banner
banner

Təbaşir, işarə, həyat...

Təbaşir, işarə, həyat...
Yazar: Qəşəm Nəcəfzadə

10-cu  sinfi bitirdim,  ali təhsil almaq üçün  atam məni şəhərə apara bilməyəcəkdi. Çünki şəhəri tanımırdı. Ömür böyu  qoyun otarmışdı. Çoban idi.

Atam  uzaq qohumumuz  Abbas  müəllimə zəhmət haqqı kimi  iki yüz manat pul  verdi ki, apar Qəşəmi Gəncəyə, bir ev tut, qalsın orda, sənədlərini versin instituta.

Axşam ailəmizlə “ayrılıq” çörəyi yedik (atam belə deyirdi), sabah gedəcəkdim şəhərə. Atam  çox ağlayırdı, şəhəri tanımadığına və məni apara bilmədiyinə görə pis olmuşdu.

Səhəri yol çantamı  götürüb  evdən çıxanda  atam boynumu qucaqlayıb  yenə ağladı. Elə bilirdik, atamız ağlamaz. Atamız ağladı  deyə, hamı ağladı, anam, bacım  və qardaşlarım, qonşular...

Sonra itimiz, atımız, qoyun, quzularımız arxamca boylandı. İtimiz maşının arxasınca xeyli yüyürdü.

Abbas müəllim Gəncənin  Bağbanlar qəsəbəsində “padvalda” mənə bir otaqlı ev tutdu. Sonra qayıtdı kənddə.

Mən otağın  pəncərəsindən küçədən keçən adamların ayaqqabılarını görürdüm.  Böyük otaqda  yeganə  həmdəmim  tək çarpayı və onun altına səliqəsiz tökülmüş  kitablar idi.

Hər gecə şüşə qabda əmizklə süd içirdiyim quzu  yuxuma girirdi. Bilirdiim ki, o quzu məni axtarır.

 

Sabah  sənədlərimi Gəncə Dövlət Universitetinə verməli idim. Bəs necə edim?  Mən  universitetin yerini tanımırdım.

Səhər  tezden əl-üzümü yuyanda  üzüm çardağının  altındakı yeşikdə xeyli təbaşir gördüm. Birini götürüb ehmalca atdım cibimə.  Bu, mənim həyatda ilk oğurluğum idi.

Səhər  universitetin yerini soruşa-soruşa getdikcə, ağaclara, divarlara  təbaşirlə kiçik işarələr qoyurdum.  Xəlvət edirdim ki, heç kəs görməsin.  Bu minvalla  iniversitetə  gəlib-getməyi öyrəndim. Artıq işarələrə baxmağa ehtiyac duymurdum. Sonralar bu cür işarələr həyatımda mühüm rol oynadı.

Əslində bu işarələr  mənim üçün  yol-hərəkət qaydaları idi.

Şəhərin yol işarələrinə qarışmayan  təzə qayda-qanunlar...

Sonralar küçələri  yox, adamları müəyyən sözlərlə işarələdim, tanıdım.

Ədəbiyyatda, şeirdə də işarələr var. Öyrəndiyim  şeirlərin gizli işarələri məni şeirin dərinliklərinə apardı.

 

O vaxt sevdiyim bir mahni vardı: “Mən arifəm işarədən qananam”.  İşarələr,  işarələr...

Yaşadığımız həyat da yol-küçə kimidir. Orda da işarələr, yol nişanları var. Ayrılıqlar, mübahisələr o zaman başlayır ki, biz həyat küçəsində yol-hərəkət qaydalarına  əməl etmirik.  Toqquşuruq, qəza törədirik. Həyat nişanları da yol nişanları  kimidir. Məsələn, sevdiyim yazıçı Qərib Mehdi  mənə dərs deyərkən  ədəbiyyat nişanlarını –  işarələrini mənə belə öyrətdi. Vaqif Bayatlı küçəsi ilə get,  sonra dön sağa – Vaqif Səmədoğlu küçəsinə, burda çox dayanma tez dön sola, düz get, Nazim Hikmət küçəsinə çıxacaqsan, burdakı dayanacaqda  bir az dayan.  Amma burda çox qalma. Sən tünlükdən tez çıxmalısan, Ramiz Rövşən küçəsinə girmə, tünlükdü.  Sürətlə get, get, get, yenə sağa dön, sonra sola, yenə düz  get, get, görəcəksən yolunun ağzında bir göy qurşağı sallanır, çıx  göy qurşağına, bu sənin   küçəndi, Qəşəm.

Tabaşirlə başlayan işarələr, nişanlar sonralar məni heç vaxt  tərk etmədi.

Güllərə, çiçəklərə, dağlara, adamlara  öz nişanlarımı  vurdum.

Ona görə də  şeirlərim heç kəsin şeirlərinə bənzəmir.

Atamın məni şəhərə apara bilmədiyinə görə ağlamağı heç vaxt yadımdan çıxmır.

Atamın ağlamağı da mənim üçün bir işarə  idi. Hələ bu sirrin ucunu tapa bilmirəm.

İşarələri mənə atam öyrətmişdi. O,  köç  vaxtı, Kəlbəcər  dağlarına gedəndə  tanımadığı yerlərə  daş -  uyuq qoyurdu  ki, qayıdanda azmasın. Adam təkcə şəhərdə azmır, həyatda da  azır.  Atamın nişanlarını mən  həyata daşıdım. Atam böyük şair idi, lap Səməd Vurğun kimi.   Nə yazıramsa, hamısı onundur, ondan öyrənmişəm şeir yazmağı.

Mənim çoban atam,

Metroya minə bilməyən atam.

Mənim şair atam...

Savadsız olduğuna,  şəhəri tanımadığına və məni şəhərə apara bilmədiyinə görə boynumu qucaqlayıb ağlayan atam...

cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: