banner
banner

Bir qarın yemək üçün alçalanlar

Bir qarın yemək üçün alçalanlar
Yazar: Seymur Verdizadə

Veteran jurnalistlərimizdən biri ilə üç-dörd il əvvəl şimal bölgəsinə getmişdik. Tədbir başa çatandan sonra ezamiyyət vərəqələrimizə möhür vurdurmaq üçün yerli icra hakimiyyətinə üz tutduq. Ümumi şöbənin müdiri bizi könülsüz qarşılasa da, ezamiyyət vərəqələrimizi dərhal möhürlədi. Sağollaşıb kabineti tərk etmək istəyəndə, bizi nahar yeməyinə dəvət etdi. Vacib işimiz olduğunu desək də, əl çəkmədi: “Heç olmasa, bir kasa borş için”.

Təəccüblə bir-birimizin üzünə baxdıq. Həmkarım dünyagörmüş adam olduğu üçün pərtliyini gizlədə bildi: “Vacib işimiz var, təcili Bakıya qayıtmalıyıq. Təklif üçün sağ olun”.

Bu dəfə şöbə müdirinin gözləri böyüdü. Səmimi adam olduğu üçün dilinin ucuna qədər gəlmiş sözləri geri qaytarmadı: “Birinci dəfədi sizin kimi jurnalist görürəm”.

Həmkarım səsinin tonunu dəyişdi: “Bizim nəyimizi bəyənmədin?”

Kişi əl-ayağa düşdü: “Deyəsən, məni düz başa düşmədiniz. İndiyə kimi nahar təklifindən imtina edən jurnalist görməmişdim. Bunu demək istəyirdim”.

Bu dəfə mən dilləndim: “Müəllim, rayonunuza gələn jurnalistlərə qonaqlığı hansı pulla verirsiniz?”

Şöbə müdiri ətraflı izahat verməli oldu: “Onlar Bakıdan bura beş-on manat pul almaq üçün gəlirlər. Pul verməyə imkanımız olmayanda icra hakimiyyətinin yeməkxanasına aparıb, qarınlarını doyururuq. Uzaqdan gəldikləri üçün heç kimi ac yola salmırıq”.

“Reket” jurnalistlərin məmurların qarşısında dondan-dona girdikləri barədə çox eşitmişdim. Amma onların bir qarın yemək üçün bu qədər alçaldıqlarını bilmirdim. Bu mövzuda danışmaq mənimçün ağır olsa da, söhbətin yarımçıq qalmasını istəmirdim. Odur ki, bu sualı verməkdən özümü saxlaya bilmədim: “Sizin yeməkxanada bir nəfərin nahar yeməyi neçə manata başa gəlir?”

Kişi bu dəfə həvəslə danışdı: “Bir kasa borş 1 manatdır. Amma “vtoroy” da götürəndə, hesab 2 manata qalxır. Sizinkilər həm “pervi”, həm də “vtoroy” götürürlər”.

Deməyə söz qalmamışdı. “Reket” jurnalistləri və öz yaramaz əməlləri ilə onların qapı-qapı düşməsinə rəvac verən məmurları söyə-söyə Bakıya qayıtdıq...

Bakıda fəaliyyət göstərən müəssisələrdən birinin rəhbəri ötən həftə daha dəhşətli hadisə danışdı. Dedi ki, üç-dörd gün əvvəl yanına tanınmış bir aktyor gəlib. Hal-əhval tutandan sonra xahiş edib ki, ona bir az pul versin. Belə söhbətlərdən yorulsam da, yenə özümü saxlaya bilmədim: “Nə qədər verdiniz?”

Cavab gözlədiyimdən də ağır oldu: “20 manat verdim, çıxıb getdi”.

Bu söhbətdən sonra həmin aktyorun qazancı ilə maraqlandım. Məlum oldu ki, ayda 200 manat pensiya alır. İşlədiyi teatrdan aldığı məvacib isə 257 manatdır. Üstəlik, tez-tez toylara gedir, ildə iki-üç dəfə də seriallara çəkilir. Jurnalist marağı güc gəldiyi üçün daha bir sual verdim: “Bəs, bu adamı qapı-qapı düşüb dilənməyə vadar edən nədir?”

Dedilər ki, içki düşkünüdür. Qazancını arağa verib, qarnına tökür.

...Ali təhsili olmasa da, nənəm dünyagörmüş adam idi. Bir qarın yeməyə, yarım şüşə arağa görə şəxsiyyətini alçaldan adamları görəndə, belə deyirdi: “Boyunuza qamış ölçüm”.

Mən bu sözlərin mənasını çox sonralar başa düşdüm. Aradan uzun illər keçəndən sonra nənəmə haqq qazandırıram. Doğrudan da, bir qarın yeməyə görə alçalmağa razı olan adamların yaşamağındansa, ölməyi yaxşıdır. Heç olmasa, övladları elin tənəsindən qurtular...

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: