Avropa Çempionatı-2020-nin 1/8 final mərhələsi yaşanır. Bu mərhələdə İtaliya, Uels, Belçika, Danimarka, Niderland, Avstriya, İngiltərə, Xorvatiya, İsveç, İspaniya, Fransa, Almaniya milliləri qrupda ilk iki yeri tutmaqla, İsveçrə, Ukrayna, Çexiya və Portuqaliya yığmaları isə ən yaxşı 3-cü yerin sahibi kimi iştirak edirlər.
Bu arada bildirək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final mərhələsi görüşündə 1/8 final mərhələsinin Niderland - Çexiya və Danimarka - Uels cütlüklərinin qalibləri qarşılaşacaq.
Qardaş Türkiyə millisi hər kəsi üzüntüyə qərq edib evinə dönsə də, Azərbaycanda hazırda ən çox ümid dolu baxışlar Ukraynaya dikilib. Buna ən çox səbəb də, II Qarabağ savaşında bu ölkənin əvvəldən-axıra qədər yanımızda dayanmasıdır. Amma bununla yanaşı başqa ölkələrə azarkeşlik edənlər az deyil. Xüsusilə, Portuqaliya yığmasının ulduzu Kriştiano Ronaldoya görə bu ölkəyə baxanlar kifayət qədər çoxdur.

Tural Abbaslı: “Rəqib olmadan finala qədər hər iki ölkənin irəliləməsini çox istəyirəm”
AĞ Partiya başqanı Tural Abbaslının seçimi diqqət çəkir: “Bu məsələdə də Türkiyəni digər dövlətlərin heç biri ilə müqayisə etmirəm. Qardaş ölkə olmayanda çempionatlarda hər zaman Almaniyaya azarkeşlik etmişəm. Onların futbolunu çox bəyənirəm. Yəqin ki, indi də Almaniyaya baxacam. Amma Portuqaliyaya da baxacam. Bu da sırf Ronaldonun şəxsi keyfiyyətlərinə görə olacaq. Açığı, düşünmürəm ki, Ukrayna daha da irəli getsin. Təəssüf ki, gücləri yetərli deyil. İkinci dövlət desəniz, Ukraynanı deyə bilərik. Amma bir daha real olaraq deyim ki, Almaniya və Portuqaliyaya baxacam. Rəqib olmadan finala qədər hər iki ölkənin irəliləməsini çox istəyirəm. Finalda isə bu reallaşarsa, o zaman danışarıq”.

Əziz Əlibəyli: “Əvvəlcədən seçimimdə dostlarımız yox idi”
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli də çempionatı yaxından izləyir: “Türkiyə millisinin oyunu bizi çox məyus etdi, tarixinin ən yaxşı futbol nəsli inanılmaz imkanları ən pis formada xərclədi. Çempionatda Türkiyədən sonra şübhəsiz ki, Atillanın nəvələrinə - macarlara dəstək idim. İndi isə yaradıcı futbol oynayan və xüsusi texniki göstəriciləri olan iki yığmaya böyük bir zövqlə tamaşa edirəm. İngiltərə və Portuqaliya. Uduzmağını istədiyim iki əsas komanda isə Almaniya və Fransadır. Ukraynaya söz yox ki, simpatiya bəsləyirəm, amma sonu uğursuz bitəcək və finala çıxacaq komandam olmayacaq deyə əvvəlcədən seçimimdə dostlarımız yox idi”.

Natiq Muxtarlı: “Onlar Avropa çempionatının qalibi ola bilərlər”
İdman mütəxəssisi Natiq Muxtarlı bu ölkənin qalib olmaq imkanlarını yüksək görür: “Çox təəssüf ki, Türkiyə yığması ümidləri doğrultmadı. Əslində Türkiyə yığmasından ciddi uğur gözlənilməməli idi. Ancaq məsələ orasındadır ki, bu perspektivli komanda heç mübarizə də aparmadı. İnanaq ki, bu çempionat Türkiyə yığmasının üzvləri üçün unudulmaz dərs olacaq və növbəti böyük turnirlərdə artıq tam başqa komanda görəcəyik. Düzünü deyim ki, bu çempionatda təkcə Türkiyə yığmasına yox, həm də Ukraynaya azarkeşlik edirdim. Ukrayna futbolunun lap uşaqlıqdan vurğunuyam. Yəni bunun, Azərbaycanla Ukrayna arasındakı indiki münasibətlərinə dəxli yoxdur. Sovet vaxtı Kiyev ”Dinamo"sunu dəstəkləyirdim. Amma Ukrayna yığması da gözlədiyim oyunu sərgiləyə bilmir. 1/8 finalda isə atletik futbol oynayan İsveçlə qarşılaşacaqlar. Çətin olacaq, amma ümid edirəm ki, bu qarşılaşmada Ukrayna özünəxas oyunu göstərə biləcək. Bu komandanın potensialı böyükdür. Peşəkar aspektdən yanaşanda isə Belçika komandasının oyununu bəyənirəm. Düşünürəm ki, bu komanda böyük turnirlərdə qalib gəlmək üçün tam hazırdır. Sadəcə, Belçikanı düzgün kökləmək, motivasiya etmək lazımdır. Onlar arxayınlığa, məsuliyyətsizliyə yol verməsələr, Avropa çempionatının qalibi ola bilərlər".

Kənan Məstəliyev: “Slava Ukraine” və “Forza İtalia!”
Rekord.az saytının baş redaktoru Kənan Məstəliyevin isə seçimi bu ölkələrdən yanadır: “Mən İtaliya və Ukrayna yığmalarına azarkeşlik edəcəyəm. Ukraynanın səbəbi məlumdur: bu ölkə bizə hər mənada yaxın, həmişə dəstək olan, dost və qardaş ölkədir. Klub olaraq ”Yuventus" azarkeşi olduğumdan, özümdən asılı olaraq İtaliyanı dəstəkləyirəm. Həm də italyanlara bəzən “Avropanın azərbaycanlıları” da deyirlər - xarakter yaxınlığına görə. Orada bir neçə dəfə olmuşam və bunu öz gözümlə də görüb şahidlik etmişəm. Ona görə də “Slava Ukraine” və “Forza İtalia!”


