Bezdiyimiz xəbər başlığı və ya vicdansızcasına edilən xəbərdarlıq.”Qaz olmayacaq”. Qış başlamamış yenə başlayıblar oyunbazlığa. Hə də, hər il olduğu kimi yenə səbirimizi, əsəbimizi sınağa çəkirlər. Sonra da deyirlər xalqımızın qarğış nümunələri püxtələşir, inkişaf edir. Soyuq havada evdə qaz yoxdursa, gücümüz nəyə çata bilər? Qazverənlərin yeddi arxadönənindən tutmuş hazırkı nəslini o ki var söymək, səhər o başdan cin atına minmək. Tərs kimi çoxu əsəbləşən kimi yeməyə cumur. İndi də yay deyil ki, qaz olmayanda pendir, çörək, qarpıza daraşasan. Soyuq havada mədə isti yemək, içmək istəyər. Hələ çoxunun evində istilik də yoxdursa.
“Azəriqaz” deyəsən, ölkənin kolbasa sexləri ilə sıx əməkdaşlıq edir. Heç halal əməkdaş olmayasız. Camaat qaz olmayanda neyləməlidi, market, mağazanın konservinə, kolbasasına növbəyə dayanmalıdı da. Ye ki, yeyəsən. Quru-quru, mədədə düyünlənə-düyünlənə, hirs boğa-boğa. Uşaq məktəbdən gələndə “eee yenə qaz yoxdu” deyə, hər dəqiqə qaz sobasının qazını yoxlamaq üçün ev adamları növbəyə yazıla. Kibriti, alışqanı bitirə.“Bir bax, zəhrimara qalmış qaz gəlir, çay içək içimiz isinsin” deyən xəstəsi var, qanmaz körpəsi var. “Azəriqaz” üçün bunlar dərd deyil. Onun gücü əlil işçilərinin dalından dəymək, ixtisar bəhanəsi ilə insanların çörəyi ilə istədiyi kimi oynamaqdır. Onun da görünür kefi belə istəyir. Kef elə….
İndi yiyəsiz, dilbilməzlərin əlində qalıb qazımız. İstədikləri kimi qazımızı alıb, verirlər. Adını da qoyublar təmir işləri aparırıq. Qazhaqazdı. Əcəb bəhanədi, düşüb əllərinə. Hanı bizim idarə rəhbərlərimiz, yay bitməmiş qışımızı bahar edəcəklərini söz verən “qazlı” kişilər? Bütün yay ölkəbəölkə gəzin, dolanın soyuq düşəndə də boru dəyişdirin, canımızı alın.
Istəmirəm, qardaşım, mənim möhtəşəm binalarım dünya jurnallarının üçlüyünə, beşliyinə, onluğuna düşsün. Baxaq, yayaq, atlanıb-düşək. Mənim sadəcə payıma düşən qazımı verim, övladım xəstə olanda isti şörbasını bişirim, çayını verim.
“Qaz olmayacaq” xəbərini bizə əzbərlətməyin! Sadəcə qazımı verin, qazımııııııııı…..


