banner
banner

İqtİsadİyyat

Gürcüstandan idxal qadağası:qoyun əti bahalaşacaq

Gürcüstandan idxal qadağası:qoyun əti bahalaşacaq

Ötən il qonşu ölkədən Azərbaycana 19,5 milyon dollar dəyərində 35 340 baş diri iribuynuzlu heyvan, 16,4 milyon dollar dəyərində 218 191baş diri qoyunlar idxal olunub

Azərbaycanın diri qoyun idxalında 90 faizdən yuxarı paya malik Gürcüstandan bu heyvanların idxalına qadağa qoyulub. Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata görə, Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanların taunu xəstəliyinin qeydə alınmasını nəzərə alaraq, Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux rayonlarının ərazilərində xəstəliyə həssas ev və vəhşi xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib.

Cari ilin 13-29 mart tarixlərində keçirilmiş monitorinqlər zamanı sözügedən sərhədyanı rayonlara aid təsadüfi seçim üsulu ilə təyin edilmiş 65 yaşayış məntəqəsində mövcud olan 195 fərdi və ya fermer təsərrüfatlarında 6-12 aylıq xırdabuynuzlu heyvanlardan 845 diaqnostik nümunələr götürülüb, eyni zamanda ev heyvanları ilə yanaşı, rayonlardakı təbiət ərazilərində vəhşi heyvanlar arasında da klinik müşahidələr aparılıb.

Götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında və Göygöl Regional Sınaq Laboratoriyasında müayinə edilib. Laborator müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində xəstəliyin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan heyvana rast gəlinməyib. Nümunələr xırdabuynuzlu heyvanların çiçək xəstəliyinə görə də laborator müayinələrə cəlb olunub və yoluxmaya şübhəli hal rast gəlinməyib.

Əlavə olaraq bildirilib ki, xırdabuynuzlu heyvanların Gürcüstan ərazisindən Azərbaycan Respublikasına idxalına, habelə Azərbaycan Respublikasının ərazisindən keçməklə tranzit daşınmasına Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Qeyd edək ki, son illərdə Azərbaycanda mal-qara və qoyunların sayında sürətli azalma gedir: otlaq-örüş yerləri əkin altına salındığına görə heyvandarlıqla məşğul olan təsərrüfatlar baş sayını kəskin azaldırlar. Azərbaycan hökuməti bu prosesi cins olmayan heyvanların cins heyvanlarla əvəzlənməsi kimi əsaslandırır. Hökumət rəsmiləri fərdi və xırda təsərrüfatların iri və intensiv fermalarla əvəzlənməsini təşviq etdiklərini bildirirlər. Lakin son 8 ildir davam edən bu proses hələ də ölkənin ətə olan tələbatını tam təmin etməyə imkan yaratmayıb. Ölkə üzrə cins heyvan sayı 2023-cü ilin sonuna cəmi 35 min baş olub ki, bu da ətə olan daxili tələbatı təmin etmək üçün yetərli deyil. Rəsmi statistikaya görə, ölkə üzrə illik adambaşına ət və ət məhsulları istehlakı 42 kiloqrama yaxınlaşır. Bu istehlakın tərkibində ən yüksək paya 16 kq ilə mal əti sahibdir. Qoyun və keçi əti istehlakı adambaşına 9 kq, quş əti istehlakı isə 15,4 kq civarındadır. Hökumət bu istehlakın 84,5 faizinin daxili istehsal hesabına təmin olunduğunu deyir. Lakin bu daxili istehsalın xeyli hissəsinin arxasında xaricdən idxal olunaraq bir neçə aylıq bəslənmədən sonra kəsimə verilən diri heyvanlar dayanır. 

Rəsmi statistikadan aydın olur ki, ölkədə qoyun-keçilərin sayı 2020-ci ildəki 8,2 milyon başdan 2024-cü il yanvarın 1-nə 7,1 milyon başa düşüb. İnək-camışların sayı isə bu müddətdə 1,3 milyon başdan 1,2 milyon başa qədər azalıb. 

Mal-qara sayının azalması mal əti idxalının da artımı ilə müşayiət olunur. Belə ki, gömrük statistikasına əsasən 2023-cü ildə Azərbaycana 8168,58 ton iribuynuzlu heyvan əti idxal edilib. Halbuki 2022-ci ildə bu rəqəm cəmi 4708,52 ton olmuşdu.

Cari ilin ilk 3 ayında isə Azərbaycana statistik dəyəri 25 milyon 380.11 min ABŞ dolları olan 11 630.88 ton ət idxal olunub. Dövlət Gömrük Komitəsinin (DGK) rüblük hesabatına əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə ət idxalında 2.3 faiz artım qeydə alınıb.

Azərbaycana ötən il ərzində rekord sayda diri qoyun idxal olunub: 25 milyon 102,97 min dollar dəyərində 320 543 baş. 2022-ci il ərzində bu idxal 15 milyon 901,2 min dollar dəyərlə 194 562 baş olmuşdu. Diri iribuynuzlu mal-qaranın idxalı isə 2022-ci ildəki 41 997 başdan ötən il 86 520 başa çatıb. 

Bu ilin iki ayında isə ölkəyə diri qoyun idxalı cəmi 170 baş, diri iribuynuzlu mal-qara idxalı 6021 baş təşkil edib. Ötən ilin eyni dövründə diri qoyun idxalı 10 706 baş, diri iribuynuzlu mal-qara idxalı isə 4628 baş təşkil etmişdi. Göründüyü kimi, diri qoyun idxalı 98,4 faiz azalıb. Diri qoyun idxalının əsasən Gürcüstandan reallaşdığını nəzərə alsaq, belə görünür ki, qonşu ölkədən bu heyvanın idxalı ilin əvvəlindən qadağan olunub.2023-cü ildə Gürcüstandan Azərbaycana 19,5 milyon dollar dəyərində 35 340 baş diri iribuynuzlu heyvan, 16,4 milyon dollar dəyərində 218 191 baş diri qoyunlar idxal olunub.

Gürcüstan Statistika Xidmətinin məlumatına görə, 2023-cü ildə Gürcüstandan diri qoyun və keçilərin ixracı 2022-ci illə müqayisədə iki dəfə artıb. İl ərzində Gürcüstandan 44,1 milyon dollar dəyərində qoyun və keçi ixrac edili, halbuki 2022-ci ildə bu rəqəm 22,1 milyon dollar olub. Gürcüstan Qoyunçuluq Assosiasiyasının rəhbərinin sözlərinə görə, 2023-cü ildə gürcü diri qoyunları Azərbaycan və İraqa ixrac edilib. Onun sözlərinə görə, reallıqda Gürcüstanın o qədər qoyun ixracı potensialı yoxdur: “Gürcüstandan 2023-cü ildə 400 min qoyun ixrac edilib, amma bizim qoyunlarımız heç vaxt 200-250 mindən çox olmayıb, bu isə o deməkdir ki, bundan yuxarı hər şey reeksportdur, yəqin Rusiyadandır”. 

Azərbaycan statistikasına baxsaq, ötən il ərzində Gürcüstandan 218 min başdan yuxarı diri qoyun idxal olunduğu görünür. Bu rəqəmlərdən belə nəticəyə gəlmək olar ki, qonşu ölkə özünün bütün qoyunlarının 90 faizindən çoxunu - ana-bala fərqi qoymadan bizə satıb. Amma reallıq budur ki, Gürcüstandan Azərbaycana əsasən ətlik üçün böyüdülən quzular gətirilir, burada bir neçə ay bəsləndikdən sonra kəsimə verilir. Eyni proses diri iribuynuzlu mal-qara ilə bağlı da baş verir. Azərbaycanlı iş adamları diri malı Gürcüstandan bir neçə aylıq yaşda alıb gətirir, burada 5-6 ay bəslədikdən sonra kəsimə verir. Gürcüstanın rəsmi statistikasına əsasən, 2023-cü ildə cəmi iki ölkəyə diri iribuynuzlu heyvan ixrac olunub: İraqa 59,6 milyon dollarlıq, Azərbaycana isə 19,2 milyon dollarlıq. Yenə də sahə mütəxəssisləri bildirirlər ki, ixracın artımında mühüm pay Rusiyadan reixraca malikdir.

Gürcüstandan diri qoyun idxalının dayandırılması Azərbaycanda ilk növbədə qoyun ətinin qiymətində bahalaşmaya səbəb ola bilər. Belə ki, Rusiyadan qoyunun 1 başı 82 dollara, Gürcüstandan isə 75 dollara idxal olunur.  Gürcüstandan idxalın tam dayanması ağırlığın Rusiyaya salınmasına, bu isə qiymətin bahalaşmasına yol açacaq. Azərbaycanda fürsətcil sahibkarların qiymət fərqini əhalidən çıxaracağı isə şübhəsizdir. Çünki 2022-ci illə müqayisədə idxal olunan diri qoyun və mal-qaranın qiymətində 30 faizdən yuxarı ucuzlaşma olsa da, Azərbaycanda həm mal, həm də qoyun ətinin qiyməti bahalaşmağa davam edir. Həmçinin BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamaları göstərir ki, dünya bazarında qoyun ətinin qiyməti 8-ci aydır ucuzlaşır. Lakin bu ucuzlaşmanın da Azərbaycan bazarına hər hansı təsirini görmürük.Onu da bildirək ki, diri mal və qoyunun idxalını bir neçə böyük şirkət həyata keçirir. Məhz ölkədə mal-qaranın, qoyunların sayının kəskin azalması fonunda ət istehsalında həmin şirkətlərdən asılılıq yarandıqdan sonra bazarda mal və qoyun ətinin qiymətində kəskin artımlar qeydə alınıb. Hökumət isə yerli istehsalı da iri təsərrüfatların əlində cəmləməyə çalışır. Bu isə o deməkdir ki, hər iki istiqamətdə dərinləşən inhisarlaşma Azərbaycanda ət qiymətlərinin digər ərzaq məhsulları kimi inhisarların maraqları baxımından müəyyənləşməsinə gətirib çıxaracaq. 

Hələlik rəsmi statistika ət istehsalında artım olduğunu deyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında quş əti də daxil olmaqla diri çəkidə 139,2 min ton ət istehsal olunub ki, bu da 2023-cü ilin müvafiq dövrünə nisbətən cüzi də olsa -  0,6 faiz artım deməkdir. İlk 3 ayda quş ətinin istehsalında azalma qeydə alınıb. Belə ki, cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 23,5 min ton (keçən il 19,8 min ton) quş ətin istehsal olunub. Bu isə illik ifadədə 11,1 faiz azalma deməkdir. 

İlk iki ayda diri qoyun idxalının sıfırlanması bir neçə aydan sonra Azərbaycanda qoyun əti təminatında çətinliklərin yaranmasına gətirib çıxara bilər. Ötən il diri qoyun idxalı rekorda çatsa da, daxildə baş sayının azalması, idxalın davam etmədiyi şəraitdə yaxın aylarda ölkədə kəsimə veriləsi qoyun çatışmazlığına səbəb olacaq...

“Yeni Müsavat”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu tikinti materialları bahalaşacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsi Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrləri" ilə müəyyən edilir.

Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA

AQTA Gürcüstanda yetişdirilən qoyunlarda taun xəstəliyinin qeydə alındığını nəzərə alaraq, bu ölkədən xırdabuynuzlu heyvan idxalına məhdudiyyət qoyub.

Yeni qərar bazarı silkələdi: Azərbaycanda ət bahalaşacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına məhdudiyyət qoyub. Məhdudiyyətə səbəb Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanlarda taun xəstəliyinin qeydə alınmasıdır. Ötən il Azərbaycana 25 milyon 102 min dollar dəyərində 320 min 543 baş diri qoyun idxal edilib ki, bu da əvvəlki illə müqayisədə say baxımından 65% və ya 125.9 min baş, dəyər baxımından isə 58% və ya 9.2 milyon dollar çoxdur.