banner
banner

Möminlərin düşüncə tərzi və məscidlərin sayı

Möminlərin düşüncə tərzi və məscidlərin sayı
Yazar: Rafiq Əliyev

Din haqqında biliklər iman sahibini radikalizm və ekstremizmdən xilas etmək üçün yetərli deyil. Burada din həlledici rol oynamır və əhəmiyyətlilik nöqteyi-nəzərindən dünyanın müxtəlif regionlarında öz maraqlarını güdən aparıcı ölkələrin və nəhəng regional dövlətlərin yürütdükləri siyasətdən və geosiyasətdən geridə qalır. Azərbaycan da bu baxımdan istisnalıq təşkil etmir.    

Dünyada, orta hesabla, hər 500-600 möminə bir məscid düşür. Bu göstəricidə Afrika və Şərq dövlətlərinin payı böyükdür. Siyahıda Səudiyyə Ərəbistanı, İndoneziya, İran, Əfqanıstan, Misir kimi ölkələrin adları var. Təbii ki, bu dəqiq rəqəm deyil. Məsələn, Rusiya, Almaniya, Fransa kimi dövlətlərdə bir məscid minlərlə möminə “xidmət göstərir”. Odur ki, bununla bağlı konkret rəqəm göstərməyin düzgün olmadığını hesab edirəm. Üstəlik, məscidə heç də bütün müsəlmanların getmədiyini bilirik. Müqəddəs kitabımız namazı istənilən şəraitdə, istənilən yerdə, hətta səhrada belə qılmağa icazə verir.  Düzdür, gündə beş dəfə camaatla birgə namaz qılmaq daha arzuolunandır. Amma bununla bağlı islamda heç bir məcburiyyət və ya ciddi qadağa mövcud deyil.  Məhz bu səbəbdən hər hansısa regionda məscidlərin sayına görə nə qədər möminin olduğunu dəqiq söyləmək mümkün deyildir.

Zənnimcə, Afrika və Yaxın Şərqin hərbi münaqişəli regionlarında müşahidə edilən mühacir axınına görə Qərb ölkələrindəki məscidlərin sayı gələcəkdə daha da artacaq. Yeri gəlmişkən qeyd edim ki, münaqişəli zonalarda məscidlərin sayı NATO qüvvələri və ya onların ekstremist döyüşçü tərəfdarları tərəfindən həyata keçirilən dağıdıcı bombardmanlar səbəbindən getdikcə azalmaqdadır.

Azərbaycana gəlincə, dövlətimiz tərəfindən son illər ərzində bu sahədə həyata keçirilən işləri xalq yüksək qiymətləndirir. Tarixi baxımdan mühüm əhəmiyyət kəsb edən köhnə məscidlərin bərpası və ya Heydər Əliyev məscidi kimi yenilərinin inşası, əlbəttə ki, təqdirəlayiq haldır. Onlar şəhərin simasını yaxşılığa doğru dəyişir, ətraf əraziləri axşam gəzintisi üçün rahat, əlverişli məkana çevirir. Bu cür yenidənqurma işləri cəmiyyətdəki əhvali-ruhiyyəyə, psixikaya, insanlar arasındakı münasibətlərə müsbət təsir göstərir. Belə yerlərdə insanlar pis əməllərlə məşğul olmaqdan çəkinir, paxıllıq, kin-küdurət, ədavət kimi hisslərdən uzaq dururlar. Həmin məkanların ziyarətçiləri ruhən paklaşır, mənən zənginləşirlər.

Fikrimcə, paytaxt istisna olmaqla, ölkədə məscidlərin sayı lazım olduğundan da artıqdır. Bəzi məscidlərə gələnlərin sayı son dərəcə azdır. Üstəlik, onların saxlanılmasını, vaxtaşırı təmir edilib yararlı vəziyyətə salınmasını təmin edə biləcək əmlak statusu olmadığı üçün bu məscidlər getdikcə tənəzzülə uğrayır.

Təəssüflər olsun ki, ibadət yerləri heç də bütün insanlara eyni təsiri göstərmir. Buna görə də Azərbaycanda məscidlərin sayının artırılması bu gün bir o qədər də aktual məsələ deyil. Dövlət hesabına tikilənləri qoruyub saxlamaq və dəfn mərasimlərinin təşkilində qayda-qanun yaratmaq yetərlidir.

Dünyanın bir çox dövlətlərində, hətta Misir, Türkiyə, Əlcəzair kimi müsəlman ölkələrində olduğu kimi, bizdə də məscidlər, o cümlədən, dinin özü dövlətdən ayrıdır. Onların maddi təminatı üçün büdcədən hər hansısa vəsaitin ayrılması nəzərdə tutulmayıb. Toplanan nəzirlər bunun üçün yetərli deyil. Göstərilən müxtəlif xidmətlər, xüsusilə də dəfn mərasiminin təşkili müqabilində toplanan pullara görə isə rəsmi cavabdehlik daşıyan yoxdur.

“Ölkədə yeni məscidlər tikməyə dəyərmi, buna ciddi ehtiyac varmı?” məsələsinə aydınlıq gətirərkən qeyd edilməlidir ki, bu sualın birmənalı cavablandırılması mümkünsüzdür. Hazırda fəaliyyət göstərən məscidlərin bir çoxu ehtiyac olduğu üçün və ya planlaşdırılmış şəkildə tikilməyib. Xarici “xeyriyyə” təşkilatları yüzdən artıq məscidi tamam başqa - bəzən də ümumiyyətlə aydın olmayan - fikirlə inşa ediblər. Onların yarısı artıq yararsız hala düşüb. Statistika xatirinə məscidlərin sayını süni şəkildə artırmağa isə, zənnimcə, lüzum yoxdur.

Məscidlərimizin divarları arasında baş verənlərə nəzarət etmək məsələsi bu gün həqiqətən böyük əhəmiyyət daşıyır. Amma etiraf edək ki, belə ciddi, məqsədyönlü nəzarəti həyata keçirmək, demək olar ki, mümkün deyil. İbadət edən möminin əhvali-ruhiyyəsini nəzarətdə saxlamaq həm əxlaqi baxımdan yanlışdır, həm də inandırıcı deyil. Bunun heç nəyə faydası ola bilməz.

Düzdür, imamın və ya axundun xütbəsini müxtəlif nöqteyi-nəzərdən qiymətləndirmək olar. Amma əsas nəticədir? Baxaq görək bu, bizə nə qazandıracaq? Təbii ki, heç nə. Məzmunca o qədər də dolğun olmayan bu xütbələrin təsir gücü ya zəifdir, ya da ümumiyyətlə mövcud deyil. Kütləvi informasiya vasitələrində həmin xütbələri oxuyan imam və axundların ünvanlarına səslənən tənələr isə əks təsir göstərir. Bu yolla onlara qarşı mübarizə aparmağa çalışan KİV istəmədən həmin imamı qruplara bölünərək bir-birləri ilə ədavət aparan mömünlər arasında aparıcı fiqura çevirir. Beləcə, möminlərin bir hissəsi imamı dəstəkləyir, digər qismi isə onu cahilliklə, dini separatizmlə günahlandırır. Əslində hər iki tərəf qismən haqlıdır. Amma bu cür qarşıdurma sonda dini təriqətlər və icmalar arasındakı münasibətlərdə mövcud olan nisbi sabitliyin pozulmasına gətirib çıxara bilər.

Sonda qeyd edim ki, imanla bağlı mənim şəxsi fikrim yenə də dəyişməz olaraq qalır: “Fərdi xarakter daşıyan iman hər bir insanın şəxsi işidir! Tanrının lazım bildiyi bəndələrə bəxş etdiyi iman hissini hamı üçün əlçatan etmək, ictimai müzakirəyə çevirmək həm Quran baxımından, həm də dini inkar etməyən və möminlər arasında heç bir fərq qoymayan siyasi sistem nöqteyi-nəzərindən yolverilməzdir”. Zənnimcə, illərdir Azərbaycanda dini dözümlülük və tolerantlıq mühitinin mövcud olmasının sirri məhz bundadır. Hər dövlətə nəsib olmayan bu mütərəqqi tarixi nailiyyəti və ənənəni qorumaq hər bir möminin borcudur!

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: