Hər kəsin cəmi ikicə babası və ikicə nənəsi ola bilir. Normasıdı. Amma hər uşaq həmin nənə və baba kəlməsini deyəndə sevincək olmur. Və hər nənə və baba nəvəsini təpəsinə mindirmir, nazı ilə oynamır, nəvəsi üçün, oğlu, qızı, gəlini, kürəkəni ilə küs düşmür. Hərənin olanından... Nənə, baba şirinliyini dada bilməmək də şanssızlıqdır.
Babalarımdan biri çox zəhmli idi. Meyvə ağaclarını bizdən çox istəyirdi. Elə ki, darvazadan çölə çıxdı, nənəm babamın “dostu” iti tez bağlayar, bizi bağçaya salardı. “Di gedin, nə edirsiz edin, ağacları qırmayın, amandı” deyərdi, rəhmətlik nənəm. O dünya malının faniliyinə o qədər inanardı, hər dəfə də babama “belin qırılmasın, ağacları o dünyaya aparmayacaqsan ki”,-deyə hirslənərdi. Biz də bağda hava qaralana, babamın traktorunun səsi eşidilənə qədər kef çəkərdik. Nənəm dürməyimizi də ora gətirərdi, boyumuza sevinərdi, arada bizimlə babamın qeybətin edərdi. Biz də gülüşərdik. Nənəmlə bu sirrimizi qoruyardıq. O zaman belə düşünərdim. İndi boylanıb o günlərə baxanda yaxşı başa düşürəm ki, babam əslində bizi sevirmiş, sirrimizdən də xəbərdar idi. Sadəcə yalnız yay tətilimizdə kəndə gəldiyimizdən bizi küsdürmək istəmirmiş. Sonralar başa düşdüm ki, onun da xasiyyəti də beləymiş. Heç nənəm ona bizə kobud bir söz deməyə imkan verməzdi. Bizim üstümüzdə çox söz-söhbətlərini eşitmişdik. Biz də yaman nadinc idik. Kişinin zəhmi o qədər böyük idi ki, desəm ki, uşaqlığımda və ölümünə qədər ona neçə dəfə baba deməyimi xatırlamıram, bəlkə də inanmazsız. Bir dəfə mal-qara üçün o taydan “yarıtmaz” armud ağacının qol-qanadını kəsib gətirmişdi. Biz də həmin armuda necə hücum çəkdiksə, kişi o gün öz bağından kal da olsa xeyli alma, armud yığıb stola qoydu. O, əsla simic deyildi. Sadəcə ağacın barının vaxtında yeyilməsini istəyirdi. Bir də ağaca dırmaşıb yıxılmağımızdan qorxurdu. Biz bütün qış kənddən babamın bağından gələn meyvələrdən sovqatla kifayətlənirdik. Özü də heç meyvəyeyən deyildi. Ürəyigenişliyi, mərdliyi ilə qonşu kəndlərdə də hörməti vardı. Bəli, mənim babam da özü üçün bir əfsanəydi. Hətta ona sərt görünüşünə görə “Cahandar ağa” deyirdilər, nəhəng aktyorumuz Ələsgər Ələkbərova da bənzərliyi vardı. İricüssəli qaməti, şələ kimi bığları, qabarlı əlləri olan babam o zaman kolxozun əməkdar işçisi kimi hədiyyələrlə yanaşı, Avropaya səyahətə də göndərilmişdi.
Babam erməninin düşməni idi. Bu nifrət qarşılıqlı idi. Erməniyə nifrət o tərəfə qalsın, ədalətsizliyi götürmürdü. O zaman (söhbət 1960-80-ci illərdən gedir) dəfələrlə erməninin kəndin naxırından, sürüsündən oğurluq etdiyini aşkar eləmişdi. Kişi erməninin canındakına bələd idi. Sovetin “xalqlar dostluğu” tezisi, həmrəyliyi onun özü dediyi kimi başına girmirdi.
Oturub durub, onlara olan nifrət, qərəzini gizlətmirdi. Hər addımda ətrafına “bu köpək uşağından ehtiyatlı olun” deyirdi. Hətta bir dəfə erməninin qulağını kəsmək istəyəndə “qurban”ı əlindən almışdılar. Həmişə “ermənin qulağı yaxşı eşidir, nə çirkin işi varsa, hər yerdə qulağı olmağındandı”, sözlərini təkrarlayardı. Elə torpaqlarını işğal edən erməniyə görə Bakıya köçəndə də, onu ən çox bu yandırmışdı. Kənddən son çıxan adam kimi elə hey,“kaş bircəcəyinin qulağını kəsərdim”, deyirdi. Və babam həmin cüssəlli, nər kişi şəhərə gəlişindən qısa müddət sonra dözə bilmədi, rəhmətə getdi.
Sonuncu dəfə Novruz bayramında babam bizə olan o nəhəng, gizli sevgisini bənövşə buketi ilə bəyan etdi. O bənövşə bizə bütün “qadağalarını”, ürəkdən “baba” demək qorxumuzu unutdurdu. Bəlkə də babam vaxtiylə biz sındıracağıq deyə, qıymadığı ağaclarını erməniyə təhvil verdiyi üçün özünü
bağışlaya bilmirdi. İşğaldan sonra dəfələrlə kəndinə getmək istədi. Qoymadıq. Babamın xasiyyətini tənqid edən nənəm belə onun önünü kəsdi.
Bizim babamız - cinar ağacı idi. Xan Çinarı.//Qafqazinfo


