banner
banner

Naxırçının diplomu

Naxırçının diplomu
Yazar: Qəşəm Nəcəfzadə

İnstitutu bitirəndən sonra qayıdıb gəldim kəndə. O vaxt şəhərdə qalmağın iki yolu vardı; biri bu idi ki, adamın olsaydı,  səni institutda ən aşağısı laborant saxlatdıra bilərdi. Bu da  olmayandan sonra gərək bir şəhərli qızla ailə quraydın, qız da qır-saqqız olub səni saxlayaydı şəhərdə.

Hər ikisindən əlim boşa çıxdı. Özümün də şeir yazan vaxtımdı, şeirlərim qəzetlərdə çap olunur. Bir sözlə, kəndə gələn kimi həyat məni qatlayıb qoydu dizinin altda.

Biz şagird olanda kənd müəllimlərinin bəh-bəhlə dediyi (indi bilirəm ki, uydurma imiş) bir cümlə vardı. Məni institutda müəllim saxlayırdılar, özüm qalmadım. Bilirdim ki, müəllim sındığı adamların yanında özü belə deyir, ən azından aldığı kənd qızının bət-bənizinə bir az ümid dəysin deyə belə söyləyir.

Çox qəribəydi ki, bu sözü müəllimlərin hamısı deyirdi. Orta məktəbdə şagird yoldaşlarımız da deyirdilər ki, atamı institutda müəllim saxlamaq istəyirlərmiş, özü qalmayıb. Bu söz yorulmuş adamların bir az ümid yeriydi. Şagirdlərdən əsəbiləşənlər də olurdu. Guya ataları böyük səhv edib, şəhərdə müəllim qalsaydı, indi bunların da üzünə gün doğardı. Şəhərdə oxuyardılar, kinoya, idmana gedərdilər və belə-belə şeylər  uydurub yanımızda kişilənirdilər.

İndi mən də kənd müəllimiyəm. Gördüm ki, o yalanı uyduran müəllimlərin günahı yoxmuş. Az qalırdım, mən də uyduram, özümü güclə saxlayırdım. Müəllimliyim qalsın bir tərəfdə, keçək təsərrüfat işlərimə.

Kənddə qayda beləydi ki, gərək mən 19 gündən bir mal növbəsinə gedəydim. 20 evin  mal-qarası bir yerə toplanır, olur naxır, gündə bir evin sahibi naxırı otarmağa aparır. Tərəkəmələr buna “mal uçuru” deyirlər, yəni “oçered”. Rus dilini yaxşı bilməsələr də, dillərində rus sözləri kəm olmur bunların. Üç inəyimiz bir camışımız vardı, camış təzə doğmuşdu.

Əlqərəz, 20 evin mal-qarasını bir yerə toplayıb, hayladım örüşə. Yay, hava isti. Əynimdə ağ şalvar, cins qolugödək göynək, dikdaban ayaqqabı, ürəyimdə arzular, şeir-ədəbiyyat, sevdiyim qız, onun vəfasızlığı... bütün həyatımı sürüyüb aparırdım örüşə. Güclə yeriyirdim. Acığa düşüb əynimi dəyişmədim, deyirdim qoy əynimdəki “şəhəri” belə sındırım, o ki məni belə sındırdı, ölsəm də elə bu geyimdə ölüm.

Mal sürüsünü haylayıram, toz dumanın içindəyəm. Yayın istisi bir yana, naxırdan məni  elə bir istilik vururdu ki, az qala ürəyim dayansın, tez-tez nəfəsim təntiyirdi. Kənd adamları baxıb gülürdülər.

Sürüdəki malların çoxunun buynuzunda dua var idi, sapla bağlamışdılar. Guya sağılanda inək təpik atmasın. Camışın birinin belinə balaca bir it minib, əməlli-başlı istirahət edir, gah yatır, gah uzanır, gah durur. Kənd camaatı deyirdi ki, o it o camışla bir yatıb, bir durur. İstəsə yanınca yeriyir, istəsə belinə minir - baxır onun kefinə.

Özümə yazığım gəlirdi. Ata kimi, qardaş-bacı kimi özümü ağlayırdım. Arzularım güllələnmişdi. “Ulduz” jurnalında işləyəcəkdim, mənə kinayə ilə baxanların, şeirimə lağ edənlərin baxışlarını dəyişəcəkdim guya.

Onu da deyim ki, malın otlamağı üçün örüş yoxdur. Var e, çox balacadı. Naxır gah  kolxozun pambıq sahəsinə doluşur, gah yoncasına, taxılına daraşır, gücüm çatmır  malları bir yerə toplamağa. Briqadir gəlib deyir ki, ay müəllim, savadlı adamsan, heç sənə institutda dərs deməyiblər, malı niyə qoyursan pambıq kollarını yesin? Sədr gəlib söylənir: Müəllim, sənə diplom verənə nə deyim, bəs bilmirsən ki, malı taxıla buraxmaq olmaz?

Bir sözlə, it günündəyəm. Mallar davaya durub, məndən yonca, taxıl, pambıq istəyir. Axır ki, naxırı öynə vaxtı arxın başına, söyüdün altına toplaya bildim. Buna malın  kölgələnmək vaxtı deyirlər. Məsələn, saat 13-dən 15-ə kimi. Mallar dincəlir, camışlar suya girir, bir sözlə, adam kimi istirahət edirlər.

Gələk özümün istirahətimə. Ayaqqabımın dabanları yox. Köynəyimin düymələrinin ikisi sınıb. Əl ağacım ortadan qırılıb. Özümə termosda çay gətirmişdim, o da ürəyim kimi çiliklənib tökülüb içinə. Bir sözlə, elə bil müharibədən çıxmışam, şil-küt olmuşam.

Bir az keçmişdi ki, yenidən naxır pambıq sahəsinə doldu. Gücüm çatmırdı sahədən çıxarmağa. Kim köməyə gəlirdisə, məndən oxuyub-oxumadığımı, diplom alıb-almadığımı soruşurdu. Hamı günahı diplomda görürdü. Deyirdilər, bu səhvi savadsız adam da eləməz, o ki qala, ali təhsilli, diplomlu müəllim ola.

 

Qayıdıb oturdum arxın başında, başladım doyunca özümü ağlamağa. Anam kimi ağladım...

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: