İnnovasiya anlayışı hərfi mənada yenilik olsa da, yenilikdən fərqli olaraq dəyər yaradır. Və beləliklə, biliyin iqtisadi faydaya çevrilməsinə zəmin hazırlayır.
İnnovasiya ölkələrin inkişaf modellərini dəyişir. Məsələn, İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində investisiya və inkişaf daha çox şəbəkə informasiyası, innovativ əmlak (patentlər, müəllif hüquqları, dizayn və əmtəə nişanları) və iqtisadi səriştələr (o cümlədən, marka dəyəri, firma üçün spesifik insan kapitalı, bilik və bacarıqlar) kimi biliklərə əsaslanan kapitalla idarə edilir. Finlandiya, Hollandiya, İsveç, Birləşmiş Krallıq və Birləşmiş Ştatlar (ABŞ) kimi bir çox inkişaf etmiş ölkələrdə qeyri-maddi vəsaitlərə qoyulan sərmayələr fiziki kapitala qoyulan sərmayədən çoxdur.
Effektiv innovasiya və bilik əsaslı iqtisadiyyat tərəqqini qoruyub saxlamaq və hətta onu sürətləndirməkdə mühüm bir platformadır. Təcrübə göstərir ki, inkişaf etmiş və etməkdə olan ölkələr bilik əsaslı iqtisadiyyatdan dayanıqlı inkişaf və innovasiya platforması kimi istifadə edirlər ki, bununla da qlobal rəqabət qabiliyyətinin gələcək mənzərəsi bəlli miqyasda dəyişə bilər.
Təxminən 3 gün öncə Dövlət Neft və Sənaye Universitetində startapların uğurlu təqdimatlarını seyr etdikcə innovasiya və bilik əsaslı iqtisadiyyat formulu haqqında düşünürdüm. Buna zəmin yaradan o idi ki, azərbaycanlı tələbə innovasiya keyfiyyəti haqqında düşünməyə başlayıb. Təqdim etdiyi layihəsinin dəyər yarada biləcəyini, bazar məhsulu kimi çıxış edəcəyini görür və bunun uğrunda cəhd edir. Bu əladır. Əladır ona görə ki, bizim universitetlərin klassik modeli (hələki bəzilərinin) dəyişərək getdikcə yeni innovasiya yaradan mühitə transformasiya edir. Bu prosesin ardı gələcək. Startaplar əslində gənclərin dünyaya açılan layihələridir.
Son vaxtlarda universitet tələbələrinin leksikonunda tez-tez patent, müəllif hüququ, innovasiya, marka dəyəri kəlmələrini eşitməyə başlayırıq. Artıq tələbələrimizin bir çoxu elmin əlçatmaz və abstrakt hadisə deyil, daha emprik və bölüşülə biləcək sərvət olduğunu hiss edirlər. Və təbii ki, bu yanaşmanın üzərinə universitetlərin iqtisadi artım mərkəzi funksiyasını da əlavə etsək, onda məram bəlli olar.
İnnovasiya bilik əsaslı iqtisadiyyatın əsas zəmini olmaqla yanaşı, eyni zamanda sonrakı mərhələdə həm də onun məhsulu kimi iştirak edir. Bu qarşılıqlı əlaqələnmə dəyəryaratma funksiyasını daşıyır. Bu tandemdə Sinqapur təcrübəsinə müraciət etmək istərdim.
Hazırda dünyanın iqtisadi güc mərkəzlərindən biri olan Sinqapur davamlı tədbirlər nəticəsində tranzit yük məntəqəsindən bilik əsaslı iqtisadiyyat modelinə transfer olunub. Onun inkişaf prosesi bir sıra iqtisadi transformasiyalardan keçib, həmin transformasiyaların hər birinin on il müddəti olmuşdur: 1960-cı illərdə əməyə əsaslanan inkişaf, 1970-ci illərdə bacarıqlara əsaslanan inkişaf, 1980-ci illərdə investisiyaya əsaslanan inkişaf, 1990-cı illərdə texnologiyaya əsaslanan inkişaf və nəhayət, 2000-ci ildən etibarən bilik və innovasiya iqtisadiyyatına əsaslanan inkişaf. Sinqapurun tədqiqat və inkişaf (Tİ) üzrə xərcləri ilk illərdə ÜDM-nin 0.5%-ini təşkil edirdi və müntəzəm şəkildə artaraq ÜDM-nin 2.3%-ini əhatə etdi. Ölkə bu göstəricini getdikcə ÜDM-nin 3.5%-inə çatdırdı.
Sinqapur elm və texnologiya ilə vəhdətdə olan təhsil mühitini müntəzəm şəkildə dəstəkləmişdir. Tədqiqat aparan elm adamları və mühəndislərin sayı 1990-cı ildə hər 10,000 nəfər üzrə 28.2%-dən 2001-ci ildə 87.9%-ə qədər artdı. Bilik əsaslı iqtisadiyyat prosesinin gücləndirilməsi məqsədi ilə Sinqapurda reallaşdırılan müxtəlif tədbirlər və təşşəbbüslər aşağıdakı infoqrafikada verilir.

Bütün bunlar inkişafın innovasiya mərhələsinə qədəm qoymaq üçün yaxşı tarixi təcrübədir. Bu təcrübənin əsas dayaq nöqtələri universitetlərdir. Universitetdə innovativ mühiti görən bügünkü tələbə sabah həm də o mühiti biznesə daşıya biləcək. Təbii ki, burada müəllim amilini unutmaq olmaz. Müəllim də innovasiya sahibkarlığının önündə getməyi bacarmalıdır. Bu bacarıq dünyanın impakt faktorlu jurnallarında dərc olunmaqdan, patent əldə etməkdən keçir. Buna hazırıqmı? Niyə də yox?
P.S. Yeri gəlmişkən. Təhsil Nazirliyi ilə “Tomson Röyters” Agentliyi arasında əməkdaşlıq müqaviləsinin imzalanmasından 6 ay keçir. Növbəti yazımızda “Bu əməkdaşlıqdan bizim alimlərimiz nə qədər faydalana bildilər?” sualına aydınlıq gətirəcəyik.


