Həmişə bir sualın cavabını axtarıram. Zaurun, Elgizin verilişlərinə gələn imkansızlıqdan şikayət edənlər içərisində dodağı şişirdilmiş, yanağı doldurulmuş, qaşı tatulu xanımlar da olur. Bu qadınlar pul üçün yazıq obrazı yaradanda özlərinə heç güzgüdə baxmırlarmı? O qədər saxta, gülünc görünürlər ki? Hələ onlar arasında ağbirçəklər də olur. Misal üçün, Xocalı faciəsinin ildönümü günü kanalların birində faciə şahidlərindən bir yaşlı qadının eybəcər tatu edilmiş qaşlarını görəndə məəttəl qaldım. İş onda idi ki, onun qaşını necə yuxarı “montaj” etmişdilərsə, qadın hadisə haqqında danışanda ürəkdən ağlaya da bilmirdi. Ağbirçəyim, başqaların sözü ilə özünü o görkəmə salmağın bu qədərmi vacib idi, niyə aldanmısan?
Şəhər standart baş, eyni sifətli xanımlarla doludur. Nə məsələdirsə, son illər 45-60 yaşlı qadınlar arasında bəzənmək uğrunda güclü rəqabət gedir. Gənc qadınlar heç salonları bu qədər zəbt etmirlər. Şəhərin hər addımbaşında qadın salonu var, gün ərzində həmin salonlara göz gəzdirsəz, əksəriyyətində dediyim yaş qrupu var. Bəli, xanımların tək əlamətdar günlərdə deyil, həm də adi günlərdə baxımlı olması gərəkdir. Misal üçün, tanıdığım bir neçə qadın olub ki, toyda özünə əl gəzdirdiyindən heç tanımamışam. Çünki bəziləri üçün toy, şadlıq yoxdusa, başa daraq çəkməmək ənənəsi davam edir.
“Qadından yaş soruşmazlar” fikri sevmədiyim deyimlərdəndir. Əgər xanım artıq xala yaşındadırsa, ona cavan qız kimi davranılması da gülməli olar. Necə ki, illər əvvəl iki uşaq anası olan qonşumuza “xala” dediyim üçün həmin qadın anamla dalaşmışdı, mənə də bu “səhv”ə görə az qala sillə vurmuşdu. Deyirdi, mənə adımı deyin. Nə bilim, hərədə bir cür çatışmazlıq ola bilər. Amma bu gün ağbirçək yaşlı qadınların yanaq, dodaq doldurmasına heç bir məna verə bilmirəm. 50-dən sonra bu “təmir işi”nin nə işə yarayacağını özləri də bilmirlər. Naşı əldən çıxanlara isə lap yazığım gəlir, qohum -əqrabası da onu tanımır. Qırışları açdırmaq kimi prosedurlara haqq qazandırmaq olar, amma dodağı biədəb görkəmə gətirməklə iyrənc görüntü alınır çoxunda.
Bu yaxında tanınmış bir plastik cərrahımız dedi ki, 50 yaşdan yuxarı əməliyyata gələn xanımların çoxu həyat yoldaşının xəyanətindən şübhələnir. “Ələyi ələnmiş” yaşdan sonra şişmiş dodaq, yanaq ailə həyatını qurtaracaq, xəyanətə qalib gələcəkmi? İş orasındadır ki, həmin xanımların çoxu təkcə xarici görkəmi deyil, qadın orqanını da abıra salır. Və bunu edənlər normal ailənin qadınları, ziyalılardır. Misal üçün, qır-qızıl içində batan yaşlı həkim qadınlar arasındakı rəqabət maraq doğurur. Hamısı cavan görünmək istəyir, təzədən diqqət cəlb etməyə çalışır. Elin ağbirçəyi havalanıb, deyəsən....//Qafqazinfo


