Avqustun 26-da Topaz Premyer Liqasının üçüncü turunun növbəti oyununda turnir cədvəlinin son pillələrində qərarlaşan “Keşlə” və “Səbail” komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, “ASK Arena”da keçirilmiş oyun “Səbail”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Ömər Paşayevin idarə etdiyi görüşün 31-ci və 49-cu dəqiqələrində “Səbail”in hücumçusu Kevin Kubemba rəqib qapısına iki top vurub. Meydan sahibləri vurulan toplardan birinin əvəzini 76-cı dəqiqədə çıxa biliblər. Nikola Mitroviç 11 metrlik cərimə zərbəsi ilə hesab arasındakı fərqi azaldıb.
Turun bu gün keçiriləcək sonuncu oyununda əzəli rəqiblər – “Qarabağ” və “Neftçi” üz-üzə gələcək. “Azersun Arena”da keçiriləcək görüşə saat 20:30-da start veriləcək. Oyun CBS sport kanalında canlı yayımlanacaq.
“Neftçi” ilk iki turda qələbə qazanaraq 6 xalla turnir cədvəlində liderlik edir. “Səbail”i 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın hesabında isə üç xal var. Xatırladaq ki, Ağdam təmsilçisinin “Zirə” ilə ilk turdakı matçı Avroliqadakı oyunu ilə bağlı təxirə salınıb.


