Son vaxtlar diplomatiya dilini öyrənmişəm. Dünya siyasətçilərinin Azərbaycanla bağlı müsahibələrinə baxdım və onlardan nə cür danışmağı öyrəndim. Ola bilsin ki, kimsə danışığımı anlamasın, ancaq bu dil mənə imkan verir ki, başımı dinc saxlayım. Düzdür, bu dil erməni budaq cümlələrindən ibarətdir və əvvəli ilə axırı bilinmir, ancaq necə də gözəldir.
Məsələn, o gün qonşuda dava düşmüşdü. Ər və arvad səhərəcən dava etdilər, arada qabların, mebellərin sınmasını da eşitdim. Heç kim vasitəçilik missiyasını yerinə yetirərək sülh çağırışları ilə çıxış etmədi və beləcə dava-dalaş səhərə qədər davam etdi. Nəhayət, kimsə sahə müvəkkilinə zəng edib onu münaqişə bölgəsinə çağırdı. Sahə müvəkkili bizim də qapını döydü. Və soruşdu ki, “sizin bu insident barədə məlumatınız varmı?”. Elə bu vaxt ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı suala verdiyi cavab yadıma düşdü: “Biz bu barədə müfəssəl məlumata malik deyilik”. Sahə müvəkkili suallarını ardıcıl şəkildə dayanmadan verdi və mən axırda soyuqqanlı görkəm alaraq dedim: “Mən bu barədə müfəssəl məlumata malik deyiləm”. Sahə müvəkkili gözünü döydü və uzaqlaşdı. Amma hərdənbir arxaya dönüb təəccüblə baxırdı.
Yaxud, uşağın müəllimi valideynlər iclasında dedi ki, “sizin oğlunuz həndəsə dərsindən axsayır”. Müəllimə gözlədi ki, mən “bu barədə tədbir görərəm”, “onun dərsini verərəm” söyləyəcəyəm. Elə bu vaxt Əfqanıstanda dinc əhaliyə atəş açan amerikalı əsgərin hərəkətinə ABŞ-ın müdafiə nazirinin reaksiyası yadıma düşdü. Ayağa qalxdım, başımı qaldıraraq soyuqqqanlı görkəm aldım və bəyanat verdim: “Mən bundan təəssüf hissi keçirirəm”. Bu sözlərimi eşidən müəllimənin, düzdür, qan təzyiqi yüksəlsə də və ürək dərmanı axtarsa da, neyləmək olar, dözməlidir. Hamı buna dözməlidir. Axı, mən diplomatik dillə danışıram.
Diplomatik dil mənə hər sahədə kömək edir. İctimai nəqliyyatda, marketdə, tıxacda. Artıq bu dili dostlarıma da öyrətməyə başlamışam. Onlar həvəslə bunu öyrənir, ölənlərimə rəhmət oxuyurlar. Məsələn, onlardan birini Yol Patrul Xidmətinin əməkdaşı Sumqayıt yolunda saxlayıb. Və bildirib ki, “təhlükəsizlik kəmərindən istifadə etməmisiz”. Halbuki, istifadə edibmiş. Protokol tərtib edilib və dostuma uzadanda deyib ki, “Siz niyə əsəbləşmədiniz?”. Dostum da soyuqqanlı görkəm alıb və diplomat dilini işə salıb: “Mən bundan narahatlıq hissi keçirirəm. İnsident barədə lazımi orqanlara məlumat verilməsi istiqamətində səylər göstərəcəyəm”. Afərin, necə deyərlər mənim məktəbim. Vəssalam. Beləcə, ayrılıblar. Düzdür, Yol Patrul Xidmətinin əməkdaşı dostumun arxasınca təəccüblə baxıb, ancaq nə etmək olar, bizim kurslara yazılmalıdır, yaxud, diplomatların ölkəmizlə bağlı müsahibələrini oxumalıdır.
Mənim mühazirələrim davam edir. Kurslara yazılmaq lazımdır.
O gün Bakı məhəllələrindən birində iki nəfərin dalaşdığını gördüm. Və başladım bu dava-dalaşa maraqla baxmağa. Kənardan bir ağsaqqal çıxıb qışqırdı ki, “utanmırsan, bunları niyə ayırmırsan?”. Elə bu vaxt Dağlıq Qarabağ münaqişəsi üzrə amerikalı həmsədr Ceyms Uorlikin girovlarımızla bağlı suala verdiyi cavabı yadıma düşdü: “Yaralanma və ölüm hallarına gətirib çıxaran insidentlərin sayı tərəflərlə sülh axtarışları istiqamətindəki səylərimizə reqressdir”. Ağsaqqal “nə dedin?” deyə üstümə gəldi və təəccüblə gözlərini döydü. Hətta, dalaşanlar da dediklərimdən sonra bir-birinin yaxasından əl çəkdilər və gözlərini bərəltdilər. Mən isə dediyimi təkrarladım: “Yaralanma və ölüm hallarına gətirib çıxaran insidentlərin sayı tərəflərlə sülh axtarışları istiqamətindəki səylərimizdə reqressdir”. Onlar bu sözlərimdən sonra məhəllədəki daşın üstündə oturub başlarını əllərinin arasına alıb xeyli düşündülər. Sonra kəllələrini divara çırpsalar da, bir nəıticə hasil olmadı. Və sonda ağsaqqalın qışqırığı eşidildi: “Ə, get burdan. Ürəyim partlamamış get”. Mən də sakitcə yoluma davam etdim.
Yaxud, Sulutəpədə evlər söküləndə sakinlər məndən soruşdular ki, “bu məsələ necə tənzimlənməlidir?”. Mən də dedim ki, “münaqişə ərazi bütövlüyü çərcivəsində həllini tapmalıdır”. Bu sözlərimdən sonra elə bil qurbağa gölünə daş atıldı. Nə dediyimi anlamasalar da, özümü vəziyyətdən xilas etdim.
Diplomatiya dilinə görə qonşularım da məndən inciyib. Qoy, incisinlər, amma başım salamatdır, əlavə suallar vermirlər, heç nə barəsində məsləhətləşmirlər, xeyirə-şərə çağırmırlar. İki ay bundan əvvəl qonşum soruşdu ki, “levıy işıq çəksəm nəticəsi necə olar?”. Elə bu vaxt Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Ketrin Eştonun qondarma Dağlıq Qarabağda keçirilən prezident seçkilərinə münasibəti yadıma düşdü. Eşton belə demişdi: “Bu seçkilər münaqişənin sülh yolu ilə nizamlanması barədə danışıqların gedişində Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə zərər yetirməməlidir”. Bu sözlərdən sonra mən də qonşuma dedim: “Edəcyiniz bu hərəkət gələcək statusunuza zərər yetirməməlidir”. O da başını tutdu, gözlərini döydü və qışqırdı: “Get burdan. Ürəyim partlamamış get”. Mən də sakitcə getdim.
İndi mən bu dili yaymağa çalışıram. İlk vaxtlar adamların ürəyi partlayacaq, infarkt keçirənlər də olacaq, ancaq yaymaq lazımdır. Çünki, dünyanı qarışdıran elə bu zəhrimara qalmış dildir: diplomatiya dili. Erməni budaq dili. Və bu dil bizi öldürəcək.


