banner
banner

Qadınım!

Qadınım!
Yazar: Türkan Turan

Yenə səhər açıldı-sənsiz, səssiz, rəngsiz. Yenə sağ tərəfim boşdur. Yenə otaq qaranlıq və dağınıqdır. Səni sağ tərəfimdə əlimlə axtardım, sanki gözüm mənə yalan deyirmiş kimi.. Sən deyil, əlimə oxuduğun kitabın gəldi. Bu gün səni səninlə etdiklərimdə axtaracam. Bəlkə tapdım deyə!

Dadlı Qadınım

Yatağımızdan qalxdım, sənin bəyəndiyin göy köynəyi və cins şalvarı geyindim. Doğum günümdə hədiyyə etdiyin saatı taxıb, sevdiyin ətri vurub, qara gödəkcəmi geyindim. Səninlə görüşəcəkmiş kimi hazırlaşıb, evdən çıxdım. İlk dəfə oturduğumuz, daha sonra tez-tez getdiyimiz həmin restorana üz tutdum. Sonuncu dəfə orada, birlikdə oturmuşduq. Düşündüm ki, uzun müddətdən sonra səni elə o məkanda axtarmağa dəyər. İçəri daxil oldum, hər zaman oturduğumuz masa dolu idi. Həmişə sən deyirdin axı, “gözlə yerimiz boşalsın, orada oturaq”. Bütün masalar demək olar boş idi, amma mən sənin qaydandan kənara çıxmadım. Gözlədim! O müddət ərzində bizi tanıyan işçilər də cavabsız sualı verirdilər-hamısı səni soruşurdu. Kənardan masamıza baxırdım, dəyişən yalnız güllər idi. Süni gülləri təbii ilə əvəz etmişdilər, sevgilim. Hansı ki, sən həmişə “bircə bu gül təbii olsa, məkanın gözəlliyi bütöv olar” deyirdin.

Təbəssüm etməməkdə qınayırdın məni, qərara almışdım, bu gün bütün steriotipləri qıracaqdım. Yalandan da olsa insanlara təbəssüm edirdim.  Çox sevdiyimiz, birlikdə yediyimiz yeməyi sifariş etdim. Sənin qadağan etdiyin içkini sənsizliyə inad olsun deyə içmək istədim. Sevmədiyin şərabları masaya gətizdirdim. Sənsizliyin şərəfinə içmək üçün. Şərab da gəldi, yemək də.. Nə sənin inadına içə bilmədim, nə o sevimli yeməkdən dad almadım. Hesabı istədim, hər zamankı kimi yenə gec gətirdilər. Gec gələndə əsəbləşirdim axı, amma bu dəfə səbrlə gözlədim. Hesabı yox, səni! Sanki ayaqyoluna getdiyini düşünüb, səbrlə gözlədim. Hesab da gəldi, ödəniş də etdim, ama sən gəlmədin.

Xoşbəxt Qadınım

Bilirsən, bu gün hava necə soyuqdur?! Sən bu cür havalarda özünü xoşbəxt hiss edirdin. Mən də necə xoşbəxt olduğunu iliyimə qədər hiss etmək istəyirdim. Qalın geyinməmişdim. Günəşin altında gəzirmiş kimi, yağışın altında gəzməyə başladım. Havanın soyuqluğunu yox, səni düşünməyin xoşbəxtliyini yaşadım.

Sahildəki Qadınım

Çoxdandır dənizə tərəf üz tutmuram. Sonuncu dəfə səni dəli kimi şəhərdə axtaranda, dəniz kənarında tapanda yollanmışdım. O gündən sonra, ilk dəfə yolumu sahildən saldım. Hava soyuq olduğu üçün dənizin kənarı boş idi. Gəzə-gəzə sulu oturacaqlardan birinə əyləşdim. Necə islandığımın belə fərqinə varmırdım. “Hər şeydən doya-doya zövq almaq gözəldir” deyirdin, mən də bu cür etdim. Sənin etdiklərindən zövq almağa çalışdım. Oturub sənin çılğınlığını, yağışın altında dəliliklər etməyini gözümün önünə gətirdim. Sənsiz necə yaşayıram deyə, öz-özümə sual etdim. Cavab tapa bilmədim. Sevgilim, yoxluğunu bu gün daha çox hiss etdim. Çünki hava soyuq idi, üşüyürdüm, bu gün şəhərim ağ qara rəngə bürünmüşdü və bu gün mənim sənə daha çox ehtiyacım var idi. Əllərini axtarirdim. Səndən sonra əllərini ciblərim əvəzləyir.

Zövqlü Qadınım

Bu gün sənin getdiyin mağazaları gəzdim. Yeni kolleksiyalar gəlib. Bu il rənglər, trendlər, hamısı sən istədiyin kimidir.

Daxil olduğum mağazalarda, geyinmə otaqlarının qarşısında səni gözlədim, sanki içəridən çıxacaqmışsan kimi...

Yenə hər bölümün qarşısında uzun uzadı növbələr yaranmışdı, hər pərdənin arxasından müxtəlif qadınlar çıxırdı. Bilirsən, hər pərdə tərpənəndə bunun sən olduğunu, yeni bir geyimlə, gözəl gülüşünlə çıxacağını gözləmək ancaq görə bilməmək, ağır hissdir.

Ətirli Qadınım

“Kişilər sevdiyi qadının qoxusunu əsla unutmazlar” deyirdin. Elədir, sənin qoxun burnumdan getmir. Qoxunu almaq üçün ətir mağazasına üz tutdum. Mağazada heç bir aksiya olmadığı və hava da soyuq olduğu üçün buralar da sənin istədiyin kimi boş idi. Satıcı xanımın “necə kömək edə bilərəm” sualı, məni bir anlıq xəyalından uzaqlaşdırdı. Az qalırdı ondan səni istəyim, yalnız səni mənə qaytarmaqla kömək edə biləcəyini deyəcəkdim. Amma tez özümə-sənə, sənin xəyalına gəldim. Sənin sevdiyin ətri götürüb saatıma vurdum. Hər zaman belə edirdin- gün ərzində, səndən ayrı qaldığım vaxtda, tez-tez xatırlamağım üçün bu cür edirdin. Ətrini vurdum-saata, qoluma, havaya vurub içimə çəkdim, amma eyni qoxunu ala bilmədim. Əslində anlamalı idim ki, gözəl olan ətir deyil, sənin qoxundur. Qoxusuna həsrət qaldığım, bütün qoxular artıq məni boğur.

Ehtiraslı Qadınım

Səni sevdiyin heç bir yerdə tapa bilmədim. Səfil kimi evə qayıtdım. Otaqlar yenə buz kimidir. İşığı yanmır, otaq törtöküntüdür. Oxduğun kitabın səhifəsinə belə toxunmuram. Çarpayının yanında, 217-ci səhifənin qatlanmış vərəqinə gözümü zilləyib, saatlarla baxıram! Hər şey qoyub getdiyin kimidir.

Çılğınlığını, dəliliyini, öpüşlərini, sevişmələrini, isti nəfəsini, toxunuşunu, özləyirəm, ürəyimin dərin yarası. Bədəninin qoxusunu, hərarətimi yatağına qarışdıraraq alıram. Havanın soyuqluğu yox, sənsizlikdir məni donduran. Sənsizliklə vuruşmaqdan halsızlaşmışam. Sevgilim, bomboşdur sənsiz hər yerim. Alovlu gözlərin gözümün önündən getmir. Səndən sonra heç bir qadını yerinə qoya bilmədim. Çünki mənim qadınımı kimsə əvəz edə bilməzdi. Yadındadır, sənə deyirdim bütün qadınlar qoxuludur, heç bir qadına toxuna bilmərəm. Bax səninlə də, sənsiz də gözümdə heç nə dəyişmədi. Ehtirasımı səninlə bədənimin ən dərin yerində basdırdım. Bir kişinin ağlamağı sənin üçün dəhşətli hadisə idi. Amma mən hər gün eyni dəhşəti yaşayıram. Sənsizlik sərtdir. Həzm edə bilmirəm. Bu evdə sənsiz gecələrin, gündüzlərin necə keçdiyini bilmirəm. Günlərlə özümü qara pərdələri olan bu qaranlıq otaqda itirirəm. Yenə gecə olacaq, yenə səhər açılacaq, yenə sən olmayacaqsan.

Çıldırdığım Qadınım

“Ölsəm cəsədim burda, ruhum İstanbulda olsun” deyirdin. İndi bir əlimdə bilet, bir əlimdə açar var. Qəbrinə gəlib cəsədinə qovuşum, yoxsa şəhərinə gəlib ruhuna?!

Türkan TURAN



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: