğu gündən bəri, bu vəziyyət o istəməsə də ona təlqin edilir. Sanki ömür boyu başının üstündə ağlamamağına nəzarət edən bir qüvvə onu təhdid edir.
Bəsit şeylər üçün əsla ağlamaz.Kişi dərindən yara aldığında da, itirəndə də çəkilir bir kənara, illərin acısını çıxardaraq, gah divarları yumruqlayaraq, gah əlinin altındakıları vurub dağıdaraq hönkürür. Kişilər ağlamağı əsla silah kimi istifadə etmirlər (əsil kişilər-TT). Dəyərlərinə sadiq olurlar. Duyğularını satın almaq, onu istənilən kimi istifadə etmək mümkün deyil.
Bir kişinin gözündən süzülən göz yaşı, milyonlarla qadının göz yaşından daha səmimi axar.
Ağladığını kiminsə görməyini istəməz. Gedib, gizli-gizli bir küncdə ağlayar. Ağlayarkən də utanar. Sanki utanılacaq bir şey edirmiş kimi hiss edər özünü.
Kişinin göz yaşları, bir qadının eşidə bilmədiyi qədər səssiz, görə bilməyəcəyi qədər uzaq və anlaya bilməyəcəyi qədər qısadır.
Əgər bir kişi kiminsə yanında ağlayırsa, ağladığını bəlli edirsə, həmin şəxs onun bütün varlığı ilə güvəndiyidir.
Dərindən sarsılanda, canlarından can getdikdə, dərd onu “fırtınaya məruz qalmış dənizdə qalan qayıq” kimi altını üstünə çevirəndə, ağlayar. Amma səssiz, yalnız, müdafiəsiz.
Uşaq kimi hesabsız, düşünmədən ağlayar kişilər.
Bütün bunların ardından, yenə gözlərini silib, heç nə olmamış kimi, kürəyi dik , başı yuxarı çıxar adam içinə.
Kişilər ağlamaz deməyin! Elə ağlayar ki…
Cia.az


